Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində görkəmli media xadimi, jurnalistika nəzəriyyəçisi və pedaqoqu, professor Tofiq Rüstəmovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.
Fakültənin professor-müəllim heyətinin və mərhum yubiliyarın ölkə mediasında məsul vəzifələrdə çalışan yetirmələrinin iştirak etdiyi məclisin aparıcısı, yeni media kafedrasının müdiri, professor Qulu Məhərrəmli özünün də müəllimi və elmi hamisi olmuş Tofiq Rüstəmovu Azərbaycan professional jurnalistikasının görkəmli nümayəndəsi, teleradio nəzəriyyəçisi, ali jurnalistika təhsili təşkilatçısı və yetkin redaktor, eləcə də nüfuzlu ictimai-siyasi xadim kimi səciyyələndirib.
Yubiliyar haqqında hazırlanmış videoçarxda bildirilib ki, Rüstəmov Tofiq Tağı oğlu 1936-cı ildə Quba şəhərində anadan olub, burada orta təhsil alıb. 1953–1958-ci illərdə BDU-da ali jurnalist ixtisasına yiyələnib. Əmək faəliyyətinə keçmiş İttifaqın nüfuzlu “Uçitelskaya qazeta” nəşrində respublikamızı təmsil edən xüsusi müxbir kimi başlayıb. Sonrakı 10 ildə milli teleradioda müxtəlif vəzifələrdə çalışıb, tərcüməçilikdən baş redaktoradək yüksəlib.
Elmi-pedaqoji fəaliyyətini məzunu olduğu BDU-da jurnalistika fakültəsində davam etdirən Tofiq Rüstəmov namizədlik dissertasiyası müdafiə edib, teleradio, tərcümə nəzəriyyəsi və təcrübəsinə dair tədqiqatlar aparıb. Bu araşdırmalara görə dosent və professor elmi adlarına layiq görülüb. BDU-da teleradio jurnalistikası kafedrasının yaradıcısı və ilk müdiri olub, fakültə dekanı seçilib.
Azərbaycanda Əməkdar jurnalist fəxri adına ilk layiq görülənlərdən biri də Tofiq Rüstəmov olub. O, BDU partiya komitəsinin katibi və Azərbaycan KP MK ideologiya şöbəsi müdirinin I müavini, “Xalq qəzeti”nin baş redaktoru kimi məsul vəzifələrdə uğurla çalışıb. Tələbələrinin sevimli müəllimi jurnalistika fakültəsində pedaqoji fəaliyyətini 62 yaşında dünyasını dəyişənədək davam etdirib.
Tofiq Rüstəmovun ömrünün məhsuldar dövründə vəfat etməsi milli jurnalistikamızın ağır itkisi olub. Onun işıqlı xatirəsi xalqımızın ən layiqli ziyalılarından biri kimi tanıyanların qəlbində bu gün də sevgi-sayğı ilə yaşayır.
Mərasimdə Tofiq Rüstəmovla birlikdə çalışmış, ali jurnalist kadrları hazırlığına çoxillik töhfələr vermiş kafedra müdiri, professor Cahangir Məmmədli, keçmiş dekan, professor Akif Rüstəmov, digər müəllimlər, fakültənin məzunlarından Vasif Quliyev, Tahir Aydınoğlu, Tofiq Abbasov, Aybəniz Məmmədəliyeva, Namiq Qədimoğlu, Lətif Babayev, publisist Şəfəq Əlixanlı və digər çıxış edənlər Tofiq Rüstəmovun milli jurnalistika məktəbinin formalaşmasında önəmli rol oynadığını bildiriblər.
Qeyd olunub ki, Tofiq Rüstəmov təkcə peşəkar jurnalist və alim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətləri, tələbələrinə daim qayğı ilə yanaşmış müəllim kimi yadda qalıb. Onun jurnalistika sahəsindəki zəngin təcrübəsinin, elmi araşdırmalarının və pedaqoji fəaliyyətinin gənc jurnalistlərin yetişməsində mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Professorun tələbələri və həmkarları onunla bağlı xatirələrini də səsləndiriblər. Bildirilib ki, Tofiq Rüstəmov tələbələrinə jurnalistikanın yalnız informasiya vasitəsi deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edən mühüm sahə olduğunu aşılayıb.
Sonda professorun övladları Abbas Rüstəmov və Sevinc Məmmədova mərasimin təşkilinə və xoş sözlərə görə razılıq ediblər.
XQ


