Azərbaycan aşıq poeziyasının, aşıq sənətinin, ümumilikdə, Azərbaycan poeziyasının inkişafında misilsiz xidmətləri olmuş Aşıq Ələsgər poeziyası mövzu və mündəricə etibarı ilə bu gün də öz aktuallığını qoruyub saxlayır. Aşıq Ələsgəri yetişdirmiş Göyçə ədəbi mühiti, aşığın yaradıcılığına ciddi təsir etmiş şifahi xalq ədəbiyyatından süzülüb gələn ideya, dil elementləri nəsildən-nəsilə ötürülərək müasir Azərbaycan poeziyasına öz təsirini göstərmişdir. Bu mənada son dövrlər Azərbaycan poeziyasında fərqli üslubu, qeyri-adi yaradıcılıq maneraları ilə fərqlənən tanınmış şair Mahirə Nağıqızı poeziyasının linqvistik xüsusiyyətlərində də Göyçə ədəbi mühitinin, Aşıq Ələsgər dilinin təsiri duyulur.
Azərbaycan poeziyasında müşahidə edilən ənənə və novatorluq Qərbi Azərbaycan ədəbi dil mühitinin yetirməsi sayılan iki böyük söz ustadının yaradıcılığının leksik-semantik aspektdə tədqiq edilməsi, Göyçə ədəbi mühiti, dil faktları, ortaq semantik elementlərin araşdırılması ehtiyacı yaradır.
Məqalədə Aşıq Ələsgər və novator şair Mahirə Nağıqızının poeziyasında ortaq leksik-semantik xüsusiyyətlər tədqiq edilmiş, hər iki sənətkarın poetik mətnlərində işlənmiş Qərbi Azərbaycana aid yer-yurd adları, dialektizimlər, semantik paralellər, etnolinqvistik elementlər müəyyənləşdirilərək şərh edilir.
***
Türklərin Ulu kitabı “Kitabi-Dədə Qorqud” dastanı bu cümlə ilə başlayır: “Rəsul Əleyhüssalam zamanına yaxın Bayat boyundan Qorqud Ata deyə bir ər qopdu. Oğuzun ol kişi tamam bilicisi idi. Nə deyərsə olardı, qeybdən dürlü xəbərlər söylərdi. Həqtəala onun könlünə ilham edərdi... ”
Dədə Ələsgərin hər misrasını oxuduqca bu sözləri xatırlayıram və düşünürəm ki, Oğuzun qədim yurdu ulu Göyçədə Dədə Ələsgər deyə bir ozan doğuldu. Dədə Ələsgər sözün bilicisi idi... O nə deyərsə, olardı, sinədən dürlü sözlər söylərdi və bu sözlər dillərə dastan olardı. Tanrı onun qəlbinə ilham vermişdi...
Dədə Ələsgər ilə Göyçə sözləri məna, məzmun, səs tərkibi ilə o qədər bir-birinə bağlıdır ki, bu iki sözü ayrılıqda təsəvvür etmək mümkün deyil. Bəzən düşünürsən, görəsən, Göyçə olmasa idi, Ələsgər Dədə olardımı?! Məncə, olmazdı, Göyçə olmasaydı, Ağ Aşıq da olmazdı, Aşıq Alı da olmazdı, Dədə Ələsgər də olmazdı, onun şəyirdləri də olmazdı, Göyçə olmasaydı, Aşıq Şenlik, Aşıq Behbud da olmazdı, Aşıq Əsəd, Aşıq Fətulla Göyçəli, Həsən Mirzə, Aşıq Hacı Göyçəli, Mahirə Nağıqızı da olmazdı...
Göyçə sanki açar sözdür. Vətən sözü də, sazın səsi də, sözün sehri də, bu beş səsdən ibarət sözlə başlayır. Göyçə sözündə vətən övladının ruhu var, duyğuları, kədəri, sevinci, məhəbbəti, yaşamaq arzusu, mübarizə əzmi - bir sözlə, insanın gen yaddaşı var.
Bu füsunkar təbiətdə doğulmaq, böyümək, addım atmaq, dağlara, daşlara, çiçəklərə baxmaq, nəfəs almaq, dumana, çənə düşmək insanı valeh etdiyi kimi şair də edər...
