Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Mayın 15-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbiyyatı və elminin görkəmli siması, ictimai-siyasi xadim, Xalq şairi, AMEA-nın həqiqi üzvü Səməd Vurğunun anadan olmasının 120-ci ildönümünə həsr olunmuş “Dilinə, millətinə, yurduna vurğun” adlı ədəbi-musiqili məclis keçirilib.
Mərasimi giriş sözü ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri olan Səməd Vurğunun ömür yolundan, çoxşaxəli fəaliyyətindən, onun Azərbaycanın ədəbi fikir salnaməsindəki rolundan danışıb. O, zəngin fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şairin milli-mənəvi dəyərlərimizin formalaşmasında böyük rol oynadığını bildirib, Səməd Vurğunu istedadlı insan, parlaq şəxsiyyət kimi xarakterizə edib. Qeyd olunub ki, böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparıb, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirib.
Akademik Rafael Hüseynov qeyd edib ki, Səməd Vurğun 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının təsisçilərindən və ilk həqiqi üzvlərindən biri, ömrünün sonlarında isə vitse-prezidenti olub. O, vaxtilə Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuş akademik Musa Əliyevin Azərbaycan dilində nəşr edilmiş xatirələrində yaxın dostu Səməd Vurğunla bağlı qələmə aldığı fikirləri diqqətə çatdırıb.
“Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərib və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır” – deyə akademik Rafael Hüseynov əlavə edib.
“Dilinə, millətinə, yutduna vurğun” adlı tədbirdə də təmsil olunublar.
Muzeyin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlunun aparıcılığı ilə davam edən məclisdə Bakı şəhərinin məktəb və liseyləri təmsil edən şagirdlər Səməd Vurğunun şeirlərini səsləndirib, ədibin sözlərinə bəstələnmiş mahnılar ifa edib, “Vaqif” tamaşasından səhnələr göstəriblər.
Mərasimdə Abdulla Şaiqin ev muzeyinin direktoru Ülkər Talıbzadə, şairin nəticəsi, Səməd Vurğunun ev-muzeyinin direktoru Vurğun Vəkilov və ədibin ev muzeyinin əməkdaşları iştirak ediblər.
Muzeyin “Məktəblərlə və ictimaiyyətlə iş” şöbəsinin və Həmkarlar Təşkilatının birgə səyləri ilə baş tutmuş məclisdə məktəblilər Fəxri fərmanlarla təltif olunublar.
Q.YUSİFOĞLU
XQ

