FHN-in silsilə tədbirləri: vətəndaşlara fövqəladə hallarda davranış qaydaları öyrədilir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarda davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Bakı Regional Mərkəzi (RM) Binəqədi rayonundakı bağçalarda, Nizami və Xəzər rayonlarındakı məktəblərdə, həmçinin Məhkəmə-Hüquq Şurasının Aparatında görüşlər təşkil edib. Sumqayıt RM isə şəhər 19 nömrəli tam orta məktəbdə maarifləndirmə işləri aparıb.

Gəncə, Şəmkir və Qazaxdakı təhsil və səhiyyə müəssisələrində, eləcə də Qarabağ RM tərəfindən Tərtər və Ağcabədi rayonlarının kənd məktəblərində tədbirlər baş tutub.

Aran RM Yevlax və Göyçayda həm icra nümayəndəliklərində, həm də məktəblərdə görüşlər keçirib. Eyni zamanda, Şimal-qərb, Muğan, Şimal və Cənub regional mərkəzləri tərəfindən Balakən, İmişli, Quba, Qusar, Cəlilabad və Yardımlı rayonlarında təlimlər təşkil olunub.

Maarifləndirmə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsində də görüş keçirilib.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.















Sosial həyat