Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası zamanı BMT-Habitat və Şanxay Xalq Hökumətinin birgə təsis etdiyi “Şəhərlərin dayanıqlı inkişafı üzrə qlobal mükafat (Şanxay mükafatı)” Bakıda ilk dəfə “paralel tədbir + sərgi” formatında təqdim ediləcək. Bu isə dünya şəhərlərinin dayanıqlı inkişaf sahəsində əldə etdikləri praktiki nəticələri, beynəlxalq əməkdaşlığın perspektivlərini yığcam və əyani formada nümayiş etdirməyə imkan yaradacaq.
Bakıda ilk təqdimat
Şanxay mükafatının təsis olunmasında məqsəd dayanıqlı inkişaf sahəsində mühüm nailiyyətlər əldə etmiş qabaqcıl şəhərləri mükafatlandırmaq, şəhərlərarası əlaqələri, təcrübə mübadiləsini və çoxtərəfli əməkdaşlığı gücləndirmək, getdikcə daha çox şəhəri Dayanıqlı İnkişaf Məqsədlərinin və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinə töhfə verən praktiki addımlar atmağa təşviq etməkdir.
Mayın 19-da Bakı Olimpiya Stadionunda Ümumdünya Şəhərlər Gününə, eləcə də Şanxay mükafatının təqdimatına həsr olunmuş paralel mərasimlər keçiriləcək. Hər iki məclisin mövzusu “Xoşbəxt və təminatlı həyat: dayanıqlı şəhər gələcəyinin birgə formalaşdırılması” və “Yetərli mənzildən yaşayış üçün rahat icmalara doğru: Şanxay mükafatı laureatı olmuş şəhərlərin dayanıqlı şəhər gələcəyinin təşviqində ən yaxşı təcrübələri” kimi müəyyən olunub. Təqdimatlarda BMT-Habitatın, Çinin Mənzil, Şəhər və Kənd İnşaatı Nazirliyinin rəhbər şəxsləri, eyni zamanda Şanxay, Fuçjou və Şaosin də daxil olmaqla Çin şəhərlərinin nümayəndələri iştirak edəcəklər.
Əvvəlki illərdə mükafata layiq görülmüş şəhərlərin, o cümlədən Kolumbiyanın Boqota, Mərakeşin Aqadir və Koreya Respublikasının İnçxon şəhərlərinin nümayəndələri şəhərlərin dayanıqlı inkişafının təşviqi sahəsində qabaqcıl təcrübə və ən yaxşı praktiki nümunələri diqqət mərkəzinə çəkəcəklər. Bu məclislər qlobal şəhər idarəçiliyi məsələləri üzrə yüksək səviyyəli dialoq platforması yaratmağa, Şanxay mükafatı laureatı olmuş şəhərlərin Dayanıqlı İnkişaf Məqsədlərini konkret yerli fəaliyyətlərə çevirdiyini, təcrübəni necə bölüşdüyünü, əməkdaşlığa və dayanıqlı inkişaf baxışının reallığa çevrilməsinə töhfə verdiyini əyani surətdə nümayiş etdirməyə yönəlib.
Mayın 22-dək açıq olacaq Çin şəhər pavilyonunda Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi və dayanıqlı şəhər inkişafının təşviqi sahəsində həm ümumdövlət, həm də yerli səviyyədə əldə edilmiş təcrübə sistemli şəkildə təqdim olunacaq. Ekspozisiyanın mərkəzində Ümumdünya Şəhərlər Günü, həm də Şanxay mükafatı, “Şanxay təlimatı” və Şanxay indeksi kimi beynəlxalq ictimai məhsullar yer alacaq. Eyni zamanda, Şanxay, Fuçjou, Şaosin və digər şəhərlərin modernləşmə sahəsində nailiyyətləri nümayiş etdiriləcək.
Şanxay mükafatı tematik mübadilələr, konkret keys nümunələrinin təqdimatı və sərgi ekspozisiyaları vasitəsilə Çin şəhərlərinin dayanıqlı inkişafın təşviqi sahəsində apardığı praktiki axtarışları, qlobal əməkdaşlığın nəticələrini beynəlxalq ictimaiyyətə daha geniş şəkildə nümayiş etdirə, öz beynəlxalq təsir imkanlarını genişləndirə və qlobal iştirak səviyyəsini yüksəldə biləcək. Müvafiq tədbirlərdə müxtəlif ölkələrin şəhərləri, beynəlxalq təşkilatlar və fərqli dairələrin nümayəndələri iştirak edərək birgə təcrübə mübadiləsi aparmaq, əməkdaşlığı dərinləşdirmək imkanı əldə etmiş olacaqlar.
“Dördillik” yekun
Artıq Şanxay mükafatının təsis edilməsindən 4 il ötür. Bu müddət ərzində mükafatın qlobal təsir dairəsi ardıcıl surətdə genişlənmiş, tədbirlərin formatları davamlı olaraq təkmilləşdirilmişdir. 2025-ci ildə ilk dəfə “mükafatlandırma mərasimi + tematik tədbirlər” formatında mexanizm təsis olunmuşdur. Mükafatlandırma mərasimi Ümumdünya Şəhərlər Gününün əsas tədbirinin açılış mərasimi çərçivəsində keçirilmiş, mərasimdə BMT-Habitatın icraçı direktoru, Ümumdünya Şəhərlər Gününün qlobal əsas tədbirinə ev sahibliyi edən ölkənin rəhbərliyinin nümayəndəsi, həmçinin Çin tərəfinin nümayəndələri iştirak etmişlər.