***
Dədə Ələsgər şeirinin şöləsində Göyçə nə qədər aydın görünürsə, Göyçədən su içən, Dədə Ələsgərdən dərs alan şairlər, onların yaratdığı poetik mətnlər də bir o qədər parlaq görünür. Bu, həm də Azərbaycan poeziyasında varislik, Dədə Ələsgərin layiqli davamçısı olmaqdır. Əminliklə deyə bilərik ki, Mahirə Nağıqızı Dədə Ələsgərin söz ümmanından qidalanmış, Göyçənin havasından udmuş, Azərbaycan poeziyasında ənənəni yaşadan, eyni zamanda novator şairdir. Ədəbi tənqiddə belə bir deyim var, ənənə novatorluğun məhək daşıdır. Hər bir poetik yenilik ənənəyə söykəndikdə daha gözəl, daha aydın və daha səmimi görünür. Mahirə Nağıqızının poetik dünyası ilə tanış olanda ənənə və novatorluq arasındakı bu bağlılığı daha aydın müşahidə edə bilirik.
Aralarında olan zaman fərqi bu iki söz sərrafının el birliyini, dərd birliyini, kök birliyini qopara bilmir, genetik kodları ayıra bilmir. Bunu Mahirə Nağıqızı poetik dillə belə ifadə edir:
Özümdə bilmirəm nə cür getmişəm,
Ardınca o sazın, inləyən neyin...
Gedib haralarda ruhunu gördüm,
Aşıq Ələsgərin, Dədə Şenliyin.
Lakin diqqətli oxucu Mahirə Nağıqızını səsləyən ruhu yaxından tanıyır. Bu səda Göyçədən, Ağrı dağının vəziri Şah dağından, Qağızmandan, Ala göllərdən, Qaraqayadan, Əyricə yaylağından, Dərələyəzdən Aşıq Ələsgərin Göyçədə darıxan ruhundan, Aşıq Şenliyin Çıldır mahalının Suxara kəndindəki Təzə məzarlıq deyilən yerdə sızım-sızım sızıldayan məzarından gəlir....
Eli bir, yurdu bir, dərdi bir bu iki şairin sirli-sehrli misralarında semantik bənzərliyi daha çox onların Ulu Göyçə mahalının yer-yurd adlarını əks etdirən şeirlərində müşahidə edirik:
Ələsgərdə:
Eşidib Göyçə mahalı,
Külli-İrəvana deyin!
Addayın Şahtaxtından,
Təbrizə, Tehrana deyin!
Üz tutun Alosmana,
Qarsa, Qağızmana deyin.
Mahirə Nağıqızıda:
Gümrünü adladın, Çaldaşı gördün,
Qarsdan o tərəfə, Qağızmana keç.
Dərddən söz çağıran Arpa gölünün
Dərdin görüb gələn darıxarmı heç.
Bu misralar zaman məfhumunu aradan qaldırır, tarixi təkrarlayır, qədim bir xalqın ikiyuzillik keçmişini xatırladır, öz yurdundan qoparılmış bir ulusu doğma yerlərə səsləyir.
Dədə Ələsgərin “Deyin” müxəmməsində Aşığın Dəli Alını vəsfi, onun hər yerdə oxunması haqqında danışılsa da, diqqəti daha çox Göyçə, İrəvan, Şahtaxtı, Təbriz, Qars, Qağızman toponimləri cəlb edir. Aşıq qədim yurd yerlərinin adlarını elə ustalıqla, elə məharətlə və ən əsası da elə ardıcıllıqla çəkir ki, ayağı heç zaman o yerlərə dəyməyən, lakin qanında türk qanı olan hər bir oxucu o məkanların bir-birinə sərhəd ola biləcəyini düşünür. Qeyri-ixtiyari xəritəyə baxırsan və görürsən ki, indi, lap elə indicə Göyçədən çıxsan, İrəvana, oradan Naxçıvana-Şahtaxtına gələr, Cənubi Azərbaycana - Təbrizə gedə bilərsən. Osman oğullarının, can bir, qəlb bir qardaşlarımız Anadolu Türklərinin yaşadığı yerlərə getmək üçün Qarsa, oradan da Qağızmana keçmək asandır. Bu, türkün torpağı, türkün oylağı, türkün yaylağıdır. Mahirə Nağıqızıda da türk coğrafiyasının sərhədləri məna və məkan baxımından Dədə Ələsgərlə üst-üstə düşür: Göyçədən hərəkətə başlasan Gümrüyə gələr, Çaldaşı görər, Qarsa keçər, Qağızmana çatarsan. Bu misralar sadəcə coğrafi koordinat, şəhər-kənd adı deyildir, bu misralar iki yüz illik yurd dərdidir, vətən həsrətidir.
