Bu günlərdə Azərbaycan Akademik Milli Dram Teatrında tamaşaçılar növbəti dəfə Şekspir dühası ilə üz-üzə qalaraq Kral Lirin iztirablarını izlədilər. Həyatın əxlaqi tarazlığının pozulması fonunda baş verən hadisələr seyirçiyə estetik təmizlənmə ab-havası yaşatdı.
Gürcü rejissoru David Sakvarelidzenin quruluşunda Şekspirin “Kral Lirin faciəsi” əsəri yeni interpretasiyada təqdim olundu və bu ikihissəli post-apokaliptik faciədə hökmranlığın zirvəsindən enmiş insanı həyatla təkbətək qalan vəziyyətdə gördük. Sözsüz, bu yeni təqdimatda əsərin tərcüməçisi və yeni səhnə variantının müəllifi, yazıçı Kamran Nəzirlinin də xüsusi əməyi var. Tamaşanın eskplikasiyası (məzmunun açılması) üzərində işləyən rejissor və yeni səhnə variantının müəllifi dramın janr xüsusiyyətlərinə yeniliklər əlavə ediblər.
Görkəmli aktyor, Xalq artisti Nurəddin Mehdixanlının anadan olmasının 70 illiyinə həsr edilmiş benefis-tamaşa Akademik Teatrın tarixində və ümumən teatr mədəniyyətimizdə bir hadisədir desəm, mübaliğəyə yol vermiş olmaram.
Nurəddin Mehdixanlı Kral Lirin insani faciəsini bütün çalarları ilə canlandırır. Yerlə-göylə əlləşən kralın içində qopan fırtınalar aktyorun möhtəşəm ifasında uğurlu səhnə təcəssümü tapır. Səhnədə şəxsiyyət ikiləşməsinin müxtəlif təzahürləri ilə üzləşirik: öz faciəsi ilə barışmayan, üsyankar Kral və ilahi sükutla üz-üzə qalmış çarəsiz fateh... Mətnin energetikası və plastikası ilə iç-içə olan aktyor Kral Lirə çevrilir. Növbəti bir sənət möcüzəsi!
O, öz krallığını qızları Qonerilya və Reqana arasında bölür, ən sevimli qızı Kordeliya isə həqiqəti söylədiyi üçün mirasdan məhrum edilir. Qonerilya və Reqana isə atalarını qocalmış, gücdən düşmüş zənn edirlər. Qızları tərəfindən biganəliklə qarşılaşan Kral Lirin bədbəxt qocaya çevrilməsi prosesi səhnədə o qədər dinamik surətdə təqdim olunur ki, nəfəs çəkməyə belə ehtiyat edirsən.
Əməkdar artist Münəvvər Əliyevanın Qonerilyası obrazın stixiyasını mükəmməlcəsinə mənimsəyib. Biz səhnədə nankor bir övlad görürük.
İstedadlı aktrisa İlahə Həsənovanın Reqanası da var-dövlət əsiri olan naxələf övlad kimi son dərəcə inandırıcıdır. Onun səhnə hərəkətləri xarakterin açılmasına xidmət edir.
Kordeliya ən həssas obrazdır. O, atası tərəfindən atılmış qızdır. Onun hiss və həyəcanlarını gənc aktrisa Rəbbilə Ələkbərzadə bacarıqla canlandırır. Aktrisanın təbii oyun tərzi tamaşaçıda məmnunluq doğurur.
Sevimli aktyorumuz, Xalq artisti Sabir Məmmədovun ifasında Qraf Qloster Şekspir estetikasını tam mənada özündə əks etdirir. Qraf həqiqəti üzə çıxardığı üçün amansızcasına cəzalandırılır, gözləri çıxarılır. Amma Kral Lirin sözləri ilə desək, dünyadakı həqiqətləri görmək üçün insana təkcə göz gərək deyil. Sabir Məmmədov Qraf Qlosterin xarakterini açmaq üçün ona xüsusi yeriş tapıb və obraz aktyor tapıntıları ilə ətə-qana dolub. Aktyorun “əlvida!” deyərək səhnədən zala tullanması baş verənlərə etirazı kimi yadda qalır.
Edqarın daxilində baş verən təlatümlər geniş potensiala malik aktyor Elnar Qarayevin səhnə plastikasında uğurlu həllini tapır. Əməkdar artist Elşən Rüstəmov Qraf Kent obrazını özünəməxsus çalarlarla təqdim edir. Əməkdar artist Anar Heybətovun Hersoq Kornuolu da heybətli, qorxunc və vahiməlidir. Balaca Kordeliyanı Aylin Həşimova canlandırır. Bu qızcığazın vur-tut 10-12 yaşı ancaq olar, səhnədə sözü yoxdur, amma atası ilə qucaqlaşması dərin təəssürat oyadır.
Tamaşada aktyorlardan Tural İbrahimov (Edmund), Elsevər Kərimov (Təlxək), Elçin Nurəliyev (Hersoq albanı), Əliulla Vəliyev (Fransa Kralı), Rəvan Səmədov (Burqundiya hersoqu), Vüsal Mustafayev (Osvald) və digərləri iştirak edirlər.
Görkəmli gürcü rejissoru David Sakvarelidzenin əsərə yanaşma tərzi tamamilə yenidir və bu fərqlilik hər epizodda görünür. Tamaşanın ikinci rejissoru Anar Babalı, quruluşçu rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rəfael Vaqifoğlu, səhnə döyüşü və plastik həll üzrə rejissoru Bəhruz Vaqifoğludur.
Kənan HACI,
yazıçı-dramaturq

