4 ayda ixrac: 7,9 milyon ton neft, 8,4 milyard kubmetr qaz

post-img

Bu ilin yanvar-aprel ayları üzrə gömrük bəyannamələrinə əsasən, Azərbaycandan 10-dan çox ölkəyə 4 milyard 365 milyon 297,6 min ABŞ dolları dəyərində 7 milyon 923 min 86,7 ton xam neft və neft məhsulları ixrac edilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,33 faiz, həcm ifadəsində isə 3,42 faiz azdır. Ötən 4 ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 36,75 faiz təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə ölkəmizdən İtaliyaya 2 milyard 531 milyon 469 min dollar dəyərində 4 milyon 766 min 277,9 ton neft ixrac edilib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

4 ayda ölkəmizin neft satdığı ölkələrin siyahısında 2-ci yeri Rumıniya tutub. Hesabat dövründə bu ölkəyə 247 milyon 844,9 min dollar dəyərində 461 min 317,3 ton neft ixrac edilib. İlk üçlüyü isə Çexiya tamamlayıb. Belə ki, yanvar-aprel aylarında bu ölkə Azərbaycandan 245 milyon 721,5 min dollar dəyərində 433 min 64,4 ton neft idxal edib. Ümumilikdə isə, yanvar-aprel aylarında ölkəmiz Yunanıstan, Bolqarıstan, Portuqaliya, Xorvatiya, Almaniya, Tailand, Tunis və digər ölkələrə xam neft və xam neft məhsulları satıb.

Hesabat dövründə Azərbaycandan 8 milyard 416 milyon 328,74 min kubmetr təbii qaz ixrac edilib. Gömrük bəyannamələrinə əsasən, ölkəmizdən ixrac olunan təbii qazın dəyəri 2 milyard 535 milyon 847,49 min ABŞ dolları təşkil edib. İxrac edilən təbii qazın həcmi əvvəlki ilin 4 ayı ilə müqayisədə 3,14 faiz çox, dəyəri isə 17,28 faiz azdır. Azərbaycanın ümumi ixracında təbii qazın payı 21,35 faiz olub.

XQ

İqtisadiyyat