Bu gün Türk dünyasında inteqrasiya əsasən iqtisadiyyat, enerji və nəqliyyat sahələri üzərindən müzakirə olunsa da, gələcəyin əsas birləşdirici gücü məhz rəqəmsal texnologiyalar və ortaq təhsil platformaları olacaq. Çünki rəqəmsal dövrdə inteqrasiya yalnız coğrafi yaxınlıqla deyil, ortaq informasiya məkanı, ortaq data infrastrukturu və vahid insan kapitalı sistemi ilə formalaşır. Məhz bu kontekstdə azərbaycanlı alim, ADPU-nin dosenti İlham Əhmədovun türkdilli ölkələrin rəqəmsal inteqrasiyası ilə bağlı düşüncə və təklifləri diqqət çəkir. Onun fikrincə, ortaq rəqəmsal təhsil məkanı, süni intellekt əsaslı platformalar, vahid akademik sistem və inteqrasiya olunmuş insan kapitalı modeli Türk dünyasının strateji gələcəyini müəyyən edə bilər. Təqdim etdiyimiz məqalədə müəllifin bu istiqamətdə irəli sürdüyü konseptual yanaşmalar və təkliflər yer alır.
33 il əvvəl amerikalı siyasi alim Samuel P. Huntington dünyanın gələcəyini “sivilizasiyaların toqquşması” prizmasından izah etməyə çalışırdı. O zaman bu fikir bir çoxları üçün nəzəri spekulyasiya kimi görünürdü. Bu gün isə müharibələr, informasiya savaşları, texnoloji bloklaşma və süni intellekt yarışları göstərir ki, dünya artıq başqa bir mərhələyə daxil olub. Amma əsas məsələ budur: toqquşan artıq yalnız dinlər, mədəniyyətlər və ideologiyalar deyil — toqquşan rəqəmsal sistemlərdir.
XX əsrdə dövlətlərin gücü tank, ordu və neftlə ölçülürdüsə, XXI əsrdə bu ölçü data, platforma və alqoritmlərlə müəyyən olunur. Müasir dünyanın yeni imperiyaları artıq xəritələr üzərində deyil, serverlər və platformalar üzərində qurulur. Ən böyük sərhədlər də fiziki deyil, rəqəmsaldır.
Bugünkü dünya əslində üç böyük rəqəmsal sivilizasiyaya bölünüb.
Birinci model ABŞ mərkəzli platforma kapitalizmidir. Bu sistemdə texnologiya bazarın və korporasiyaların əlində cəmlənir. Google, Apple, Microsoft kimi şirkətlər artıq sadəcə texnologiya şirkəti deyil, qlobal davranış mühəndisliyinin əsas aktorlarıdır. Burada insan “vətəndaş”dan daha çox “istifadəçi”dir. Onun davranışı izlənilir, seçimləri analiz edilir, diqqəti isə iqtisadi resursa çevrilir. Bu modelin əsas kapitalı neft yox, məlumatdır.
İkinci model Çin rəqəmsal dövlət modelidir. Burada texnologiya bazardan daha çox dövlətin nəzarətindədir. Huawei, Alibaba Group, Tencent kimi nəhəng platformalar dövlət strategiyasının bir hissəsi kimi fəaliyyət göstərir. Çin modeli süni intellekti iqtisadi alətdən çox idarəetmə mexanizmi kimi görür. Sosial kredit sistemi, rəqəmsal müşahidə və davranış nəzarəti bu modelin əsas xüsusiyyətləridir. Burada insan azad istifadəçidən çox “idarə olunan rəqəmsal subyekt”dir.
Üçüncü model isə Avropanın normativ-rəqəmsal modelidir. Bu sistem texnologiyanın sürətindən daha çox etik sərhədlərinə diqqət yetirir. GDPR kimi hüquqi mexanizmlər fərdin rəqəmsal hüquqlarını qorumağa çalışır. Avropa texnologiyanı yalnız iqtisadi qüvvə deyil, hüquqi və etik məsuliyyət sahəsi kimi təqdim edir. Bu modeldə insan “data mənbəyi” yox, “rəqəmsal hüquq sahibi” kimi qəbul edilir.
