Torpağa bağlı insanlar həmişə el gözündə uca tutulub, ehtiramla yad ediliblər. Torpağa məhəbbət, xalqına xidmət insanı tanıdıb, şöhrətləndirib. Qərbi Azərbaycanın qədim bölgələrinin birində – Ağbaba-Şörəyel mahalının Oxcoğlu kəndində dünyaya göz açan akademik Məmmədtağı İbrahim oğlu Cəfərova da nüfuz qazandıran torpaq sevgisi, zəkası ilə ölkəsinin tərəqqisinə xidmət etməsi olub.
Oxcoğlu Ağbaba-Şörəyel mahalının ən böyük kəndlərindən biri idi. 1988-ci ilin sonlarına olan məlumata görə, kənddə azərbaycanlılardan ibarət 1552 nəfər yaşayırdı. Şörəyel düzənliyində Gümrü şəhərindən 7 kilometr şimal-qərbdə yerləşən Oxcoğlu qədim və zəngin tarixin izlərini özündə daşıyır. Bu toponim ana kitabımız “Kitabi-Dədə Qorqud” dastanlarında, “Oğuznamə”lərdə, bir sıra əski türk yazılı qaynaqlarında, əfsanə və rəvayətlərdə şəxs və tayfa adı kimi xatırlanır.
Keşməkeşli ömür yolu keçən Məmmədtağı Cəfərov hələ kiçik yaşlarından həyatın sərt sınaqları ilə üzləşib. İkinci Dünya müharibəsinin ağrılı-acılı günləri, dəhşətli aclıq illəri anası Sara xanımı, altı yaşlı bacısını həyatdan vaxtsız aparsa da, Məmmədtağı Cəfərov (onda onun on yaşı var idi) bu dözülməz dərdlərə tab gətirdi. Atası İbrahim kişi müharibənin axırlarında doğma kəndinə qayıtsa da, artıq amansız tale öz işini görmüşdü
O qanlı-qadalı illərdə Oxcoğlu kənd yeddiillik məktəbində oxuyan Məmmədtağı anasının vəsiyyət etdiyi kimi torpağın bərəkəti ilə böyüdü. Torpağın bərəkəti onu mətinləşdirdi, özünə inamı gücləndirdi. Məmmədtağı Cəfərov ömrünün müdrik çağlarında yazırdı: “Torpağı yalnız ana südü ilə müqayisə etmək olar. Odur ki, torpaq məhəbbəti südlə, qan yaddaşı ilə keçir”.
Oxcoğlu kənd yeddiillik məktəbini əla qiymətlərlə başa vurub İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumuna daxil olan M.Cəfərov bu təhsil ocağını da əlaçı və nümunəvi tələbə kimi bitirdi.
Texnikumu qırmızı diplomla bitirən gənc Məmmədtağı Moskvada K.A.Timiryazev adına Kənd Təsərrüfatı İnstitutuna qəbul olunsa da, təhsilini davam etdirə bilmədi. Çünki Moskva kimi nəhəng bir şəhərdə ali təhsil almaq üçün yalnız bilik və bacarıq kifayət etmirdi, qalmağa yer, maddi vəsait lazım idi. Lakin bu ağır vəziyyət onu yolundan döndərə bilmədi, arzularının işığında qədim Gəncəyə üz tutdu.
1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Aqrar Sənaye Universiteti) aqranomluq fakültəsinə daxil oldu. Tələbəlik həyatının ilk günündən ömrünün sonunadək taleyini Gəncə şəhəri ilə bağladı. Yarım əsrdən çox müxtəlif adlar altında fəaliyyət göstərən bu ali təhsil ocağında çalışdı. 1959-1962-ci illərdə AKTİ-nin aspiranturasında oxuyan Məmmədtağı Cəfərov elmi fəaliyyətinin əsas istiqamətlərini torpağın münbitliyinin artırılmasına və fosfor balansının tənzimlənməsinə yönəltdi. Bu da səbəbsiz deyildi: axı kiçik yaşlarından o, torpaqla nəfəs almış, onun yetirdiyi nemətlərlə böyüyüb bərkimişdi.
Nəhayət, torpaq sevgisi, gərgin elmi axtarışlar öz bəhrəsini verdi. Gənc aspirant 1963-cü ildə “Gəncə-Qazax zonasının suvarılan torpaqlarında müxtəlif növ fosfor gübrələrinin effektivliyi” mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfat elmləri namizədi elmi dərəcəsi aldı. Beləliklə, Azərbaycan torpaqşünaslıq elmində su rejimi, torpağın münbitliyinin təmin edilməsi, aqroekoloji şəraitin nəzərə alınması və ayrı-ayrı mövsümlərdə aqrokimyanın flora və faunaya təsiri məsələləri sahəsində uğurlu bir addım atıldı. Onun əldə etdiyi elmi nəticələr yalnız Azərbaycanda deyil, keçmiş Sovetlər Birlyində torpağın məhsuldarlığının artırılmasında fosfat gübrələrindən səmərəli istifadə, ona olan tələbatın öyrənilməsi və xəritələşdirilməsi və sair sahələrdə uğurla tətbiq olundu.