Dədə Ələsgər “Şah dağı” müxəmməsində Göyçə gölünün şərqində yerləşən Şah dağını vəsf edərkən kədərli idi:
Yazıq Ələsgər yolunda
Başı can bağışlayacaq;
Aşıq səndən incik gedir,
Ərzi-giley başlayacaq;
Özünə də məlum olsun.
Küsüb qonağın, Şah dağı!
Aşıq Ələsgərin “Şah dağı” müxəmməsində müşahidə edilən dərin ictimai kədər tədqiqatçı alim Salman Qaraların diqqətindən yayınmamış və o “Adım Ələsgərdi...”monoqrafiyasında qeyd etmişdir ki, Şah dağının gözəl yaylaqlarında müxənnət adamların varlığı, qanan adamların azlığı Aşığın narahatlığına səbəb olmuşdur.
Şair Mahirə Nağıqızı da o müqəddəs vətən torpağı üçün dərin iztirab, sonsuz kədər içindədir:
Nə qədər dərd olar insan olana,
Ha ölç-biç, ölçüyə-mizana gəlmir.
Çuxur-Səd məscidi boynunu büküb,
Buraya bir adam azana gəlmir.
Poeziya şairin təcrübəsi, hissi, həyəcanı qəlb çırpıntısı, ürək səsidir. Bu səs, bu həyəcan hadisədən doğur, məntiqin təzahürü kimi çıxış edir. İnsan ruhunun dərinliklərindən süzülüb gələn bu səslər sözə çevriləndə aralarında zaman anlayışı itir, Tanrı ilə dialoqa, yalvarışa, xahişə, ruha çevrilir.
Dədə Ələsgərdə:
Hanı bu yaylaqda yaylayan ellər?!
Görəndə gözümdə car oldu sellər...
Seyr etmir köysündə türfə gözəllər,
Sancılmır buxağa güllərin, dağlar.
Dədə Ələsgərin 1905-ci ildə qaçaq Əmirəhmədin məclisində dediyi “Dağlar” qoşmasında bu gün də insanın iliklərinə qədər işləyən kədər 120 il sonra Mahirə Nağıqızının “Dağların” rədifli gəraylısında göz yaşları ilə ilmə-ilmə hörülür:
Demə ki, ağlar qızıdı.
Bağlayan ilqar qızıdı.
Mahirə dağlar qızıdı,
Saxlar bağrında dağları.
Sözlər muncuq kimi sıralanır, axıcı təhkiyə insan ruhunu ayrı bir dünyaya aparır, 120 ildən sonra deyilmiş bu misralar hadisənin övladı kimi çıxış edir, dağlar qızının Ələsgərin varisi olduğunu təsdiqləyir.
Dədə Ələsgər poeziyasının dilini, üslubunu, sənətkarlıq xüsusiyyətlərini araşdırmış professor Məhərrəm Hüseynov yazırdı ki, onun poetik yaradıcılığını milli zəminlə bağlayan əsas amillərdən biri üslubundakı estetik meyarların xəlqiliyidir. Müəllif haqlıdır, fikrimizcə, bu amil Göyçə dil mühiti ilə bağlı idi. Aşığın zəngin dili Göyçənin zəngin xalq leksikonuna əsaslanırdı. Göyçəlilərin dilinə yaxınlıq şairin bir çox şeirlərində, o cümlədən “Üzün məndən niyə döndü” gəraylısında aydın sezilir. Rəvayətə görə, Dədə ömür-gün yoldaşı Anaxanımın könlünü almaqdan ötrü bu gəraylını “İran gəraylısı” havası ilə söyləmişdir:
Gəl, ey mehri-məhəbbətim,
Üzün məndən niyə döndü?!