Əslində yeni dünya müharibələri artıq görünməz şəkildə başlayıb. Bu müharibələr tanklarla deyil, alqoritmlərlə aparılır. Dövlətlər artıq torpaq uğrunda deyil, data uğrunda rəqabət aparırlar. “Kim daha çox məlumata sahibdir?” sualı “kim daha güclüdür?” sualına çevrilib.
Bu günün əsas qarşıdurma xətləri də dəyişib.
Birincisi, data suverenliyi məsələsidir. Dövlətlər artıq öz rəqəmsal sərhədlərini yaratmağa çalışırlar. Məlumatın ölkə daxilində saxlanılması, milli serverlərin qurulması və xarici platformalara nəzarət bunun göstəricisidir.
İkincisi, süni intellekt hegemonluğudur. Çünki gələcəyin ideoloji gücü artıq televiziya və qəzetlərdə deyil, dil modellərində formalaşır. Hansı süni intellekt hansı məlumatı təqdim edir, hansı dili öyrənir, hansı dəyərləri normaya çevirir — bunlar artıq geosiyasi məsələdir.
Üçüncüsü, platforma müharibələridir. App ekosistemləri, rəqəmsal bazarlar və tətbiq mağazaları yeni iqtisadi koloniyalara çevrilib. İstifadəçi hansı platformaya daxil olursa, onun davranış modeli də həmin sistem tərəfindən formalaşdırılır.
Dördüncü istiqamət isə kiber təhlükəsizlikdir. Müasir dövlətlər bir-birinə artıq yalnız silahla deyil, kiberhücumlarla zərbə vururlar. Elektrik şəbəkələrinin sıradan çıxarılması, bank sistemlərinin iflic edilməsi, informasiya manipulyasiyası yeni dövrün “səssiz müharibə” formasıdır.
Ən böyük dəyişiklik isə mədəniyyətin kodlaşdırılmasıdır. Keçmişdə sivilizasiyalar din, dil və ənənə üzərində qurulurdu. İndi isə bu elementlər alqoritm, proqramlaşdırma dili və platforma qaydalarına çevrilir. Bir vaxtlar mədəniyyət kitablarla ötürülürdüsə, indi tətbiqlərlə ötürülür. İnsanların dünyagörüşünü artıq müəllimlərdən çox tövsiyə sistemləri formalaşdırır.
Samuel Huntingtonun nəzəriyyəsi XXI əsrdə yeni forma alıb. Sivilizasiyalar yenə toqquşur, amma bu dəfə məbədlərdə və sərhədlərdə deyil, serverlərdə və rəqəmsal platformalarda. Gələcəyin əsas sualı da budur: insan texnologiyanı idarə edəcək, yoxsa texnologiya insanı?
Artıq insanın dünyagörüşünü məktəb yox, platforma alqoritmləri formalaşdırır.
XXI əsrdə dünya yeni güc anlayışı ilə qarşı-qarşıyadır. Bir vaxtlar dövlətlərin qüdrəti onların ordusunun böyüklüyü, sahib olduqları enerji resursları və ya geniş əraziləri ilə ölçülürdü. Bu gün isə geosiyasi üstünlüyün əsas meyarı dəyişib. Yeni dövrün ən böyük sərvəti artıq neft deyil — məlumatdır. Güc anlayışı data, hesablama infrastrukturu, süni intellekt və alqoritmik təsir imkanları üzərində qurulur.
Müasir dünyada “kim daha çox torpağa sahibdir?” sualı getdikcə əhəmiyyətini itirir. Onun yerini “kim daha çox məlumatı idarə edir?”, “kim daha güclü süni intellekt sistemlərinə malikdir?” sualları tutur. Çünki informasiya axınını idarə edənlər təkcə iqtisadiyyata deyil, insan düşüncəsinə də təsir edə bilir.Bu reallıq Azərbaycan və ümumilikdə Türk dünyası üçün də yeni strateji suallar yaradır. Əsas məsələ budur: biz qlobal rəqəmsal sistemlərin sadəcə istifadəçisi olacağıq, yoxsa öz rəqəmsal modelimizi quracağıq? Çünki texnologiyada tam asılılıq yalnız iqtisadi deyil, mədəni və siyasi risklər də yaradır.
