Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı üzrə icraçı qurumlarla görüş keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində icraçı dövlət qurumlarının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin mərhələli icrası, nəticə indikatorları üzrə hədəf göstəricilərin müəyyənləşdirilməsi, hesabatlılıq mexanizmlərinin tətbiqi və icraçı qurumlar üzrə koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.

XQ xəbər verir ki, tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Mərkəzi Bank, Məhkəmə-Hüquq Şurası, Ali Attestasiya Komissiyası, Dövlət Miqrasiya Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Statistika Komitəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, kommunal xidmət operatorları və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova Fəaliyyət Planının icrası üzrə tədbirlərin monitorinq və qiymətləndirilməsinin vahid yanaşma əsasında aparılmasının vacibliyini vurğulayıb. O, nəzərdə tutulmuş tədbirlər üzrə kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi, icra müddətlərinin və məsul qurumların dəqiq təsnifatlandırılması, eləcə də nəticəyönümlü hesabatlılığın təmin olunmasına dair yanaşmaları diqqətə çatdırıb. 

İİTKM-in Rəqəmsal Ticarət Qovşağının rəhbəri v.i.e Aygün Əhmədova indikator cədvəlinin hazırlanması prosesi ilə bağlı təqdimatla çıxış edib. O, indikatorların müəyyənləşdirilməsi, ölçülə bilən nəticələrin formalaşdırılması, məlumatların toplanması metodologiyası və aidiyyəti qurumlar tərəfindən təqdim olunacaq hesabat formatları barədə izahat verib.

İİTKM-in Sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli tərəfindən Mərkəzin operatoru olduğu "e-monitorinq" portalı üzərindən hesabatların təqdim edilməsi, monitorinqi və qiymətləndirilməsi, eləcə də yekun hesabatların hazırlanması üzrə funksionallıqlar və imkanlar barədə məlumat verilib, bu istiqamətdə iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” üzrə tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.





İqtisadiyyat