WUF13 çərçivəsində “Yuğ” Teatrı xarici qonaqlar üçün dörd müxtəlif tamaşa nümayiş etdirəcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Azərbaycan Dövlət “Yuğ” Teatrı xarici qonaqlar üçün repertuarından dörd tamaşa təqdim edəcək.

Teatrdan XQ-yə verilən məlumata görə, mayın 16-da saat 19:00-da Xalq yazıçısı Anarın “Asqılıqda işləyən qadının söhbəti” hekayəsinin motivləri əsasında səhnələşdirilən “Asılqan” tamaşası göstəriləcək. Quruluşçu rejissor Əbdülqəni Əliyev olan səhnə əsərində rolları Elşən Əsgərov və Nigar Mürsəlova ifa edəcəklər.

Mayın 17-si saat 19:00-da isə böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan “Mənəm, mən...” tamaşası nümayiş olunacaq. İlqar Fəhminin əsəri əsasında hazırlanmış bu tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. Səhnə əsərində Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Qasım Nağı, eləcə də Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Amid Qasımov, Elgün Həmidov və Elşən Əsgərov çıxış edəcəklər.

CHARACTERS Müasir Dramaturgiya Festivalının 2024-cü il qalibi olan “Arqon” pyesi əsasında hazırlanan eyniadlı monotamaşa isə WUF13 çərçivəsində mayın 19-da saat 19:00-da təqdim ediləcək. Şəbnəm Xeyrullanın əsəri üzrə səhnələşdirilən tamaşanın quruluşçusu Ruslan İsmayılovdur, monoyaradıcılıqda isə Oqtay Mehdiyev çıxış edir.

Türk dramaturqu Toyğun Orbayın əsəri əsasında hazırlanan “21:15 qatarı” tamaşası isə mayın 21-də saat 19:00-da nümayiş olunacaq. Mikayıl Mikayılovun quruluş verdiyi bu səhnə əsərində rolları Elgün Həmidov, Zümrüd Qasımova və Vüqar Hacıyev ifa edirlər.

Mədəniyyət