Bu risklərin ən təhlükəlilərindən biri “data kolonializmi”dir. Əgər keçmişdə imperiyalar xalqların torpaqlarını və təbii sərvətlərini nəzarətə götürürdüsə, indi böyük texnoloji platformalar xalqların məlumatlarını idarə edir. İnsanların davranışları, seçimləri, düşüncə istiqamətləri rəqəmsal sistemlər vasitəsilə analiz olunur və yönləndirilir. Belə bir şəraitdə dilini, mədəniyyətini və rəqəmsal müstəqilliyini qoruya bilməyən toplumlar zamanla alqoritmik görünməzliyə məhkum ola bilər.
Xüsusilə kiçik dillər üçün bu təhlükə daha ciddidir. Əgər bir dil süni intellekt sistemlərində kifayət qədər təmsil olunmursa, həmin dil gələcəyin rəqəmsal məkanında passivləşir. Bu isə təkcə texnoloji məsələ deyil, həm də mədəni təhlükəsizlik problemidir. Çünki gələcəyin dünyasında görünməyən dil zamanla eşidilməyən mədəniyyətə çevrilə bilər. Ancaq bu proses yalnız risklər yaratmır. Türk dünyası üçün yeni imkanlar da formalaşdırır. Ortaq rəqəmsal platformaların yaradılması, türk dillərində lokal süni intellekt modellərinin hazırlanması, vahid rəqəmsal təhsil ekosisteminin qurulması gələcəyin əsas strateji istiqamətlərindən biri ola bilər. Əgər XX əsrdə ortaq əlifba və ortaq mədəniyyət ideyası müzakirə olunurdusa, XXI əsrdə ortaq rəqəmsal məkan ideyası aktuallaşır.
Bu gün dünyada baş verən əsas rəqabət artıq klassik sivilizasiyalar arasında deyil. Əsas mübarizə platformalar arasındadır. İnsanların gündəlik həyatı hansı tətbiqlərlə formalaşırsa, onların düşüncə tərzi də həmin sistemlərin təsiri altında dəyişir. Bu mənada alqoritmlər artıq sadəcə texnoloji vasitə deyil, yeni ideoloji mexanizmdir.
Samuel Huntingtonun “Sivilizasiyaların toqquşması” tezisi də yeni dövrdə fərqli məna qazanır. Artıq qarşıdurma “Qərb və Şərq”, “İslam və Qərb” xəttində deyil. Müasir dünyanın əsas dilemması “açıq sistemlər” və “nəzarətli sistemlər” arasındadır. Başqa sözlə, əsas məsələ texnologiyanın insanı azad edib-etməməsidir. Bir tərəfdə insan yaradıcılığını, fərdi azadlığı və açıq informasiyanı dəstəkləyən rəqəmsal sistemlər dayanır. Digər tərəfdə isə insan davranışını izləyən, yönləndirən və idarə edən nəzarət mexanizmləri.
Yeni dövrün əsas savaş meydanı artıq fiziki sərhədlər deyil, insan şüurudur. Bu savaşda qalib gələnlər daha çox əraziyə sahib olanlar yox, daha çox intellektual potensiala malik olanlar olacaq. Çünki rəqəmsal əsrdə əsas strateji resurs insan kapitalıdır — düşünən beyin, yaradıcı təfəkkür və elmi bilik.
Gələcəyin güclü dövlətləri böyük ordular quranlar deyil, böyük ideyalar yaradanlar olacaq.
TÜRK DÜNYASININ RƏQƏMSAL SİVİLİZASİYA MODELİ
XXI əsr dünya tarixində yeni geosiyasi transformasiya mərhələsi kimi xarakterizə olunur. Əgər əvvəlki əsrlərdə dövlətlərin gücü ordu, ərazi və enerji resursları ilə ölçülürdüsə, bu gün həmin anlayış köklü şəkildə dəyişir. Müasir dünyanın əsas strateji kapitalı artıq data, hesablama gücü və süni intellektdir. Başqa sözlə, gələcəyin dünya nizamını torpaq deyil, kod və alqoritm müəyyən edir. Bu proses fonunda Türk dünyası da mühüm tarixi seçim qarşısındadır. Sual artıq yalnız siyasi və iqtisadi inteqrasiyada deyil. Əsas məsələ budur: Türk dünyası qlobal rəqəmsal sistemlərin sadəcə istifadəçisi olacaq, yoxsa öz rəqəmsal sivilizasiya modelini formalaşdıracaq?
