Bakının qədim ruhunu yaşadan İçərişəhər əsrlərin yaddaşını qoruyan müqəddəs məkanlardan biridir. Buraya qədəm qoyan hər kəs sanki zamanın içi ilə yol gedir. Dar küçələr, daş divarlar, eyvanlardan sallanan güllər, karvansaralar, məscidlər və qala divarları insanı orta əsrlərin sehrli dünyasına aparır. İçərişəhərin hər daşında bir tarix, hər küçəsində bir ömür yaşayır. Elə buna görə də yolumuzu yenidən bu qədim məkandan saldıq.
1985-ci ildə Dövlət Tarix-Memarlıq Qoruğu elan edilən İçərişəhərin üç əsas darvazası var - Şamaxı darvazası, Salyan darvazası və dəniz sahilinə açılan darvaza. Əsas girişlərdən biri Qoşa Qala qapısıdır ki, buna Şamaxı darvazası deyilir. Qoşa Qala qapısından içəri daxil olan kimi qarşımızda geniş bir meydan açılır. Meydanın sol tərəfində XVIII əsrin memarlıq abidəsi olan Bakı xanlarının iqamətgahının qalıqları var. Onun bizim dövrümüzə gəlib çatmış tağ formalı giriş qapısı üzərində iqamətgahın tikilmə tarixini əks etdirən kitabə var.
İçərişəhərin dolanbac küçələri ilə addımlayarkən qədim evlərin birinin eyvanında maraqlı mənzərə diqqətimizi çəkdi. Ahıl bir kişi eyvanda idman velosipedində oturub asta-asta məşq edirdi. Günəş şüaları daş divarlara düşür, əsrlərin şahidi olan küçələrdə sakitlik hökm sürürdü. Ağsaqqalın nurani siması, sakit baxışları və təmkinli davranışı sanki bu qədim şəhərin özü ilə vəhdət təşkil edirdi.
Aşağıdan salam verdik. O da gülümsəyərək əl salladı. İçərişəhər haqqında yazı hazırladığımızı deyəndə mehribanlıqla bizi evinə dəvət etdi.
Özünü Həsənov Hamlet Həbib oğlu kimi təqdim edən ağsaqqal bildirdi ki, əslən İrəvan şəhərindəndir və 1978-ci ildən İçərişəhərdə yaşayır:
– “1939-cu ildə İrəvanda anadan olmuşam. Evimiz Təpəbaşı məscidinin yaxınlığında yerləşirdi. Uşaqlığım orada keçib. 1948-ci ildə azərbaycanlıların deportasiyası zamanı ailəmizlə birlikdə Azərbaycana köçürüldük. Beyləqan rayonunda məskunlaşdıq”.
Uzun illər Beyləqanın Bahar qəsəbəsində rus dili və ədəbiyyatı müəllimi işləyən həmsöhbətimiz sonralar müxtəlif mətbuat orqanlarında publisistik yazılarla çıxış etdiyini bildirdi:
– “1992–2014-cü illərdə T.İsmayılov adına Uşaq və Gənclər Sarayında foto laboratoriyanın müdiri işləmişəm, dövlət tədbirlərində fotomüxbir kimi fəaliyyət göstərmişəm. Ulu öndər Heydər Əliyevin uşaq və gənclərlə bağlı tədbirlərdə çəkdiyim fotolar uzun illər qəzet və jurnallarda dərc olunub”.
İndi gəlin əsas mövzumuza qayıdaq deyən Hamlet dayının İçərişəhərdən danışarkən gözlərində sanki bir işıq yaranırdı: “Bu şəhər mənə o qədər doğmadır ki, elə bilirəm burada doğulmuşam. Dünyanın heç bir gözəl guşəsi İçərişəhəri əvəz edə bilməz. Burada insan daşlarla belə ünsiyyət qurur”.
Doğrudan da, qala darvazasından içəri ayaq qoyanda sanki başqa bir aləmə – orta əsrlər şəhərinə düşürsən. Burada yaşadığım uzun illərdə İçərişəhərin tarixi ilə daim maraqlanmışam. Ərazisi 22 hektar olan qədim şəhər bütövlükdə heyrətamiz bir şəhərsalma mədəniyyəti nümunəsidir. Burada küçələrin dar və dolanbac olması da əbəs yerə deyil. Bu ona görə belədir ki, düşmən süvariləri küçə və dalanlara girə bilməsinlər. Çünki belə dar yerdə atların sürətlə hərəkət etməsi və idarə olunması mümkün deyil.
