WUF13-də “Xalq qəzeti”nin dialoq masası

post-img

Ümumdünya Şəhərsalma Forumu çərçivəsində redaksiyamız yerli idarəetmə və şəhər inkişafı mövzularına həsr olunmuş dialoq masası təşkil edib

Müzakirədə Pakistanın müxtəlif bölgələrini təmsil edən bələdiyyə və yerli idarəetmə nümayəndələri iştirak ediblər. Badin Bələdiyyə Komitəsinin meri Pir Muhammed Saleh Qureşi, Bəlucistan Yerli Şuralar Assosiasiyasının prezidenti Mir Abid Hussain Lehri, Sind əyalətinin Sanghar Rayon Şurasının nümayəndəsi Syed Riaz Hussain Shah və Karaçinin Şərq rayonunda yerləşən “Çanesar Town Municipal Corporation”un sədri Farhan Ghani iştirak ediblər.

Görüşdə müasir dünyada şəhərlərin dayanıqlı inkişafı, rəqəmsal idarəetmə mexanizmləri və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi ətrafında geniş fikir mübadiləsi aparılıb. Qonaqlar sürətlə urbanizasiya edən regionlarda kommunal xidmətlərin idarə olunması, nəqliyyat sistemlərinin modernləşdirilməsi və ekoloji çağırışların həlli istiqamətində təcrübələrini bölüşüblər.

Müzakirələrdə Bakının beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi etməsi xüsusi vurğulanıb. Dialoq masasının iştirakçıları Azərbaycan paytaxtında son illər həyata keçirilən infrastruktur layihələrinin, rəqəmsal xidmətlərin və şəhər planlaşdırılması sahəsində tətbiq olunan innovativ yanaşmaların region ölkələri üçün nümunə sayıldığını bildiriblər. Onlar qeyd ediblər ki, Bakı artıq təkcə regional deyil, beynəlxalq miqyasda da müasir şəhər idarəçiliyi modeli kimi diqqət çəkir.

Dialoq çərçivəsində, həmçinin “World Urban Forum 13” platformasının şəhərlər arasında əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. İştirakçılar gələcəkdə Azərbaycan və Pakistanın yerli idarəetmə qurumları arasında təcrübə mübadiləsinin artırılması, birgə layihələrin hazırlanması və urbanistika sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində təşəbbüslərin vacibliyini qeyd ediblər.

Görüş qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə yekunlaşıb.

Yusif ŞƏRİFZADƏ,
Rauf İBRAHİMOV (foto)
XQ

Sosial həyat