Bu gün “Türk Dünyasının Rəqəmsal Sivilizasiya Modeli” ideyası təkcə texnoloji layihə deyil, yeni geosiyasi və mədəni konsepsiya kimi aktuallaşır. Bu model texnoloji suverenlik, mədəni davamlılıq və iqtisadi inteqrasiya prinsipləri üzərində qurula bilər. Əslində bu, Samuel P. Huntington tərəfindən irəli sürülən “sivilizasiyalar” anlayışının rəqəmsal mərhələyə transformasiyasıdır.
Türk dünyasının rəqəmsal modeli üçün əsas fəlsəfi baza məşhur “Dildə bir, düşüncədə bir, əməldə bir” prinsipinin yeni texnoloji interpretasiyası ola bilər. Müasir dövrdə bu düstur artıq belə səslənir: Dil + Data + Düşüncə = Rəqəmsal sivilizasiya
Bu modeldə dil yalnız kommunikasiya vasitəsi deyil, identiklik məsələsidir. Data iqtisadi və strateji gücə çevrilir. Alqoritm isə idarəetmə mexanizmi rolunu oynayır. Çünki gələcəyin dünyasında informasiya axınını idarə edənlər iqtisadiyyatı və ictimai şüuru da formalaşdıracaq. Türk dünyası üçün əsas missiya vahid rəqəmsal informasiya məkanının yaradılmasıdır. Bu məkan ortaq data ekosistemi, vahid təhsil və bilik platforması, eləcə də ortaq texnoloji istehsal infrastrukturu üzərində qurula bilər.
Türk Dünyasının Rəqəmsal Sivilizasiya Modeli beş əsas struktur üzərində formalaşa bilər.
Birinci pillə dil və semantika sahəsidir. Məqsəd türk dillərinin rəqəmsal mühitdə qorunması və dominantlığının təmin edilməsidir. Türk dillərində böyük dil modellərinin yaradılması, ortaq terminologiya bazası və avtomatik tərcümə sistemləri bu istiqamətdə əsas addımlar ola bilər. Çünki gələcəkdə rəqəmsal platformalarda görünməyən dil zamanla mədəni təsir imkanlarını da itirəcək.
İkinci pillə data və bulud infrastrukturu ilə bağlıdır. Hazırda bir çox ölkələrin məlumatları xarici serverlər və qlobal platformalar üzərində cəmləşir. Bu isə yeni “data asılılığı” yaradır. Türk dünyası üçün regional data mərkəzləri, milli bulud sistemləri və ortaq “Türk data şəbəkəsi” strateji əhəmiyyət daşıyır.
Üçüncü pillə süni intellekt və alqoritmik sistemlərdir. Türk dillərində çalışan lokal süni intellekt modelləri, təhsil və dövlət idarəçiliyində istifadə olunan adaptiv sistemlər gələcəyin əsas prioritetlərindən biri ola bilər. Məqsəd texnologiyanı yalnız istifadə etmək deyil, onu istehsal etməkdir.
Dördüncü istiqamət platforma iqtisadiyyatıdır. Bu gün dünya iqtisadiyyatının böyük hissəsi rəqəmsal platformalar üzərində qurulur. Türk dünyası üçün regional e-ticarət sistemləri, ortaq rəqəmsal ödəniş infrastrukturu və lokal təhsil platformalarının yaradılması iqtisadi inteqrasiyanı sürətləndirə bilər.
Beşinci pillə isə idarəetmə və etik çərçivədir. Süni intellekt və data sahəsində ortaq hüquqi standartların yaradılması, rəqəmsal hüquqların qorunması və etik prinsiplərin müəyyənləşdirilməsi gələcək təhlükəsizlik üçün vacibdir.
