Böyük Britaniya niyə “dağılır”?

post-img

Ötən həftə Britaniyanın “Unherd” nəşrində işıq üzü görən “Böyük Britaniyanın dağılmasını heç nə dayandıra bilməz” başlıqlı məqalədə müəllif Aris Russinos yazır: “Britaniya yavaş-yavaş, lakin həqiqətən dövlətin süqutuna doğru irəliləyir. İngilis xalqı ilə Vestminsterin təmsil etdiyi hakimiyyət orqanları arasındakı uçurum günü-gündən dərinləşir və Starmerin iki illik baş nazirliyi bu prosesi daha da ağırlaşdırıb”.

“Unherd” bu fikirdə olan yeganə mətbuat orqanı deyil. Məsələn, İngiltərənin başqa bir nəşri – “The i Paper” də yazır ki, “Britaniya höküməti ölkənin idarəetmə sükanını itirib”. “Britaniyada on ildə altı baş nazir dəyişib və hazırkı baş nazir Starmer də vəzifəsini itirmək üzrədir. Siyasətçilər və seçicilər arasında dərin bir uçurum yaranıb. Görünən odur ki, ölkə sadəcə, xaosa yuvarlanır”. Krallıqda baş verən son hadisələr, həqiqətən, yaxşı bir şey vəd etmir.

Dünya ölkələrinin aparıcı nəşrləri hökumət mənbələrinə istinadən xəbər verirlər ki, Britaniyanın Baş naziri Kir Starmer də vəzifəsindən istefa vermək qərarına gəlib. Mənbələr bildirirlər ki, Starmer hazırkı siyasi reallıqları yaxşı başa düşür və ölkədəki “mövcud xaosun" belə davam edə bilməyəcəyini anlayır. “Daily Mail” qəzetinin köşə yazarı Den Hojes yazır ki, hökumət Starmerin partiyasından olan nazirlər arasında istefa dalğası ilə sarsıldığından, baş nazir “qaçılmaz olanı qəbul etməli olacağını” anlamağa başlayıb.

Ekspertlər xüsusi vurğulayırlar ki, ölkədə gedən proseslər fonunda Starmerin getmə ehtimalı həqiqətən yüksəkdir. Bu onu göstərir ki, Böyük Britaniyada baş nazirin tez-tez dəyişməsi artıq təəccüblü deyil və ölkənin siyasi sistemində dərin böhran olduğunun göstəricisidir. Bəs, dünyanın qocaman ölkələrindən birində böhranın dərinləşməsi deyəndə, nələr nəzərdə tutulur?

Xatırladaq ki, bu il mayın 7-də keçirilən yerli hökumət seçkilərindən sonra Böyük Britaniyada siyasi böhran baş verdi. Seçki prosesi nəticəsində Leyborist Partiyası ilk dəfə Uels Parlamentində nəzarəti itirdi. Starmer seçkilərdəki məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürdü, lakin leyboristlərin lideri baş nazir vəzifəsindən istefa verməkdən imtina etdi. Buna baxmayaraq, yerli seçkilərdə leyboristlərin məğlubiyyətindən sonra deputatların da əksəriyyəti Starmeri istefa verməyə çağırıblar. Hətta səhiyyə naziri Ues Stritinq də daxil olmaqla bir neçə məmur baş nazirə etiraz olaraq istefa verib.

Maraqlıdır, bəs ölkəni Starmerin istefasına çağırışlarla çalxalamağa gətirib çıxaran nədir? Xatırlayırsınızsa, 2 ildən az bir müddət əvvəl Kir Starmer ölkəni populizmdən qurtaracağına söz verərək Britaniyanın Baş naziri seçilmişdi. Leyboristlərin lideri Starmerin məqsədi Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts kimi, balanslı və ağıllı siyasətin, demaqoqların boş vədlərindən daha dəyərli olduğunu sübut etmək idi.