Nabələd adam burada tez bir zamanda aza bilər. Yolu səhv saldınsa, bir nöqtə ətrafında fırlana-fırlana qalırsan. Bir də görürsən ki, yenə əvvəlki yerə gəlib çıxmısan. Bu şəhərin altında ayrıca bir dünya var imiş. Deyilənlərə görə, İçərişəhərdəki ovdanların gizli yolları Maştağaya qədər gedib çıxırmış. Ovdanlar əsasən süxur və kəhriz sularını toplamaq və saxlamaq üçün yeraltı qurğular olub. Onlar torpaqda qazılmış, yaxud bərk süxurlarda oyulmuş pillələrlə düşülən maili quyulardır. Quyunun qurtaracağında kəhriz sularının toplandığı çarhovuz olur. Ovdanların və içməli su quyularının tikilməsi Azərbaycanda nəcib və xeyirxah iş sayılarmış. Belə ovdanlar əsasən İçərişəhərdə Şirvanşahlar sarayının və keçmiş gömrükxananın yaxınlığında olub. Təəssüf ki, bu ovdanlar dövrümüzədək qalmayıb.
İçərişəhərdən çoxlu yeraltı yollar keçir. Vaxtilə bu yollardan birinin hətta 20-30 kilometr uzaqlıqda yerləşən Mərdəkana gedib çıxdığı da deyilirdi. Şəhərdə məşhur hamamlar da olub. Onlardan biri Ağa Mikayıl hamamıdır ki, ona xalq arasında Məşədi İbad hamamı deyilir. Salyan darvazası önündəki Qasım bəy hamamı da öz gözəl quruluşu ilə görənləri heyran edir.
Ağsaqqal sözlərinə onu da əlavə etdi ki, İçərişəhər tarixən ayrı-ayrı məhəllələrdən ibarət olub: Ağşalvarlılar, Arabaçılar, Hamamçılar, Seyidlər. Son üçü adından məlumdur. Ağşalvarlılar isə deyilənə görə, nəsillikcə dənizçiliklə məşğul olanların məskunlaşdığı yerə verilmiş addır.
İçərişəhəri xalq arasında həm də “Qala” və ya sadəcə “Qədim şəhər” adlandırırlar. Bir sözlə, Bakının ən qədim hissəsi olan İçərişəhərin tarixi haqqında nə qədər danışsaq da bitməyəcək.
Bəlkə də İçərişəhərin əsrlərə söykənən tarixində hələ də sirli qalan neçə-neçə möcüzə yaşayır. Bu qədim məkan əsrlər boyu müxtəlif sivilizasiyaların izlərini qoruyub saxlayıb və aparılan arxeoloji araşdırmalar burada keçmişə aid yeni faktların üzə çıxmasına səbəb olub. İnanırıq ki, gələcəkdə də arxeoloqlar və tədqiqatçılar İçərişəhərin gizlində qalan daha neçə tarixi sirrini aşkarlayacaqlar. Çünki İçərişəhər qədim memarlıq nümunələri, həm də dərin tarixi qatları və açılmamış sirləri ilə seçilən nadir məkanlardan biridir.
Artıq axşam düşməsinə baxmayaraq, küçələrdə canlılıq hiss olunur, qədim şəhərin işıqları isə xüsusi gözəllik yaradırdı. Türk dilində danışan bir turist diqqətimizi çəkdi. Turistə yaxınlaşıb təəssüratlarını soruşduq. Türkiyənin İstanbul şəhərindən gələn turist Mehmet Arslan İçərişəhərin tarixi atmosferindən və insanların qonaqpərvərliyindən çox təsirləndiyini bildirdi. Qeyd etdi ki, Bakıya artıq ikinci dəfədir gəlir və hər səfərində məhz İçərişəhərdə qalmağa çalışır: “Çünki Bakının əsl ruhu burada yaşayır. Səhər qədim küçələrdə gəzmək, samovar çayı içmək, daş divarların arasında Azərbaycan musiqisini eşitmək tamam başqa hissdir.
İçərişəhərin ən böyük fərqi qədimliklə həyatın iç-içə olmasıdır. Bir tərəfdə əsrlərlə yaşı olan qala divarı görürsən, digər tərəfdə insanlar gündəlik həyatını yaşayır. Bu, çox nadir hissdir.
Həqiqətən də, İçərişəhər bir gün belə turistsiz olmur. İnsanları bura çəkən yalnız qədim memarlıq deyil. Burada tarix yaşayır, nəfəs alır. Divarlar danışır, küçələr keçmişin səsini insanlara çatdırır.
Bu qədim şəhər həm də müasir şəhərsalma baxımından mühüm nümunə hesab olunur. Bu baxımdan 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması və BMT-nin Dünya Şəhərsalma Forumu - WUF13-ün Bakıda keçirilməsi təsadüfi deyil.
İçərişəhər əsrlər əvvəl formalaşmış şəhər modelinin bu gün də yaşadığını dünyaya göstərir. Burada tarixi irsin qorunması ilə müasir həyat bir-birini tamamlayır. Küçələrin quruluşu, yaşayış məhəllələrinin planı, ictimai məkanların təşkili bu gün urbanistlər üçün mühüm araşdırma nümunəsidir.
Nurəngiz ADİLQIZI
XQ