Eyni zamanda, laureat və qısa siyahıya daxil edilmiş şəhərlərin tanınma səviyyəsini artırmaq məqsədilə Ümumdünya Şəhərlər Gününün qlobal əsas tədbiri dövründə Şanxay mükafatı üzrə təşkil olunmuş xüsusi tematik mübadilələr, dayanıqlı şəhər inkişafı praktikasının dərin müzakirəsi üçün dünyanın müxtəlif şəhərlərindən, beynəlxalq təşkilatlardan və işgüzar dairələrdən yüzdən artıq nümayəndəni bir araya gətirmişdir.
Mükafatın “qlobal” dəyəri
2022-ci il martın 30-da BMT-Habitat İcraiyyə Şurasının birinci sessiyasında Şanxay mükafatının təsis edildiyi rəsmi şəkildə elan olunmuşdur. Həmin andan etibarən Şanxay mükafatının qlobal dostlar dairəsi sürətlə genişlənməyə başlamışdır. Birinci mükafata 16 ölkədən 54 şəhər müraciət etmişdisə, üçüncü dövrə qədər müraciətlərin sayı 33 ölkədən 85 şəhərə qədər yüksəlmişdir. Ümumilikdə, müraciət prosesində artıq 45 ölkədən 160-dan çox şəhər iştirak etmiş, Asiya, Afrika, Latın Amerikası, Avropa və Okeaniyaya qədər geniş coğrafiya əhatə olunmuşdur.
2023-cü ildə birinci Şanxay mükafatının nəticələri Ümumdünya Şəhərlər Gününün Çin üzrə əsas tədbiri çərçivəsində Şanxayda elan edilmişdir. Laureatlar Brisben (Avstraliya), Fuçjou (Çin), Kampala (Uqanda), Penanq adasındakı Corctaun (Malayziya) və Salvador (Braziliya) şəhərləri olmuşdur. 2024-cü ildə ikinci Şanxay mükafatı Ümumdünya Şəhərlər Gününün qlobal əsas tədbiri çərçivəsində İsgəndəriyyədə (Misir) təqdim edilmişdir. Mükafatlara 5 şəhər layiq görülmüşdür: Aqadir (Mərakeş), Trivandrum (Hindistan), Doha (Qətər), İstapalapa (Meksika) və Melburn (Avstraliya). 2025-ci ildə üçüncü Şanxay mükafatının nəticələri Ümumdünya Şəhərlər Gününün qlobal əsas tədbiri çərçivəsində Boqotada (Kolumbiya) yekunlaşmışdır.
Qaliblər sırasında Boqota (Kolumbiya), Əlcəzair (Əlcəzair), İnçxon (Koreya Respublikası), Mədinə (Səudiyyə Ərəbistanı) və Espoo (Finlandiya) xüsusi seçilmişdir. Bu şəhərlərin yetərli mənzil təminatı, şəhər icmalarının yenilənməsi və iqlim dayanıqlığı sahələri üzrə apardıqları axtarışlar və praktiki işlənmələr dünya şəhərləri üçün real tətbiqi istiqamətlər və mühüm siyasi tövsiyələr təqdim etmişdir.
Xatırladaq ki, BMT-Habitat 4-cü Şanxay mükafatına müraciətlərin qəbuluna bu il martın 17-də rəsmən start vermişdir. Materialların təqdim edilməsi üçün iyunun 12-si son tarixdir. Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi sahəsində yoxlanıla biləcək nəticələrə malik olan istənilən şəhər müvafiq materialları BMT-Habitatın rəsmi saytı vasitəsilə təqdim edə bilər. Qalib və qısa siyahıya daxil edilmiş şəhərlərin nümayəndələri cari ildə Ümumdünya Şəhərlər Gününün qlobal əsas tədbirinin keçiriləcəyi şəhərə - Fuçjouya gələcəklər.
Oktyabrın 31-də keçiriləcək qlobal əsas mərasim çərçivəsində kuboklar və sertifikatlar təqdim olunacaq. Onların dayanıqlı inkişaf sahəsində qabaqcıl təcrübələri və əldə etdikləri uğurlu təcrübələr, həmçinin Yeni Şəhər Gündəliyi üzrə ən yaxşı təcrübələr bazası və “Şanxay təlimatı” da daxil olmaqla beynəlxalq platformalara daxil ediləcək. Dünya şəhərləri 4-cü Şanxay mükafatında iştirak üçün fəal şəkildə müraciət edə və dayanıqlı gələcəyə ünvanlanmış bu “qlobal dəvətə” birlikdə qoşula bilər.
Gələcəkdə Şanxay mükafatı qlobal tərəfdaşlar dairəsini genişləndirməyə davam edəcək, “Bir kəmər, bir yol” təşəbbüsünün və digər qlobal təşəbbüslərin tərəfdaşı olan ölkələrin şəhərlərinə xüsusi diqqət yetirəcək. Məqsəd dayanıqlı inkişafı konsepsiyalar müstəvisindən praktiki fəaliyyət sahəsinə keçirmək, dünya şəhərlərinin dayanıqlı inkişaf yolunda bir-birindən öyrənməsinə, qarşılıqlı şəkildə təcrübəni zənginləşdirməsinə və birlikdə irəliyə doğru hərəkət etməsinə töhfə verməkdir.
M.ƏLİYEVA
XQ

