Davamlı yağışların fəsadları aradan qaldırıldı

post-img

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, may ayının 17-si gecə saatlarından başlayaraq gün ərzində respublikanın əksər rayonlarında, o cümlədən Bakı və Abşeron yarımadasında intensiv yağıntılar müşahidə olunub. Bəzi bölgələrdə leysan xarakterli yağışlarla yanaşı, hətta qar yağıb. Paytaxtda düşən yağıntının miqdarı aylıq normadan dəfələrlə çox olub. Başqa sözlə, Bakı şəhəri bir sutka ərzində, təxminən, iki-üç aylıq yağış normasına bərabər yağıntı ilə üz-üzə qalıb.

Bu cür ekstremal hava hadisələri son illərdə tez-tez təkrarlanır və iqlim dəyişikliklərinin yaratdığı risklərin artıq real təhlükəyə çevrildiyini bir daha göstərir. Qısa müddət ərzində normadan dəfələrlə artıq yağışın yağması şəhər infrastrukturuna, xüsusilə kanalizasiya və yağış sularının axıdılması sistemlərinə ciddi yük salır. Bu yük isə bəzi ərazilərdə suyun yığılmasına, hərəkətin məhdudlaşmasına və müəyyən çətinliklərin yaranmasına səbəb olur.

Bakı şəhərində müşahidə olunan intensiv yağışlar nəticəsində yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində dərhal operativ tədbirlər görülüb. Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın rayon icra hakimiyyəti başçıları, onların aparatları və aidiyyəti təsərrüfat strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstəriblər. Şəhər təsərrüfatına cavabdeh olan qurumların əməkdaşları sutka ərzində fasiləsiz işləyərək su basmış ərazilərin təmizlənməsi və nəqliyyatın hərəkətinin bərpası üçün tədbirlər həyata keçiriblər.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumatına görə, yağış nəticəsində bəzi ərazilərdə normanı dəfələrlə üstələyən yağıntının kollektorlar vasitəsilə kənarlaşdırılmasında müəyyən gecikmələr müşahidə edilib. Bu da təbii olaraq bəzi küçə və prospektlərdə su yığılması hallarına səbəb olub. Bununla belə, monitorinq qrupları tərəfindən riskli və problemli ərazilər müəyyənləşdirilərək aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilib və nəticədə həmin nöqtələrdə suyun çəkilməsi, drenaj xətlərinin açılması və kollektorların təmizlənməsi istiqamətində tədbirlər reallaşdırılıb.

Bundan başqa, şəhər üzrə yağış sularının normal axınının təmin edilməsi məqsədilə yağış barmaqlıqları, kanalizasiya şəbəkələri və drenaj xətlərinin təmizlənməsi işləri genişləndirilib. Aidiyyəti qurumlar tərəfindən suyun sürətlə kənarlaşdırılması üçün əlavə su nasosları və xüsusi texniki vasitələr də səfərbər olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhərinin müxtəlif istiqamətlərində, Sumqayıt şəhərində və Abşeron rayonunda su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi, eləcə də digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

FHN-nin məlumatına əsasən, qurumun qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri gün ərzində fasiləsiz şəkildə davam etdirilib. Bildirilib ki, Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər, Suraxanı, Binəqədi, Qaradağ və Səbail rayonlarında, eləcə də Abşeron, Siyəzən, Şabran, Xaçmaz rayonlarında və Bakı-Sumqayıt yolunda müvafiq təhlükəsizlik tədbirləri görülüb, suçəkmə və təmizləmə işləri həyata keçirilib.

Binəqədi rayonunun bəzi qəsəbələrində xüsusi texniki qurğuların cəlb olunması ilə işlər daha intensiv formada aparılıb. Biləcəri qəsəbəsi, İpək yolu və Sənan Zamanov küçələrində, M.Ə.Rəsulzadə qəsəbəsinin Zəngəzur küçəsində, Xocəsən qəsəbəsinin Ulduz və Şollar küçələrində zəruri işlər görülüb. Ərazilərə su nasosları, xüsusi texniki qurğular və ehtiyac yaranan yerlərə ağır texnika cəlb olunub. Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində də intensiv yağışların yaratdığı fəsadlar qısa müddətdə aradan qaldırılıb.