Lakin ötən həftə Britaniya baş nazirinin bu istəkləri çox acınacaqlı uğursuzluğa düçar oldu. Mayın 7-də İngiltərədə yerli şura seçkilərində, Şotlandiya və Uels parlamentlərində Leyborist Partiyasının məğlubiyyəti, onun parlament fraksiyasında qarışıqlığa səbəb oldu. Bir çox politoloqlar qeyd edirlər ki, Starmer indi baş nazir vəzifəsi üçün ən azı ciddi bir namizədin ortaya çıxması ilə üzləşib və onun istefası Böyük Britaniyanın maraqları naminə çox vacib addım olardı.

Makron, Merts və Starmer kimi “hörmətli” siyasətçilər üçün rəy sorğularının acınacaqlı nəticələrinə nəzər salsaq, görərik ki, Avropa sosial demokratiyaları idarəolunmaz bir hala gəlib. Bir tərəfdən aşağı iqtisadi artım, yüksək vergilər və dövlət borcu, digər tərəfdən isə dövlət xərclərinin artırılması tələbləri arasında qalan çaşqın mərkəzçilər nə dəyişiklik edə, nə də həm sağ, həm də sol tərəfdən gələn populist çağırışları dəf edə bilirlər. Bu, 6 ildə 5 hökumət başçısının dəyişdiyi Brexitdən sonrakı Britaniyada özünü daha aydın göstərir.

İngiltərənin “The Economist” qəzeti yazır ki, “Britaniya baş nazirləri demək olar ki, “Çelsi” futbol klubunun məşqçiləri kimi tez-tez gəlib-gedirlər. Bu fonda Baş nazirin iqamətgahında rəsmi siçan tutan Larri pişiyi daha çox sabitlik simvolu kimi görünür”.

Son illər ölkənin iqtisadi problemləri həqiqətən Baş nazirlər üçün başağrısına çevrilib. Belə ki, son 20 ildə Böyük Britaniyada real əməkhaqqı çox çətinliklə artır. Buna əsas səbəblərdən biri kimi Brexit göstərilir. Araşdırmalar göstərir ki, Avropa Birliyindən və onun 18 trilyon dollarlıq vahid bazarından çıxmaq Böyük Britaniyanın adambaşına düşən ÜDM-in 4-8 faiz azalmasına səbəb olub. Yerli sakinlər arasında narazılıq yaratmaqdan qorxan hökumətlər məhsuldarlıq artımının xroniki hala çevrilməsi probleminin qarşısını ala bilməyiblər. 2008-2023-cü illər arasında ABŞ-da işləyənlərin 1 saatlıq məhsuldarlığı 21 faiz artdığı halda, Böyük Britaniyada bu, cəmi 7 faiz təşkil edib.

Siyasi problemlər Starmerin vəziyyətini daha da ağırlaşdırıb. Nəşrlərdən biri yazır: “Baş nazir nüfuz və düşüncə aydınlığına malik olmalıdır. Lakin Starmerin heç birinə sahib olmadığı ortadadır. O, öz konsepsiyasını formalaşdırmalıdır, amma sanki onda belə bir şey yoxdur”. Həqiqətən, XXI əsr siyasəti o qədər mürəkkəbdir ki, seçicilər seçdikləri baş nazirlərin düzgün insanları təyin etmək, faktları ölçmək və ağlabatan qərarlar qəbul etmək üçün intuisiyaya malik olduğuna əminlik istəyirlər. Lakin ingilis seçicilər artıq Kir Starmeri çox yaxşı tanıyırlar. Bu ay keçirilən seçkilərdən sonra “YouGov”un apardığı sorğu göstərib ki, respondentlərin yalnız 29 faizi hazırkı baş nazirin vəzifədə qalmasını istəyir. Leyborist partiyasından olan deputatlar panikaya düşüblər və nizamsız bir dəstəyə bənzəyirlər.

Ötən şənbə günü Londonun mərkəzində yürüşə çıxan 10 minlərlə etirazçının, ifrat sağçı fəal Tommi Robinsonun ardınca, “Starmerə lənət olsun!” şüarları səsləndirməsi isə vəziyyətin getdikcə gərginləşdiyini nümayiş etdirir. “Krallığı birləşdirək” şüarı ilə keçən mitinqində təxminən 50 min nəfər iştirak edib. 4 min polis əməkdaşı isə bu mitinqçilərin Fələstin tərəfdarı olan etirazçıların paralel yürüşü ilə toqquşmaların qarşısını almaq üçün "steril" kordon saxlayıblar.