Ağzı şəkər, ləbi qəndim,
Üzün məndən niyə döndü?!
Birinci misrada, bədii xitabda müşahidə edilən müraciət obyektinin “mehr və məhəbbət” sözləri ilə ifadəsi təsadüfi deyildir. Mehribanlıq və məhəbbət sözləri mürəkkəb söz kimi çıxış edəndə dərin dostluğu, xoş münasibəti, mənəvi bağlılığı ifadə edir. Səmimilik və xeyirxah bir sevgini ifadə edir. İkinci misradakı “Üzün məndən niyə döndü” bədii sualının tərkibindəki “üzü dönmək” frazeoloji birləşməsi emosional vəziyyətin periferiya zonasına daxil olan “münasibətin dəyişməsi”, “münasibətin soyuması”, “soyuqluq”, “küsülülük” semaları ilə eyni xətdə birləşir. Bu isə öz növbəsində birinci misra ilə ciddi bədii təzad yaradır. Birinci misrada müşahidə edilən səmimilik, mehribanlıq, xoş münasibət ikinci misrada birdən-birə əriyib yox olur. Yeri gəlmişkən qeyd etmək istərdik ki, “Üzü dönmək” frazeoloji birləşməsinə canlı xalq dilində tez-tez rast gəlirik. Hətta bu deyimə “Kitabi-Dədə Qorqud” dastanının dilində də təsadüf edilir. Professor Əzizxan Tanrıverdi yazırdı ki, “dönmək” feili “Kitabi-Dədə Qorqud”un dilində “əl çəkmək”, “sözündən qaçmaq”, “üz döndərmək” (“Mən Qazandan dönməzəm, bəllü bilgil”) mənasında işlənir.
Bəndin üçüncü misrada ardıcıl işlənmiş “ağzı şəkər” və “ləbi qəndim” metaforaları onu deməyə əsas verir ki, aşiq bu küsülülük, soyuqluqdan təsirlənsə belə, ümidi üzülmür, sevgisi azalmır, inamı itmir. Arada yaranmış soyuqluğun, bağlanmış əhdi-peymanın unudulma səbəbini də buna görə soruşur.
Dağlar qızının “Niyə döndü” gəraylısının da ilk bəndi “Üzün məndən niyə döndü?” bədii sualının əsasında qurulubdur:
Olum gözlərin qurbanı,
Üzün məndən niyə döndü.
Hanı, dediyin söz hanı,
Üzün məndən niyə döndü?!
Göyçənin, Aşıq Ələsgərin varisi dağlar qızının poeziyasını Dədə Ələsgərin işığında aydın görmək üçün sözlərin semantik yükünü açmaq lazımdır. İlk misrada “Gözlərinə qurban olum” məcazı onu deməyə əsas verir ki, xitab obyekti lirik qəhrəmanın ən yaxını, qəlb həmdəmi, ürək sirdaşıdır. İkinci misra bu səmimiyyətin təzadı rolunda çıxış edir, lirik qəhrəman “Üzün məndən niyə döndü” frazeoloji birləşmə şəklində sualı gözlərinə qurban olunacaq qədər dəyərli olana nə üçün küsdüyünü, incidiyini öyrənmək üçün ünvanlayır. Axı arada verilmiş vəd vardır. Üçüncü misra buna işarədir, məhz buna görə də lirik qəhrəman bir daha dördüncü misrada bu küskünlüyün, bu incikliyin səbəbini soruşur.
Dədə Ələsgərin “Üzün məndən niyə döndü” gəraylısının ikinci bəndinin ilk misrasında ölümün ayrılıqdan yaxşı, həsrətin qədd əyəcək qədər ağır olması sıxılmış semantik dil faktları ilə təsvir edilir. Üçüncü misrada isə arada baş vermiş incikliyin səbəbinə azacıq işıq salınır:
Ayrılıqdan ölüm yeydi,
Həsrətin qəddimi əydi.
Nə dedim xətrinə dəydi,
Üzün məndən niyə döndü?!