Səbail rayonunda isə xüsusilə yağış sularının normal axınının təmin edilməsi üçün su barmaqlıqları və drenaj xətləri operativ şəkildə təmizlənərək açılıb. Operativ müdaxilələr nəticəsində Şəhidlər xiyabanı yağış sularından tam təmizlənib, eyni zamanda, məhəllələrarası yaranmış problemlər də qısa müddət ərzində aradan qaldırılıb. Qeyd olunub ki, suyun küçələrdən çəkilməsi üçün əlavə tədbirlər görülərək, nəqliyyatın və piyadaların hərəkətində yaranan çətinliklər mərhələli şəkildə qaydaya salınıb.

Mütəxəssislərin fikrincə, Bakı kimi iri şəhərlərdə leysan xarakterli yağıntıların yaratdığı risklər təkcə mövsümi problem deyil. Bu, artıq şəhər infrastrukturu və təhlükəsizlik baxımından ciddi strateji məsələ kimi qiymətləndirilməlidir. Yağıntı sularının axıdılması sistemlərinin genişləndirilməsi, kanalizasiya şəbəkələrinin yenilənməsi, yeni kollektorların tikilməsi və subasma ehtimalı yüksək olan ərazilərdə qabaqlayıcı tədbirlərin görülməsi zəruridir.

Yeri gəlmişkən, Azərbaycan hökuməti ötən ayın sonlarında da intensiv xarakterli yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal tədbirlər görmüş, su basmış evlərdə qalan sakinlər təxliyə olunmuş, küçə və prospektlər sudan təmizlənmişdi. Həmin hadisələr zamanı da müxtəlif qurumlar birgə koordinasiya şəraitində fəaliyyət göstərərək təhlükəsizlik tədbirlərini vaxtında təmin etmişdi. Bu fakt bir daha göstərdi ki, fövqəladə hava hadisələrinə çevik reaksiya mexanizmi formalaşıb və zəruri hallarda dövlət qurumları qısa müddətdə səfərbər olur.

Aprelin 28-də Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdı. Dövlət başçısının imzaladığı sənəd, həm mövcud problemlərin operativ şəkildə aradan qaldırılması, həm də gələcəkdə analoji təbii hadisələrin fəsadlarının minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə oxşar halların təkrarlanmaması məqsədilə 85 milyon 869 min 260 manat vəsait ayrılıb. Bu maliyyə vəsaiti bir sıra mühüm infrastruktur layihələrinin icrasına, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsinə yönəldilib.

Eyni zamanda, dövlətimizin başçısının müvafiq sərəncamı ilə təsdiqlənən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü yağıntılar nəticəsində dəymiş zərərin aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı da açıqlanıb. Həmin siyahıda yol infrastrukturunun bərpası, suötürücü xətlərin genişləndirilməsi, drenaj sistemlərinin təkmilləşdirilməsi, kanalizasiya şəbəkələrinin yenilənməsi, eləcə də təhlükəli zonalarda əlavə mühafizə tədbirlərinin görülməsi nəzərdə tutulur.

Mütəxəssislər bildirirlər ki, belə tədbirlər yalnız cari problemlərin həlli deyil, həm də şəhərlərin iqlim risklərinə qarşı davamlılığının artırılması baxımından vacibdir. Çünki son illərdə müşahidə olunan ekstremal hava hadisələri göstərir ki, güclü yağışlar və sel hadisələri gələcəkdə daha tez-tez baş verə bilər. Bu səbəbdən də ölkədə infrastrukturun modernləşdirilməsi, xüsusilə yağış sularının idarə olunması sistemlərinin yenilənməsi və qabaqlayıcı tədbirlərin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir.

Beləliklə, həyata keçirilən tədbirlər, bir tərəfdən, əhalinin təhlükəsizliyinin gerçəkləşdirilməsinə, digər tərəfdən isə şəhər təsərrüfatının daha dayanıqlı və çevik formada qurulmasına xidmət edir. İcra qurumlarının bu istiqamətdə ardıcıl addımlar atması isə təbii fəlakətlərin mümkün fəsadlarının minimuma endirilməsi baxımından mühüm zəmin yaradır.

V.BİNYATOĞLU
XQ



Sosial həyat