Bakıdan dünyaya inkişaf və beynəlxalq əməkdaşlıq çağırışı

post-img

Azərbaycan yenidən dünyanın diqqət mərkəzindədir. Dünyanın müxtəlif ölkələrindən minlərlə insanın qatıldığı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycan artıq qlobal əməkdaşlıq və beynəlxalq dialoq məkanı kimi tanınır. Ölkəmizdə keçirilən siyasi, iqtisadi, humanitar və mədəni tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirir, dünyadakı mövqeyini gücləndirir. XIII Ümumdünya Şəhərsalma Forumunun məhz Azərbaycanda keçirilməsi isə dövlətimizin artan gücünün, sabit inkişafının və Azərbaycan liderinə göstərilən yüksək beynəlxalq etimadın bariz nümunəsi kimi yadda qaldı. “Şəhərsalma və Memarlıq
ili”ndə ölkəmizdə belə mötəbər bir tədbirin keçirilməsi Azərbaycanın təhlükəsiz, sabit və sürətlə inkişaf edən dövlət kimi beynəlxalq aləmdə yüksək dəyərləndirildiyini bir daha nümayiş etdirdi. Qeyd etmək yerinə düşər ki, bu forum ölkəmizin şəhərsalma sahəsində qazandığı təcrübənin və müasir inkişaf yanaşmasının dünyaya təqdim olunması üçün mühüm bir platforma rolunu oynayır. 
Beləliklə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Bakıda qlobal şəhərsalma gündəmini müəyyənləşdirən ən mühüm beynəlxalq platformalardan biri kimi işə başladı. Prezident İlham Əliyevin çıxışı isə Bakıdan dünyaya inkişaf, dayanıqlı urbanizasiya və beynəlxalq əməkdaşlıq mesajı verdi.

Prezident İlham Əliyev vurğuladı ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycanın beynəlxalq nüfuzunu, şəhərsalma və memarlıq sahəsində qazandığı nailiyyətləri nümayiş etdirən mühüm platformadır. Dövlət başçısı forumun rekord sayda iştirakçını bir araya gətirdiyini bildirərək bu mötəbər tədbirin COP29-dan sonra ölkəmizdə keçirilən ən böyük beynəlxalq toplantı olduğunu diqqətə çatdırdı.

Bildirdi ki, Azərbaycan tarix boyu Şərqlə Qərbin qovuşduğu məkandır, bu vəhdət isə ölkənin memarlıq üslubunda və şəhərsalma ənənələrində aydın şəkildə əks olunur. Prezident Bakının qədim İçərişəhərindən müasir memarlıq nümunələrinə qədər uzanan harmoniyanın milli irsin qorunması ilə müasir inkişafın uğurlu sintezini nümayiş etdirdiyini bildirdi. Dövlət başçısı “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən layihələrdən bəhs edərək Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlığı nəticəsində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işlərinin aparıldığını vurğuladı. 
Dövlət başçısı çıxışında Naxçıvan, Şamaxı, Gəncə, Şəki və Lahıc kimi qədim şəhər və yaşayış məntəqələrinin zəngin memarlıq irsindən danışaraq  bu tarixi abidələrin xalqımızın mədəni yaddaşını və dövlətçilik ənənələrini yaşatdığını diqqətə çatdırdı. Çıxışında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinə xüsusi yer ayrıldı. Dövlət başçısı dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulduğunu, yeni yolların, körpülərin, tunellərin, hava limanlarının, məktəblərin və sosial obyektlərin qısa müddətdə istifadəyə verildiyini bildirdi. “Böyük Qayıdış” proqramının insanların öz doğma torpaqlarına təhlükəsiz və layiqli şəkildə dönüşünü təmin edən mühüm dövlət strategiyası olduğu vurğulandı.

Prezident həmçinin Bakıda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışaraq vaxtilə sənaye tullantıları ilə çirklənmiş ərazilərin müasir və ekoloji şəhər məkanlarına çevrildiyini qeyd etdi. Qara şəhərin Ağ şəhərə transformasiyası, yeni parkların və ictimai məkanların salınması, müasir ictimai nəqliyyat sisteminin qurulması şəhərsalma siyasətinin uğurlu nümunələri kimi təqdim etdi. 

Eyni zamanda forumun beynəlxalq təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət daşıdığı da danılmazdır. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Bakıda qlobal şəhərsalma gündəmini müəyyənləşdirən ən mühüm beynəlxalq platformalardan biri kimi dünyanın diqqət mərkəzinə çevrildi. Prezident İlham Əliyevin çıxışı isə Bakıdan dünyaya inkişaf, dayanıqlı urbanizasiya və beynəlxalq əməkdaşlıq çağırışı oldu. Bu mötəbər platforma şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına, innovativ həllərin müzakirəsinə və dövlətlər arasında qarşılıqlı əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verdi.

Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti

Siyasət