Zəngilanda torpaq yenidən canlanır

post-img

İşğaldan azad olunmuş torpaqlara həyat yenidən qayıdıb. Minalardan təmizlənmiş sahələr uzun illərin sükutundan sonra yenidən nəfəs alır. Dövlət qayğısı və kənd sakinlərinin zəhməti sayəsində bu torpaqlarda yeni ümidlər cücərir. Vaxtında əkilən və hazırda suvarılan sahələr yüksək məhsuldarlığa böyük ümidlər yaradır.

Zəngilan rayonunda müxtəlif şirkətlərlə yanaşı, doğma yurduna – “Ağıllı kənd”ə qayıdan fermerlər də bu münbit torpaqlarda fəaliyyətə başlayaraq zəhmətlərinin bəhrəsini görməyə çalışırlar. Bir vaxtlar “susmuş” bu torpaqlar indi yenidən zəhmətin və dirçəlişin dili ilə “danışır”. Kənddə fermerlərin qayğıları və problemləri ilə yaxından tanış olmaq üçün onlarla çay süfrəsi arxasında həmsöhbət olduq. Torpağa bağlılığı ilə seçilən Vəsfi Buludlu doğma yurda qayıtdığı gündən sevdiyi sahədə çalışır. Deyir ki, yurda qayıdan hər kəs kimi onun da arzu və istəkləri öyrənilib, işlə təmin olunub.

Həmsöhbətim bildirir ki, asudə vaxtlarımda ailəsinə dəstək olmaq üçün həyətyanı sahədə çalışır. Uşaq vaxtı böyüklərindən görüb-götürdüyü torpaq sevgisi, halal zəhmət onu əməyə alışdırıb: “Atam Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, birinci dərəcəli əlil idi. O artıq dünyasını dəyişib. İki bacının tək qardaşı kimi kəndə qayıdan gündən dolanışıq üçün torpağa daha çox bağlandım və indi bunun bəhrəsini görürəm”.

Hazırda Minayə Mahmudovanın rəhbərlik etdiyi “Barış” fermer kooperativinin üzvü kimi çalışan Vəsfi söhbətinə davam edərək deyir:

– Hazırda təsərrüfatımızın 10 hektar torpağı var. Bu il ilk dəfə olaraq arpa əkmişik. Kooperativin 6 üzvündən biri kimi bol məhsul əldə etmək üçün sahəmizdə bütün aqrotexniki qaydalara əməl edirik. Bunun da bəhrəsini görürürk. Yaşayış şəraitimiz də ürəyimizcədir – 4 otaqlı, tam şəraitli evlə təmin olunmuşuq. İndi əsas məqsədimiz təsərrüfatı inkişaf etdirmək və dövlətin qayğısını əməli fəaliyyətimizlə doğrultmaqdır.

Zəngilan rayonunun ənənəvi təsərrüfatlarından olan heyvandarlıq da yenidən inkişaf mərhələsinə qədəm qoyub. Geniş örüş sahələrinə nəzər saldıqda mal-qaranın artdığı aydın hiss olunur. “Yazı düzü” kimi tanınan ərazilərdə yeni yaradılan təsərrüfatlar, Sarıl və Xumarlı kəndlərinin ətrafındakı geniş sahələr yeni inkişafın müjdəçisidir. Uzaq Uruqvaydan gətirilən yüksək məhsuldar “Aberdin Anqus” cinsli mal-qara təsərrüfatlarda heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olub.

Fermer Roman Orucov isə bildirir ki, əvvəlcə işlər bir qədər çətin olsa da, indi hər şey qaydasına düşüb: “Otlaqlarımız yaxşı vəziyyətdədir. Müraciətimizə əsasən, dövlət tərəfindən bizə 25 hektar sahə ayrılıb. Təsərrüfatımızda indi 250 baş xırda və 14 baş iribuynuzlu heyvan var. Hazırda rayonda süd və ət məhsullarına olan tələbatı, demək olar ki, tam ödəyirik. Bununla yanaşı, təsərrüfatımızı genişləndirməyə çalışırıq. Çünki köç artdıqca, bu məhsullara tələbat da yüksəlir”.

Atası Fazil Səlimov torpaqlar işğal olunana – 1993-cü ilə qədər uzun müddət təsərrüfatda çalışıb, ferma müdiri işləyib. Köçkünlük dövründə bu sahə ilə məşğul olmağın mümkünsüzlüyünü dilə gətirən həmsöhbətim deyir ki, indi dövlət tərəfindən onlar üçün hər cür şərait yaradılıb: “Müasir, tam təchizatlı evlə təmin olunmuşam. Övladlarımın üçü də kəndimizin müasir məktəbində təhsil alır. Kənd təsərrüfatı naziri rayona səfəri zamanı təsərrüfatımıza da baş çəkərək problemlərimizlə maraqlandı və onların həlli üçün müvafiq tapşırıqlar verdi. Hazırda Zəngilan Hava Limanında sürücü işləməklə yanaşı, asudə vaxtlarımda təsərrüfatımı inkişaf etdirməyə çalışıram”.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri



Sosial həyat