Yeni geosiyasi mövqe və XXI əsrin əsas sualı
Hazırda dünyada üç əsas rəqəmsal model formalaşıb: ABŞ-ın platforma kapitalizmi, Çinin dövlət nəzarətli rəqəmsal sistemi və Avropanın normativ-rəqəmsal modeli. Türk Dünyasının Rəqəmsal Sivilizasiya Modeli bu sistemlər arasında balanslı və hibrid yanaşma kimi çıxış edə bilər. Burada məqsəd nə tam sərbəst bazar xaosu, nə də tam nəzarət mexanizmi yaratmaqdır. Əsas hədəf texnoloji inkişafla milli-mədəni təhlükəsizlik arasında balans qurmaqdır.
Təbii ki, belə bir modelin formalaşdırılması asan proses deyil. Türk dövlətləri arasında koordinasiya problemləri, yüksək texnologiyalar və çip istehsalında geridə qalmaq riski, xarici platformalardan asılılıq və mühəndis kadr çatışmazlığı əsas çağırışlar sırasındadır.
Bununla yanaşı, ən böyük təhlükələrdən biri də “alqoritmik assimilyasiya”dır. Əgər türk dilləri və mədəniyyəti qlobal süni intellekt sistemlərində kifayət qədər təmsil olunmasa, gələcəkdə rəqəmsal görünməzlik problemi yarana bilər.
Türk Dünyasının Rəqəmsal Sivilizasiya Modeli əslində yeni dövrün strateji cavab axtarışıdır. Çünki gələcəyin güclü dövlətləri yalnız böyük iqtisadiyyata malik olanlar deyil, texnologiya istehsal edənlər olacaq.
XXI əsrdə əsas mübarizə artıq sərhədlərdə deyil, serverlərdə gedir. Əsas rəqabət torpaq uğrunda yox, məlumat və alqoritm uğrundadır.
Bu baxımdan Türk dünyasının qarşısında tarixi seçim dayanır: Başqalarının texnologiyasını istifadə edən tərəf olmaq, yoxsa öz rəqəmsal sivilizasiyasını yaradan gücə çevrilmək? Bu sualın cavabı gələcək onilliklərdə Türk dünyasının qlobal sistemdəki yerini müəyyən edəcək.
Türk Dünyası üçün Yeni Təhsil Modeli
XXI əsrdə dünya yalnız iqtisadi və siyasi baxımdan deyil, təhsil sistemləri baxımından da böyük transformasiya yaşayır. Ənənəvi universitet modeli artıq sənaye dövrünün ehtiyaclarını tam qarşılamır. Çünki klassik universitet məkanı fiziki kampus, lokal kurikulum və məhdud auditoriya prinsipi üzərində qurulmuşdu. Halbuki rəqəmsal əsrdə bilik sərhəd tanımır, tələbə mobil və fərdiləşmiş öyrənmə istəyir, əmək bazarı isə hər gün dəyişir.
Bu yeni reallıq fonunda Türk dünyası üçün “Türk Rəqəmsal Universiteti” — TRU modeli strateji ideya kimi ortaya çıxır. Bu model sadəcə yeni universitet layihəsi deyil. O, təhsil üzərindən formalaşan rəqəmsal sivilizasiya konsepsiyasıdır.
Əgər XX əsrdə universitetlər milli dövlətlərin intellektual bazasını qururdusa, XXI əsrdə rəqəmsal universitetlər sivilizasiya miqyasında inteqrasiya yaradır. Bu baxımdan TRU layihəsi yalnız təhsil təşəbbüsü deyil, Türk dünyasının ortaq gələcək platforması ola bilər.
Müasir dövrdə universitet anlayışı dəyişir. Yeni modeldə universitet artıq təkcə bina, auditoriya və diplom sistemi deyil. O, rəqəmsal platforma, bilik şəbəkəsi və insan kapitalı ekosistemi kimi fəaliyyət göstərir.
TRU modelinin əsas məqsədi parçalanmış təhsil bazarını ortaq texnoloji infrastruktur və vahid keyfiyyət standartları əsasında birləşdirməkdir. Burada əsas missiya türkdilli ölkələr üçün vahid təhsil məkanı, ortaq bilik bazası və rəqəmsal insan kapitalı sistemi yaratmaqdır.
Bu sistem vasitəsilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər türk dövlətləri arasında təhsil inteqrasiyası yeni mərhələyə keçə bilər. Ortaya ortaq kredit sistemi, rəqəmsal diplom modeli və vahid akkreditasiya mexanizmi çıxar.
