“Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov mediaya bildirib ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) COP29-dan sonra Azərbaycan üçün ən əhəmiyyətli beynəlxalq tədbirlərdəndir:
– Forumda dünyanın hər yerindən on minlərlə iştirakçı, o cümlədən dövlət başçıları, beynəlxalq təşkilatların nümayəndələri və şəhər mütəxəssisləri iştirak edirlər.
Forum şəhərlərin inkişafına və dayanıqlı şəhər mühitinə müasir yanaşmaları nümayiş etdirmək üçün vacib platforma olduğunu sübut edir.
Bizim “Sea Breeze” layihəmiz isə ekoloji cəhətdən təmiz və rahat şəhərlərin necə yaradıldığının parlaq nümunəsidir. Forumda layihəni geniş beynəlxalq auditoriyaya təqdim etmək, baş planı, modelləri və inkişaf konsepsiyasını nümayiş etdirmək imkanı əldə etmişik.
Layihə çərçivəsində artıq bir neçə milyon kvadratmetr daşınmaz əmlak tikilib istifadəyə verilib. 4 milyon kvadratmetr ərazi isə tikilir.
Biz aparıcı beynəlxalq memarlarla işləməyə davam edirik və “Sea Breeze”in gələcək sakinlərinin və qonaqlarının həyatının maksimum dərəcədə rahat olmasını təmin etməyə diqqət yetiririk.
Bir çox liderlər, dövlət başçıları və həmin ölkələrin tikinti sahiblərinin həftə ərzində “Sea Breeze”ə səfəri gözlənilir. Biz onlarla fikir mübadiləsi aparacaq və planlarımız barədə məlumat verəcəyik.
Şirkətimiz yay mövsümü ərəfəsində “Sea Breeze” gəzinti sahələrini genişləndirərək yaşıl məkanların, üzgüçülük hovuzlarının və infrastruktur obyektlərinin sayını artırıb. İnsanların burada özlərini rahat hiss etmələri, yüksəksəviyyəli xidmət almaları, ekoloji cəhətdən təmiz və yaxşı dizayn edilmiş bir mühitdə olmaları bizim üçün çox önəmlidir.
***
COP31-in sədri və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum:
– Azərbaycanda keçirilən WUF13 yüksək səviyyədə təşkil olunub. Burada müxtəlif ölkələrin pavilyonlarını gəzdim və məmnun qaldım. Birləşmiş Ərəb Əmirlikləri ilə şəhərsalma sahəsində bir sıra danışıqlar apardıq və görüşlər faydalı keçdi. WUF13-də atılacaq addımları da COP31 çərçivəsində bir daha müzakirə edəcəyik.
Prezidentlərimizin qəbul etdiyi tarixi qərarlar hər iki ölkəni önəmli inkişafa aparır. Güclərimizi daha da artırmağı və birləşdirməyi hədəfləmişik. Eyni zamanda, Azərbaycanla Türkiyə dünyaya da tərəqqi təşəbbüsləri ünvanlayır. Dünyada hələ də elektrik enerjisinə çıxışı olmayan insanlar yaşayır. Bu məsələdə də ortaq bir iradə və mövqe nümayiş etdiririk. İnanırıq ki, Türkiyə və Azərbaycan Türk dünyasının da səsini ucaltmağa və dünyaya duyurmağa çalışır.
COP31-də 196 ölkədən 100 mindən çox qonağın iştirakı gözlənilir.
COP31-in əsas mövzularından biri dayanıqlı və davamlı şəhərlərin inkişafı olacaq. Bu sahədə Azərbaycanın təcrübəsindən yararlanacaq, Bakıda qəbul edilən qərarların COP31 çərçivəsində də tətbiq olunmasına çalışacağıq.
Ölkələrimiz adından COP31 çərçivəsində bu mövzuları daha geniş şəkildə müzakirə edəcəyik. Ən mühüm hədəflərdən biri təmiz enerjidir. Mövcud qlobal böhranlar bu prosesin nə qədər çətin olduğunu göstərir. Bu mənada Azərbaycanın dəstəyi çox əhəmiyyətlidir.
Biz istəyirik ki, COP qərarları sözlərdə qalmasın, davamlı həyata keçirilsin. Dünyada baş verən müəyyən iqlim dəyişmələrinə müsbət təsirimiz olsun.
***
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən assambleyalarda səsləndirilən əsas çağırışlar “Bakı Fəaliyyət Çağırışı” sənədinin hazırlanması üçün məsləhətçi qrupa təqdim olunacaq.
BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) Azərbaycandakı ofisinin rəhbəri Anna Soave forumun sessiyasında bildirib: “Assambleyaların yekunları və əsas tezisləri UN-Habitat tərəfindən birbaşa maraqlı tərəflərin rəhbərlik etdiyi məsləhətçi qrupa ötürüləcək. Bu, həlledici əhəmiyyət daşıyır. “Bakı Fəaliyyət Çağırışı” sənədinin ilkin layihəsi artıq UN-Habitatın saytında yerləşdirilib və iştirakçılar öz rəy və təkliflərini təqdim edə bilərlər”.
O vurğulayıb ki, forum çərçivəsində uzun müddət davam edən müzakirə və məsləhətləşmələrin nəticəsi olan assambleyalar WUF13 üçün böyük gözləntilər formalaşdırıb:
“Şəhərlər urbanizasiya və iqlim çağırışlarının ön xəttində yerləşir və bu problemlərin həlli üçün yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, özəl sektor və digər tərəflər arasında daha güclü tərəfdaşlıqlar qurulmalıdır.
Bəzi şəhərlərdə əhali yaşlandığı halda, digərlərində gənclərin payı daha çox olur. Bu isə infrastruktur və xidmətlərə fərqli yanaşmalar tətbiq edilməsini zəruri hala salır. Bütün şəhərlər üçün eyni həll yolu mövcud deyil. Bizə müxtəlif idarəetmə modelləri və urban həllər toplusu lazımdır”.
***
WUF13 sessiyası çərçivəsində dayanıqlı və ekoloji məsuliyyətli mənzil sektorunun inkişafı və rəqəmsal texnologiyaların bu sahədə rolu müzakirə edilib.
GSMA-nın (Global System for Mobile Communications Association) iqlim texnologiyaları və rəqəmsal kommunal xidmətlər üzrə baş təşviqat rəhbəri Leyla Quiçi bildirib:
– Forum çərçivəsində bütün panellərdə rəqəmsal texnologiyaların müzakirəyə çıxarılması ümidverici haldır. Rəqəmsal texnologiyalar tikinti materiallarının hazırlanmasından enerji, su və tullantı idarəçiliyinə qədər bütün mərhələlərdə istifadə oluna bilər. Rəqəmsallaşma artıq buradadır. Əsas problem biznes modelinin olmaması deyil, onun yanlış büdcə çərçivəsində qiymətləndirilməsidir.
Latın Amerikasının Dözümlülük Təcrübəçiləri İcma Platforması Komissiyasının koordinatoru Maite Rodrigez isə deyib:
– İqlim dəyişmələri şəhərlərimizdə baş verən prosesləri daha aydın şəkildə görməyə imkan verdi. Biz bu müzakirələrdə fəal iştirak etdik və müxtəlif işçi qruplarında öz töhfəmizi verməyə çalışdıq. Onlardan biri qadınlara səlahiyyət verilməsi məsələsi idi. Eyni zamanda, ehtiyatların ayrılması və bu prosesdə ədalətli yanaşmanın təmin olunması da müzakirə edildi. 3 əsas konvensiyaya əsaslanaraq əminik ki, qarşıda hələ çox iş və uzun bir proses var.
Qadınlara maliyyə baxımından səlahiyyət verilməsi, ilk növbədə, onların mülkiyyət hüquqlarının təmin olunması deməkdir.
***
Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç WUF13 sessiyası ilə bağlı XQ-yə açıqlamasında bildirib:
– Azərbaycan hökumətinə bu mühüm forumu təşkil etdiyinə görə təşəkkürümü bildirmək istəyirəm. Şəhər mənzil təminatı məsələsinə xüsusi diqqət ayırdığı üçün UN-Habitata təşəkkür edirəm. Forumun iclaslarında bildirildiyi kimi, problem olduqca mürəkkəbdir və biz onun həlli istiqamətində ciddi addımlar atmalıyıq.
Dünya ölkələrinin təmsilçiləri bu problemi müzakirə etmək və həll yolları üzərində işləmək üçün Bakıya toplaşıblar. Avropa İttifaqı da bu istiqamətdə fəal səylər göstərir. İlkin olaraq enerji və mənzil məsələləri üzrə xüsusi komissarımız fəaliyyət göstərir. Əlçatan və səmərəli mənzil təminatı ilə bağlı planımız da mövcuddur. Bu konfransın uğurlu və müsbət nəticələrlə yadda qalacağına inanırıq.
Orna Rosenfeld, mənzil məsələləri üzrə qlobal məsləhətçi, 2021-ci ilin “Qlobal sosial təsir mükafatı” qalibi:
– Mən mənzil investisiyası, inklüzivlik və mənzil sistemləri üzrə mütəxəssisəm. Parisdə yaşayıram və 50-dən çox hökumətlə, xüsusilə mənzil, mənzil siyasəti sahələrində çalışıram. Hazırda fəaliyyətim daha çox icraetmə prosesinə və şəhərlərlə işə yönəlib. Mənzil məsələlərinin beynəlxalq müzakirələrin mərkəzinə çıxarılmasının vaxtı çoxdan çatmışdı.