Polis Yuston, Kinqs-Kross və Sent- Pankras dəmiryolu stansiyalarında real vaxt rejimində üztanıma kameralarından istifadə edərək bir sıra həbslər həyata keçirib. Paytaxt polisi əməliyyatı son illərdə həyata keçirilən ən böyük ictimai-təhlükəsizlik tədbirlərindən biri kimi qiymətləndirib və buna təxminən 4,5 milyon funt sterlinq vəsait xərcləndiyini bildirib.

Xüsusi geyimdə olan polislərlə yanaşı, zirehli maşınlar, atlar, itlər, dronlar və helikopterlər də qaydaların qorunmasına cəlb edilib. Nümayişçilər əllərində Britaniya bayraqları Kinqsvaydan Uaythol küçəsilə Parlament meydanına doğru yürüş edərkən Starmerin əleyhinə şüarlar səslədiriblər. Mitinq iştirakçıları arasında xristian simvolikaları daşıyanlar da olub: taxta xaçlar daşıyan bir çox insanlar “Məsih kraldır” şüarları səsləndirib, digərləri isə “İsa yolu göstərir” sözləri yazılmış plakatlar tutublar.

Günün sonuna qədər 31 nəfər həbs olunub. Polis rəqəmin "yüksək görünə biləcəyini" etiraf etmiş, lakin hər iki etiraz mitinqinin "ciddi hadisələr olmadan" keçdiyini vurğulayıb.

Bütün bunlara nəzərən, Starmerin vəzifədə qalması ilə bağlı risklər getdikcə artır. Növbəti böhrana və ya ondan sonra yaranacaq hər hansı bir vəziyyətə qədər onun rəqiblərinə qarşı öz mövqeyini qoruya bilib-bilməməsi aydın olacaq. Belə olarsa, bir çox deputatların iradəsinə zidd olaraq hakimiyyəti əlində saxlayan baş nazir kimi, Starmer daha solçu kurs tutmalı olacaq. Leyboristlərin liderləri başa düşürlər ki, onların partiyası və ölkəsi inkişafa ehtiyac duyur. Bu gün siyasətçilər üçün milli inkişaf kursunu seçmək və davam etdirmək daha vacibdir. Liderlik yarışması bu tələblərə ən yaxşı cavab verən namizədləri müəyyənləşdirməyə yalnız kömək edə bilərdi.

“The Economist” qəzeti yazır: Hazırda Britaniya iki yolla üzləşib: yenilənmə şansı və ya aşağıya doğru çəkib aparan spiral. Starmerin yerinə kim gəlir gəlsin, parlament çoxluğunu, daha 3 il hakimiyyətdə qalmağı və sadiq siçan tutan pişiyi miras alacaq. Ölkənin problemlərini həll etmək olar. Britaniya aktivləri olduqca ucuzdur. Seçicilər dəyişiklik istəyirlər. Leyboristlər daxili mübarizə bataqlığına düşə bilərlər, amma bu, onların sonu olacaq”.

Ekspertlər isə yazır ki, alternativ qaranlıq görünür. Bu həftə sonu London küçələrində “İslam işğalına” müqavimət çağırışı edən fəal Tommi Robinsonu dəstəkləmək üçün böyük izdihamın olacağı gözlənilir. Britaniyanın tolerant və çoxmədəniyyətli cəmiyyət modeli kimi nüfuzu zəifləməyə başlayıb. “Fələstini azad et” şüarı altında antisemitizmdən tutmuş, “Britaniya dəyərlərini xilas et" şüarı altında müsəlmanlarla toqquşmalara qədər, xurafat hadisələri daha tez-tez baş verir. Əgər mərkəzçilər uğursuzluğa düçar olsa, demaqoqlar və şarlatanlar növbəti ümumi seçkilərdə qalib gələcəklər. O zaman Britaniya həqiqətən idarəolunmaz hala gələcək.

Hazırladı:
İlqar RÜSTƏMOV
XQ

Dünya