Yeni təhsil arxitekturası
TRU modeli beş əsas struktur üzərində qurula bilər. Birinci istiqamət akademik platformadır. Burada təhsil klassik sərt proqramlardan fərqli olaraq modul əsaslı sistem üzərində qurulur. Tələbə müxtəlif ölkələrin universitetlərindən kurs seçə bilir. Məsələn, süni intellekt dərsini Qazaxıstandan, enerji mühəndisliyini Azərbaycandan, biznes idarəçiliyini Türkiyədən ala bilər. Beləliklə, universitetlər rəqabət aparan yox, bir-birini tamamlayan struktura çevrilir.
İkinci istiqamət süni intellekt əsaslı təhsil modelidir. Gələcəyin universitetində hər tələbənin fərdi öyrənmə trayektoriyası olacaq. Süni intellekt sistemləri tələbənin zəif və güclü tərəflərini analiz edərək ona uyğun proqram formalaşdıracaq. Başqa sözlə, hər tələbənin rəqəmsal mentor sistemi olacaq.
Üçüncü istiqamət platforma texnologiyasıdır. TRU fiziki universitetdən çox “Türk dünyasının Coursera modeli” kimi işləyə bilər. Bulud əsaslı sistem, mobil-first yanaşma və regionlar üçün offline imkanlar platformanın əsas texnoloji bazasını təşkil edər.
Dördüncü istiqamət data və analitikadır. Təhsil sistemi ilk dəfə tam ölçülə bilən struktura çevrilir. Tələbə performansı, əmək bazarının tələbləri və təhsil nəticələri real vaxt rejimində analiz olunur. Bu isə təhsil siyasətinin daha rasional qurulmasına imkan verir.
Beşinci istiqamət idarəetmə modelidir. Burada Organization of Turkic States çərçivəsində fəaliyyət göstərən akademik və texnoloji şuralar əsas rol oynaya bilər. Dövlət, universitet və sənaye əməkdaşlığı modelin əsas dayağına çevrilər.
Yeni diplom modeli
TRU klassik dördillik sərt diplom sistemindən fərqli model təklif edir. Burada mikro-kurslar, qısa sertifikat proqramları və “stackable degree” modeli tətbiq edilə bilər. Yəni tələbə kiçik sertifikatları birləşdirərək böyük diplom əldə edir. Bu sistem sürətlə dəyişən əmək bazarına uyğunlaşmağa imkan verir. Çünki gələcəyin iqtisadiyyatında insan bir dəfə təhsil alıb ömürboyu eyni peşədə işləməyəcək. O, davamlı şəkildə yeni bacarıqlar qazanmalı olacaq.
TRU modelində əsas prioritet sahələr süni intellekt, data elmi, kibertəhlükəsizlik, enerji texnologiyaları və rəqəmsal iqtisadiyyat ola bilər. Çünki gələcəyin iqtisadi və geosiyasi gücü məhz bu istiqamətlərdə formalaşır. TRU layihəsinin Azərbaycan üzrə pilot tətbiqi xüsusi əhəmiyyət daşıya bilər. Məqsəd 24 ay ərzində işlək və regional miqyaslanmaya hazır rəqəmsal universitet nüvəsi yaratmaqdır.
Bu mərhələdə əsas prioritetlər aşağıdakılar ola bilər: süni intellekt və data sahəsində pilot proqramların açılması; ortaq türk dilli təhsil platformasının yaradılması; regional data mərkəzlərinin qurulması; yerli universitetlərin vahid rəqəmsal sistemə inteqrasiyası; startap və texnologiya şirkətləri ilə əməkdaşlıq modeli.
Azərbaycan coğrafi və siyasi mövqeyinə görə Türk dünyasının rəqəmsal təhsil habına çevrilə bilər. Bu, ölkənin yalnız enerji deyil, bilik və texnologiya mərkəzi kimi mövqeyini də gücləndirər.
Müasir dünyada əsas rəqabət artıq yalnız iqtisadiyyat və siyasət üzərində qurulmur. Əsas mübarizə insan kapitalı uğrundadır. Hansı sivilizasiya daha keyfiyyətli təhsil sistemi qurursa, gələcəyin texnologiyasını da həmin sistem formalaşdıracaq.