Müzakirələri yüksək səviyyədə təşkil etmək üçün Azərbaycanın seçilməsi özünü tam doğruldur. Prezident İlham Əliyevin dediyi kimi, siz Şərqlə Qərb arasında bir körpüsünüz və bunu memarlıqda da daha aydın görmək mümkündür. Bakıda hər addımda müsbət enerji hiss olunur və şəhərinizlə tanışlıq xoş təəssürat yaradır. Şəhərdə gəzərkən yüksəliş ruhu insanların öz şəhərinə sevgisindən xəbər verir.
George Bouniccentdir, Portuqaliyanın “Ərazi Baş İdarəsi”nin rəsmisi, memar:
– Portuqaliyada bizim fəaliyyət sahəmiz və əsas işimiz məktəblər, yaşayış binaları və buna bənzər ictimai binaların layihələndirilməsi və tikintisidir. Bu məsələ dünyada da olduqca vacibdir. Yaşayış məsələsini şəhər gündəliyinin mərkəzinə qoymaq hamımız üçün çox önəmlidir. Mənzil ailələr üçün sadəcə sığınacaq deyil, həm də birlikdə necə yaşaya bilməyimiz məsələsidir.
Buna görə düşünürəm ki, bu forum çox vacibdir. Mən birinci dəfədir ki, Bakıda oluram. İndiyə qədər gördüklərimə əsasən, siz belə problemləri həll etmək üçün düzgün istiqamətdə və yaxşı işləyirsiniz. Həftə ərzində şəhərinizi daha yaxından görüb tanıyacağam. Bu, mənim üçün yeni bir təcrübə olacaq. Mənim üçün başqa şəhərlərin və ölkələrin necə yaşadığını öyrənmək önəmlidir. Çünki dünya bizim ümumi evimizdir və bir-birimizi tanımağımız vacibdir.
“Urban Expo” sərgisi
“Urban Expo” sərgisində dünyanın müxtəlif ölkələrini təmsil edən stendlərlə ziyarətçilər böyük maraqla tanış olurlar. Müasir şəhərsalma, innovativ texnologiyalar, “yaşıl enerji” və dayanıqlı inkişafla bağlı təqdim olunan layihələr sərgiyə xüsusi zənginlik gətirib. “Urban Expo” sərgisində iştirak edən Qırğızıstan pavilyonu ziyarətçilərin diqqətini özünəməxsus təqdimatı ilə cəlb edir. Şəhər Tədqiqat Mərkəzinin rəhbəri Yelnar Bazyken bildirdi:
– Stendimizdə ölkənin milli dəyərlərini, mədəniyyətini və urban inkişaf istiqamətindəki yanaşmalarını əks etdirən müxtəlif məhsullar nümayiş etdirilir. Burada həm Qırğızıstana aid ənənəvi ləzzətlər, həm də milli ornamentlərlə hazırlanmış əl işləri və müxtəlif materiallar var. Pavilyon Qırğızıstanın mədəni irsini və müasir inkişaf yolunu yaxından göstərir. WUF13 çərçivəsində əldə olunan təcrübə də bizim üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın ev sahibliyi etdiyi forum və rəsmi Bakının urban inkişaf modeli iştirakçı ölkələr tərəfindən böyük diqqətlə izlənilir. Bakı son illərdə müasir şəhərsalma, infrastrukturun yenilənməsi və dayanıqlı inkişaf istiqamətində mühüm nümunə formalaşdırıb.
İordaniyadan senator, parlament üzvü Asiya Yaqi:
– Müasir şəhərlərin inkişafında əsas prioritetlərdən biri fiziki məhdudiyyətli şəxslər üçün əlçatan və rahat mühitin formalaşdırılmasıdır. Ölkəmizdə bu istiqamətdə geniş layihələr həyata keçirilir və şəhər infrastrukturu hər kəs üçün bərabər imkanlar yaradacaq şəkildə yenidən qurulur. Bu baxımdan Azərbaycanda da bu təcrübədən ən yaxşı şəkildə istifadə edilməsi üçün çalışırıq.