Üçüncü misrada, bədii sualdan bəlli olur ki, gözəlin xətrinə dəyən sözdür, lirik qəhrəman sanki “günahkar” olmasını boynuna alır, hansı sözünün sevdiyinin xətrinə dəyməsini soruşur.
Mahirə Nağıqızının “Niyə döndü” gəraylısının ikinci bəndində də eyni məzmun xəttini müşahidə edə bilirik:
Ahımı hara tuşluyam,
Demirəm, bəlkə suçluyam.
Mən qərib tək yolçuyam,
Üzün məndən niyə döndü.
Birinci misrada şair kədərlidir, ah çəkir, ikinci misrada suçlu olmasını, güman, şübhə ilə ifadə edir. Üçüncü misrada qərib olduğunu, tək qaldığını etiraf edir, sonuncu misrada isə lirik qəhrəman bütün bunların səbəbini soruşur.
Dədə Ələsgərin “Üzün məndən niyə döndü” gəraylısının sonuncu bəndi aşağıdakı şəkildədir:
Aşığa yoxdu qadağa,
Müştaqdı dilə, dodağa.
Ələsgər sənə sadağa,
Üzün məndən niyə döndü?
Bəndin ilk misrasında “Aşığa yoxdu qadağa” deyimi dastan ənənəsindən süzülüb gələn min illik tarixi keçmişin bədii ifadəsidir. Məhz bu xatırlatmadan sonra Aşıq deyir ki, məşuqun dilinə-sözünə təşnədir, onun dilindən çıxan sözlərin həsrətindədir, barışmağı ürəkdən arzu edir. Bunun üçün gözələ sədəqə olmağa, Göyçə dialektində “sadağa” olmağa hazırdır.
Dağlar qızı Mahirə Nağıqızının “Niyə döndü” gəraylısı altı bənddir. Gəraylının üçüncü bəndində şair yardan gileylənir, dördüncü misrada “Bayıra çıxma, sazaqdı” misrasında lirik qəhrəmanın qayğısının, beşinci misrada aşiqin mənəvi iztirablarının bədii təsviri ilə qarşılaşırıq. Möhürbənddə isə şair aşıq şeir şəklinin tələblərinə uyğun olaraq adını söyləyir:
Mahirəyəm, qəlbim dolu,
Özün göstərmişdin yolu.
Birdən-birə, əcəm oğlu.
Üzün məndən niyə döndü?
Möhürbəndin üçüncü misrasından öyrənirik ki, sıra-sıra, inci-inci düzülmüş ürək sözlərinin, qəlb çırpıntılarının ünvanı “əcəm oğlu”dur. Dağlar qızını ovsunlayan da, sözünə, sazına layiq olan da, dağlar qızından küsən də əcəm oğludur. Gəraylının sonuncu bəndi ilə əvvəlki bəndlər arasında məna bağlılığı o qədər möhkəmdir ki, şairin lirik mühakimələr vasitəsi ilə bütöv bir həyat hadisəsinin təsvirini müşahidə edirik. Burada professor M.Hüseynovun Mahirə Nağıqızının poetik yaradıcılığı haqqında fikirlərini xatırlamaq yerinə düşür: “Mahirə Nağıqızının poetik təəssüratları daha çox konkret faktlara, canlı hadisələrin birbaşa özünə istinad edir. Onlar emosional, güclü və hərəkətverici təəssüratlar olduğu üçün sentimental tonla yanaşı enerji dramatizm də törədir.”
Dədə Ələsgər və Mahirə Nağı qızı poeziyasında bəzən eyni söz, eyni deyim hər iki sənətkarın dilində rədifə çevrilir, müxtəlif zamanlarda, müxtəlif məzmunda biri-birindən gözəl bədii hadisəyə çevrilir. Məsələn, Aşıq Ələsgərdə “Xoş gəldin” rədifli bir qoşma və gəraylı vardır. Mahirə Nağıqızıda bir “Xoş gəldin” rədifli gəraylı vardır. Hər iki sənətkarda “xoş gəldin” etiketi müxtəlif bədii obyektə ünvanlanmışdır. Dədə “xoş gəldin”i adətincə bir alagöz gözələ, dağlar qızı isə bu etiketi ilin payız fəslinə ünvanlamışdır.