Bu baxımdan TRU layihəsi sivilizasiyaların toqquşmasına cavab deyil, rəqəmsal reinteqrasiya modelidir. Çünki XXI əsrdə universitetlər sadəcə mütəxəssis yetişdirmir — gələcəyin düşüncə modelini formalaşdırır.Yeni dövrün əsas sualı isə dəyişmir: Türk dünyası texnologiyanı istifadə edən tərəf olacaq, yoxsa onu yaradan?
VİRTUAL TURAN UNİVERSİTETİ:
İTİRİLMİŞ FÜRSƏT, YOXSA GECİKMİŞ STRATEJİ BAŞLANĞIC?
Təxminən iyirmi il əvvəl irəli sürülən Virtual Turan Universiteti (VTU) ideyası o dövrdə bir çoxları üçün sadəcə distant təhsil layihəsi kimi görünürdü. Halbuki bu təşəbbüs mahiyyət etibarı ilə Türk dünyasının erkən rəqəmsal inteqrasiya modeli idi. Bu ideya sadəcə universitet yaratmaq yox, ortaq təhsil məkanı üzərindən ortaq düşüncə sistemi formalaşdırmaq məqsədi daşıyırdı.
Bu gün dünya rəqəmsal sivilizasiyalar dövrünə keçərkən, iki onillik əvvəl səsləndirilən həmin təşəbbüsün strateji dəyəri daha aydın görünür. Çünki artıq məlumdur ki, XXI əsrdə güc yalnız iqtisadiyyat və ordu ilə ölçülmür. Yeni dünyanın əsas resursu insan kapitalı, data və texnologiyadır. İnsan kapitalını formalaşdıran əsas mexanizm isə təhsildir. Məhz buna görə VTU ideyası vaxtından əvvəl düşünülmüş strateji model idi.
Türk dünyasında inteqrasiya haqqında danışarkən əsas diqqət çox zaman enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq sahələrinə yönəlir. Halbuki tarix göstərir ki, davamlı inteqrasiyanın əsası təhsil üzərində qurulur.
Avropa Birliyi tələbə mübadiləsi və ortaq akademik sistem vasitəsilə inteqrasiyanı dərinləşdirdi. ABŞ qlobal təsirini universitetləri və elmi mərkəzləri ilə formalaşdırdı. Çin isə texnologiya və təhsil strategiyası ilə dünya iqtisadiyyatında yeni gücə çevrildi.
Bu fakt göstərir ki, universitet sadəcə sosial institut deyil. O, geosiyasi təsir alətidir. Virtual Turan Universiteti ideyasının əsas fəlsəfəsi də məhz bu idi: türkdilli ölkələrin gəncləri üçün vahid rəqəmsal təhsil platforması yaratmaq, ortaq akademik məkan formalaşdırmaq və gələcəyin inteqrasiya olunmuş insan kapitalını yetişdirmək.
Əslində bu yanaşma Ismail Gasprinski tərəfindən irəli sürülən “Dildə bir, fikirdə bir, işdə bir” prinsipinin rəqəmsal dövrə uyğunlaşdırılmış forması idi. Çünki “təhsildə bir” olmadan “sivilizasiyada bir” olmaq mümkün deyil.
Niyə baş tutmadı?
Əsas sual budur: bu ideya niyə reallaşmadı? Problemin kökü ideyada deyildi. Problem onu qiymətləndirən sistemdə idi. Postsovet məkanında qərarvermə mexanizmlərinin ən böyük problemi uzunmüddətli strateji düşüncənin zəif olmasıdır. Belə sistemlərdə innovativ və gələcəyə yönəlmiş ideyalar çox vaxt “real deyil”, “vaxtı deyil” və ya “risklidir” kimi qiymətləndirilir. Nəticədə strateji baxış yerini inzibati düşüncəyə verir.
VTU layihəsi də məhz bu səbəbdən dəstəksiz qaldı. Halbuki ideyanın strukturuna baxdıqda onun nə qədər qabaqcıl olduğu aydın görünür. Vahid distant təhsil sistemi, ortaq akademik məkan, rəqəmsal platforma modeli, inteqrasiya olunmuş insan kapitalı — bütün bunlar bu gün dünyanın aparıcı təhsil platformalarının əsas prinsipləridir.