İnklüziv şəhər anlayışı yalnız panduslar və xüsusi keçidlərin yaradılması ilə məhdudlaşmır. Buraya ictimai nəqliyyatın əlçatanlığı, park və istirahət məkanlarının uyğunlaşdırılması, sosial xidmətlərə rahat çıxış imkanlarının təmin olunması, həmçinin rəqəmsal texnologiyaların tətbiqi də daxildir. Məqsəd fiziki məhdudiyyətli insanların cəmiyyət həyatında daha fəal iştirakını təmin etməkdir. Dayanıqlı şəhərlər sosial baxımdan da hər kəsi əhatə etməlidir. Bu istiqamətdə müxtəlif ölkələrin təcrübə mübadiləsi xüsusi əhəmiyyət daşıyır.
Türkiyəli şəhər planlayıcısı, Zeynep Ongankul:
– Ölkəmizdə bir neçə il əvvəl baş verən dağıdıcı zəlzələ dayanıqlı şəhərlərin qurulmasının nə qədər vacib olduğunu bir daha göstərdi. Təbii fəlakətin yaratdığı ağır nəticələrdən sonra şəhərsalma siyasətində təhlükəsizlik, davamlılıq və risklərin minimuma endirilməsi bizim üçün prioritet istiqamətlərdən birinə çevrilib. Hazırda müxtəlif ölkələrin bu sahədəki təcrübəsi diqqətlə araşdırılır və xüsusilə zəlzələyə davamlı infrastrukturun qurulması istiqamətində beynəlxalq əməkdaşlığa böyük önəm veririk. Müasir şəhərlər yalnız estetik və texnoloji baxımdan deyil, eyni zamanda, fövqəladə hallara hazırlıq baxımından da güclü olmalıdır. “Urban Expo” kimi beynəlxalq platformalar ölkələrin təcrübə mübadiləsi aparması üçün mühüm imkan yaradır. Burada təqdim olunan innovativ həllər, “ağıllı şəhər” modelləri və təhlükəsizlik sistemləri gələcəkdə daha dayanıqlı urban mühitin qurulmasına töhfə verə bilər. Xüsusilə seysmik risklərin yüksək olduğu bölgələrdə infrastrukturun düzgün planlaşdırılması, tikinti standartlarının gücləndirilməsi və ictimai maarifləndirmə işlərinin artırılması əsas məsələlərdən hesab olunur. Stenddə də məhz bu istiqamətdə müxtəlif məlumatlandırıcı materiallar və təqdimatlar nümayiş etdirilir.
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Baş İdarə rəisi, Tural Məmmədov:
– “Urban Expo” sərgisində təqdim olunan stenddə gələcəyin şəhərlərinə dair innovativ yanaşmaları sərgiləyirik. Əsas məqsədimiz müasir texnologiyaların tətbiqi ilə “ağıllı şəhər” və “ağıllı bina” modellərinin qurulmasıdır. Bu yanaşma ilə biz şəhər həyatını daha təhlükəsiz, çevik və dayanıqlı hala gətirməyi hədəfləyirik. Yeni nəsil şəhərlərin qurulmasında beynəlxalq təcrübə mühüm rol oynayır. Müxtəlif ölkələrdə tətbiq edilən “ağıllı infrastruktur” modelləri, rəqəmsal idarəetmə sistemləri və enerji səmərəliliyi həlləri öyrənilərək yerli şəraitə uyğunlaşdırılır. Bu prosesdə məqsəd həm də şəhər sakinlərinin həyat keyfiyyətinin yüksəldilməsidir.
“Ağıllı şəhər” konsepsiyasının ən vacib komponentlərindən biri kibertəhlükəsizlikdir. Şəhərlərin rəqəmsallaşması artdıqca, məlumatların qorunması və kiberhücumlara qarşı dayanıqlılığın təmin olunması prioritet məsələyə çevrilir. Bu səbəbdən “ağıllı idarəetmə” sistemləri elə qurulur ki, həm təhlükəsiz, həm də fasiləsiz fəaliyyət göstərə bilsin. Burada süni intellekt əsaslı monitorinq sistemləri, məlumat şifrələmə texnologiyaları və real vaxtda risk analizi kimi həllər xüsusi əhəmiyyət daşıyır. Stendimizdə nümayiş etdirilən maketlər isə bunun əyani təqdimatıdır. Burada gələcəkdə qurulması planlaşdırılan “ağıllı şəhər” modelləri detallı şəkildə əks olunub. Ziyarətçilərə binaların necə funksionallaşacağı, enerji idarəetmə sistemlərinin necə işləyəcəyi, nəqliyyat axınının tənzimlənməsi və şəhər daxilində rəqəmsal sistemlərin necə inteqrasiya olunacağı göstərilir.
Hazırladı:
Fidan ƏLİYEVA,
Ləman TƏHMƏZ,
Nurlan ABDALOV,
Cavid QAÇAYEV (foto)
XQ












