Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli və “AYNA” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 noyabr tarixli 526 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci hissədə “(ölkəyə gəlmək haqqında icazə, yüklərin yüklənməsinə icazə, üçüncü ölkəyə tranzit gediş üçün icazə)” sözləri “(ikitərəfli yük daşımaları üçün “İcazə” blankı, ikitərəfli və tranzit yük daşımaları üçün “İcazə” blankı, tranzit yük daşımaları üçün “İcazə” blankı, üçüncü ölkəyə/ölkədən yük daşımaları üçün “İcazə” blankı, ikitərəfli, tranzit və üçüncü ölkəyə/ölkədən yük daşımaları üçün “İcazə” blankı, beynəlxalq qeyri-müntəzəm sərnişin daşımaları üçün “İcazə” blankı, Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik “İcazə” blankı (jurnalı), Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli qısamüddətli (aylıq) “İcazə” blankı (jurnalı)” sözləri ilə əvəz edilsin;

1.1. 7-ci hissəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“İcazə” blanklarının elektron mübadiləsini Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi ilə edən ölkələrlə mübadilə yalnız elektron qaydada, digər ölkələr ilə mübadilə isə kağız daşıyıcıda həyata keçirilir. Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli “İcazə”lərinin əldə edilməsi və verilməsi yalnız elektron qaydada həyata keçirilir.”;

1.2. 8-ci hissəyə “İcazə” blankı” sözlərindən əvvəl “Kağız daşıyıcıda olan” sözləri əlavə edilsin;

1.3. 10-cu hissəyə “üçün” sözündən sonra “kağız daşıyıcıda olan” sözləri əlavə edilsin;

1.4. 11-ci hissə üzrə:

1.4.1. birinci abzasa “İcazə” blankı”nın” sözlərindən əvvəl “kağız daşıyıcıda olan” sözləri əlavə edilsin;

1.4.2. onuncu abzasa “İcazə” blankı”nın” sözlərindən əvvəl “Kağız daşıyıcıda olan” sözləri əlavə edilsin;

1.4.3. on dördüncü abzasa “İcazə” blankı” sözlərindən əvvəl “kağız daşıyıcıda olan” sözləri əlavə edilsin;

1.5. aşağıdakı məzmunda 11-1-ci və 11-2-ci hissələr əlavə edilsin:

“11-1. Elektron qaydada mübadilə edilən və verilən “İcazə” blankında aşağıdakı məlumatlar əks olunur:

11-1.1. “İcazə” blankını verən ölkə;

11-1.2. “İcazə” blankının verildiyi ölkə;

11-1.3. “İcazə” blankının eyniləşdirmə nömrəsi;

11-1.4. “İcazə” blankının verildiyi tarix;

11-1.5. “İcazə” blankının ili;

11-1.6. “İcazə” blankının etibarlılıq müddəti;

11-1.7. “İcazə” blankının növü;

11-1.8. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı;

11-1.9. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və ya yük daşımaları fəaliyyətinin operatorunun adı;

11-1.10. beynəlxalq sərnişin və ya yük daşımalarının başladığı ölkə;

11-1.11. beynəlxalq sərnişin və ya yük daşımalarının bitdiyi ölkə;

11-1.12. mübadilə edən tərəflərin qarşılıqlı şəkildə müəyyən etdiyi əlavə qeydlər.

11-2. Elektron qaydada əldə edilən və verilən Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli qısamüddətli (aylıq) və çoxtərəfli illik “İcazə” blankında (jurnalında) aşağıdakı məlumatlar əks olunur:

11-2.1. ölkə kodu;

11-2.2. “İcazə” blankının (jurnalının) növü;

11-2.3. “İcazə” blankının (jurnalının) nömrəsi;

11-2.4. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və ya yük daşımaları fəaliyyətinin operatorunun nəqliyyat vasitəsinin ekoloji sinfi;

11-2.5. “İcazə” blankını (jurnalını) verən orqanın adı;

11-2.6. “İcazə” blankının (jurnalının) verilmə yeri;

11-2.7. “İcazə” blankının (jurnalının) verilmə tarixi;

11-2.8. “İcazə” blankının (jurnalının) etibarlılıq müddəti;

11-2.9. məhdudiyyət tətbiq edilən ölkələrin siyahısı;

11-2.10. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və ya yük daşımaları fəaliyyətinin operatorunun adı, ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

11-2.11. yola düşmə tarixi;

11-2.12. təyinat məntəqəsinə çatma tarixi;

11-2.13. yüklənmə məntəqəsi;

11-2.14. boşaltma məntəqəsi;

11-2.15. yüklənilən ölkə;

11-2.16. boşaldılan ölkə;

11-2.17. nəqliyyat vasitəsinin (dartıcının, qoşqunun və yarımqoşqunun) qeydiyyatda olduğu ölkə;

11-2.18. nəqliyyat vasitəsinin (dartıcının, qoşqunun və yarımqoşqunun) dövlət qeydiyyat nişanı;

11-2.19. yükün ümumi çəkisi;

11-2.20. səfərdən əvvəl və sonra yürüş göstəricisi (kilometr);

11-2.21. Beynəlxalq Nəqliyyat Forumu tərəfindən müəyyən edilən xüsusi qeydlər.”;

1.6. 14-cü hissəyə “İcazə” blanklarının” sözlərindən əvvəl “Kağız daşıyıcıda olan” sözləri əlavə edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 18 ” “ may ” 2026-cı il

№ 151

Nazirlər kabinetinin qərarları