Bu model faktiki olaraq sivil platformaların sonradan qurduğu sistemi illər əvvəl nəzərdə tuturdu. Fərq isə ondan ibarət idi ki, Qərb platformaları bazar məqsədi daşıyırdı, VTU isə sivilizasiya inteqrasiyası üçün düşünülmüşdü. Əgər layihə vaxtında həyata keçirilsəydi, bu gün Türk dünyasında tamamilə fərqli mənzərə yarana bilərdi. Ortaq təhsil məkanı vahid düşüncə mühiti formalaşdırardı. Universitetlər arasında real elmi şəbəkə yaranardı. Türk dilləri arasında akademik yaxınlaşma sürətlənərdi. Ən əsası isə inteqrasiya olunmuş insan kapitalı meydana çıxardı. Çünki müasir dünyada sivilizasiyaların rəqabəti artıq torpaq və sərhəd üzərində deyil, insan kapitalı üzərində qurulur.
Əgər bir sivilizasiya öz texnologiyasını, öz platformasını və öz təhsil sistemini yarada bilmirsə, o zaman başqalarının sisteminə inteqrasiya olunmağa məcbur qalır. Bu baxımdan VTU layihəsi sadəcə universitet təşəbbüsü deyil, rəqəmsal sivilizasiya quruculuğu cəhdi idi. Təbii ki, layihənin müəyyən zəif tərəfləri də mövcud idi. Dil məsələsi ən həssas məqamlardan biri idi. Azərbaycan dilinin ortaq akademik dil kimi təklif olunması digər ölkələrdə müəyyən narahatlıqlar yarada bilərdi. 2000-ci illərdə texnoloji infrastruktur da bu günkü qədər inkişaf etməmişdi. İnternet sürəti, platforma imkanları və rəqəmsal xidmətlər məhdud idi.
Digər problem siyasi koordinasiya məsələsi idi. Türkdilli dövlətlər arasında institusional əməkdaşlıq zəif idi və layihənin hansı struktur tərəfindən idarə olunacağı aydın deyildi. Ancaq bütün bunlara baxmayaraq, əsas problem yenə də strateji idarəetmə çatışmazlığı idi. Riskdən çəkinmək, qısamüddətli düşünmək və innovativ layihələri dəyərləndirə bilməmək bu ideyanın reallaşmasına mane oldu.
Dünya dəyişib, problemsə qalır
Bu gün texnologiya tamamilə yeni mərhələyə keçib. Süni intellekt, platforma iqtisadiyyatı və rəqəmsal universitet modelləri artıq qlobal reallıqdır.Ancaq əsas problem tam həll olunmayıb. Təhsil idarəçiliyində strateji baxış və texnoloji düşüncə hələ də zəifdir. Bu isə gələcək üçün daha təhlükəli vəziyyət yaradır. Çünki XXI əsrdə təhsil sistemi yalnız diplom vermir — geosiyasi mövqe formalaşdırır. Bütün bunlara baxmayaraq, VTU ideyasının vaxtı keçməyib. Əksinə, bugünkü reallıq həmin təşəbbüsün daha da aktuallaşdığını göstərir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin genişlənməsi ortaq təhsil platformasının yaradılması üçün yeni imkanlar yaradır.
Bu model gələcəkdə Azərbaycanı Türk dünyasının rəqəmsal təhsil habına çevirə bilər. Eyni zamanda, qlobal təhsil platformalarına alternativ regional sistem formalaşdıra bilər.
Ən vacibi isə budur: bu layihə istifadəçi deyil, istehsalçı insan kapitalı yetişdirə bilər. Çünki XXI əsrdə əsas sual dəyişməyib:Biz texnologiyanı sadəcə istifadə edən tərəf olacağıq, yoxsa onu yaradan?Virtual Turan Universiteti ideyası bu suala verilmiş strateji cavablardan biri idi. İndi əsas məsələ həmin cavabın nəhayət gerçəyə çevrilib-çevrilməyəcəyidir.
İlham Əhmədov
ADPU-nin dosenti
pedaqogika üzrə fəlsəfə doktoru, təhsil eksperti