***
Hər iki söz sərrafının poetik düşüncəsi, Göyçənin dil mühiti ilə müşahidə edilir. İstər bölgəyə xas istiqanlılıq, qonaqpərvərlik və yüksək dəyərlər, ağrı-acılar, ayrılıq, kədər, yurd həsrəti kimi duyğular, istərsə də bu hiss və duyğuların yerli dil faktları, leksik və fonetik dialektizimlərlə ifadə edilməsi varisliyin təzahürü kimi çıxış edir.
Diqqəti cəlb edən məsələlərdən biri də uzun illər müxtəlif dövrlərə aid Azərbaycan poeziyasının bədii, estetik dilini tədqiq etmiş professor Məhərrəm Hüseynov Azərbaycan poeziyasında iki söz ustadının poetik yaradıcılığına elmi monoqrafiya həsr etmişdir. Bunlardan birincisi Aşıq Ələsgərdir ki, M. Hüseynov Dədə Ələsgərin fərdi üslubunu, aşığın dilində işlənmiş obrazlı dil vahidlərinin leksik-semantik qruplarını tədqiq etmiş, sintaktik fiqurları, şeir dilinin estetik məziyyətlərini üzə çıxarmışdır. M.Hüseynov “Estetik qayə və poetik təkamül” monoqrafiyasını isə Mahirə Nağıqızının bayatıları əsasında yazmışdır. Görkəmli alim bu monoqrafiyasında Mahirə xanımın fərdi üslubunu, həyat faktlarını poetik dillə ifadə etmə məharətini, onun sənətkarlıq xüsusiyyətlərini elmi faktlarla izah etmişdir.
Şübhə yoxdur ki, hər iki söz sənətkarının Göyçə ədəbi mühitinin nümayəndəsi olması, söz sənətində ortaq leksik-semantik paralellərin müşahidə edilməsi dil tədqiqatçısı Məhərrəm Hüseynovun diqqətini cəlb etmişdir.
Dədə Ələsgərin dilində müşahidə etdiyimiz Qərbi Azərbaycana aid onomastik vahidlərin, “zəhmər”, “fətir”, “pencər”, “qaysava”, “dağarcıq”, “xışım”, “nasağ”, “naqafıl”, “səxa”, “moc”, “irvə”, “barat”, “qal”, “şülən”, “pünhan”, “tavar”, “irdələmək”, “dübara” kimi leksik dialektizimlər; “irah”, “istəkan”, “irəşbər”, “üzrüsxət”, “irazı”, “urzu”, “barabar”, “lala”, “qiybat”, “baştan”, “irəftar”, “ürüzgar” kimi fonetik dialektizimlər Mahirə Nağıqızının poetik mətnlərində də sezilir.
Həmçinin Dədə Ələsgərdə təsadüf etdiyimiz “ qadan allam”, “gözü qalmaq”, “həsrət çəkmək”, “can qurban”, “qana batmaq”, “od salmaq”, “can almaq”, “qulaq vermək” kimi frazeoloji birləşmələrə Mahirə Nağıqızı poeziyasında da rast gəlmək mümkündür. Poetik mətnlərin əsas elementi sayılan obrazlılığın fonetik, leksik və qrammatik göstəriciləri də hər iki söz sərrafında etnolinqvistik planda ortaq, ifadə və məzmun, üslub baxımından fərqlidir.
İstər Aşıq Ələsgərin, istərsə də onun davamçısı, varisi hesab edilən Mahirə Nağıqızının yaradıcılığında ortaq semantik, leksik elementlərin tədqiqini bir elmi məqalə çərçivəsinə sığışdırmaq, məzmununda dərin bir el kədəri, bənzərsiz təbiət lövhələri, gözəllik təsvirləri əks etdirən yüzlərlə sənət əsərini izah etmək mümkünsüz görünür, lakin əminəm ki, Dədə Ələsgər yaradıcılığına müraciət edən hər bir oxucu, tədqiqatçı bu iki sənətkar arasında Dədəm Qorquddan süzülüb gələn görünməz bağlılığı sezəcək, duyacaq və dəyərləndirəcəkdir...
Fatma HACIYEVA
tibb elmləri doktoru

