Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı Sumqayıt Dövlət Universitetində geniş məlumatlandırma görüşü keçirilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov müasir və dayanıqlı şəhərsalma nümunələri məkanı sayılan gənclik şəhərinin yaradılması tarixindən, 77 il ərzində keçdiyi inkişaf mərhələlərindən danışıb. O, Sumqayıtda son illərin şəhərsalma sahəsindəki yeniliklər haqda məlumat verib və WUF13 tədbirinin vacibliyi vurğulanıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu ölkəmizdə əldə olunan şəhərsalma nailiyyətlərindən danışaraq, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərini xüsusi qeyd edib. O bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yalnız bərpa deyil, eyni zamanda, müasir standartlara uyğun yeni yaşayış məkanları formalaşdırılır. Artıq 8 şəhərin baş planı, eləcə də 101 kənd və qəsəbənin şəhərsalma əsaslandırılması təsdiqlənib.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə sessiyanın əsas mövzusu və ideyaları barədə ətraflı məlumat verib. O, maraqlananları foruma dəvət edərək bildirib ki, iştirakçılar tədbirə həm əyani, həm də onlayn formada qoşula bilərlər.
Qeyd edək ki, daha öncə mötəbər beynəlxalq tədbirlə bağlı təşkil olunan şəhər festivalları çərçivəsində Sumqayıtdakı “Göyərçin” parkında da interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr təşkil olunub. Müxtəlif yaş qruplarını əhatə edən tədbirlər sayəsində sakinlər inklüziv şəhər mühiti, innovativ urbanizasiya həlləri kimi aktual mövzular və gələcəyin yaşayış məkanları ilə bağlı maraqlı bilgilər qazanıblar.
Ə.ƏLİYEV
XQ