Akademik Məmmədtağı Cəfərovun elmi fəaliyyətinin birinci mərhələsində (1960-1980) fosfatlar problemin araşdırılması, bu birləşmələrin bitki örtüyünün inkişafında rolu, müasir aqrar-sənaye sahələrində tətbiqi kimi əhəmiyyətli məsələlər geniş yer tutmuşdur. Çağdaş dövrümüzdə belə aktual və qlobal problemlərin tədqiqi yalnız Məmmədtağı Cəfərovun elmi maraq dairəsindən irəli gəlmirdi, həm də görkəmli akademikin torpağa bağlılığının, Vətən sevgisinin parlaq təcəssümü idi. Onun 1973-cü ildə Belarusiya Elmi-Tədqiqat Əkinçilik İnstitutunda “Azərbaycan torpaqlarında və əkinçiliyində fosfatlar problemi” mövzusunda doktorluq dissertasiyası müdafiə etməsi bu cəhətlərin nəticəsi kimi dəyərləndirilməlidir.
Məmmədtağı müəllimin elmi fəaliyyəti yalnız fosfatlar probleminin tədqiqi ilə məhdudlaşmır. O, çoxşaxəli fəaliyyətinin ikinci dövründə (1980-2007) respublikamızda eroziyaya uğramış torpaqların xəritələşdirilməsi və yararlı hala salınması, becərmə sisteminin təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması kimi mühüm əhəmiyyət daşıyan problemlərin elmi-nəzəri və praktik həlli ilə məşğul olmuşdur. Quba-Xaçmaz, Şəki-Zaqatala və digər bölgələrin torpaqlarının tədqiqi, suvarma zamanı torpaqların gübrələnməsi, rekultivasiyası kimi aktual məsələlər, bir sözlə, respublikamızda torpaqşünaslığın elm kimi imkişafı akademik Məmmədtağı Cəfərovun adı ilə bağlıdır. Bu baxımdan onun “Torpaq fondu və ondan səmərəli istifadə”, “Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası”, “Azərbaycanın əsas əkinçilik zonalarında qida maddələrinin balansı” (rus dilində), “Azərbaycan torpaqlarında və əkinçiliyində fosfatlar problemi” monoqrafiyaları, iki hissədən ibarət “Torpaqşünaslıq” dərsliyi, “Torpaqşünaslıq və geologiyanın əsasları”, “İrimiqyaslı torpaq xəritələrinin tərtibi və istifadəsi” və digər əsərləri mühüm əhəmiyyət kəsb edir.
Keçən əsrin sonlarında torpaqlarımızın bir hissəsinin ekoloji qəza məkanına çevrilməsi barədə görkəmli alimin çaldığı həyəcan təbili və problemin həlli yolları bu günümüzdə də eyni aktuallıqla səslənir. Mütəxəssis-alimlər bu fikirlərində tamamilə haqlıdırlar ki, “Məmmədtağı Cəfərovun elmi konsepsiyası ekoloji təmiz məhsul istehsalının elmi əsasını vermişdir”.
Öz elmi məktəbini yaradan alim, həm də görkəmli təhsil təşkilatçısı və ictimai xadim kimi tanınır. Onun pedaqoq-alim kimi Azərbaycan elm və təhsilinin inkişafında böyük xidmətləri olmuşdur. Xüsusilə, “Torpaqşünaslıq” dərsliyi çağdaş dünyamızın ekoloji problemlərinə yeni elmi-metodoloji yanaşma və konsepsiyası ilə diqqəti cəlb edir. Bu dərslik müəllim və tələbələrin, mütəxəssislərin stolüstü kitabıdır. Bu istiqamətdə Məmmədtağı müəllimin elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirən görkəmli akademik Həsən Əliyev yazırdı: “Azərbaycan dilində kənd təsərrüfatı məktəbi üçün “Torpaqşünaslıq” dərsliyinin ilk müəllifi professor Məmmədtağı Cəfərovun xidmətləri əvəzsizdir”.
Tələbə, aspirant, müəllim, kafedra müdiri, dekan, rektor – bütün bu mərhələlər Məmmədtağı müəllimin ömür yolunun şərəfli səhifələridir. O, 1988-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə bu ali məktəbə rektor təyin olunan gündən irimiqyaslı islahatlara, yeni yaradıcılıq metodlarına, kadr potensialının güclənməsinə geniş meydan açdı. Rektorluğunun ilk dönəmində bir sıra uğurlara imza atdı, rəhbərlik etdiyi təhsil ocağı nəinki keçmiş Sovetlər Birliyində, xarici ölkələrdə də tanınmağa başladı. 1989-cu ildə ölkədə hökm sürən özbaşınalıq və xaosdan istifadə edən qüvvələr onu tutduğu vəzifədən qeyri-qanuni şəkildə uzaqlaşdırsalar da, Məmmədtağı Cəfərov öz əqidəsindən dönmədi. Evi gülləyə tutuldu, iftira və böhtanlara, təqib və təzyiqlərə məruz qaldı, əyilmədi, daim haqqa, ədalətə güvəndi. Vətənin dar günlərində bu inam, dövlətçiliyimizə sədaqət onu “91-lər”lə birləşdirdi. Qaragüruhçu qüvvələrin bütün cəhdləri boşa çıxdı, Heydər Əliyev doğma xalqının imdadına yetişib yenidən hakimiyyətə qayıtdı. Bu, Azərbaycan xalqının qələbəsi, ədalətin təntənəsi idi. Bu qələbədə akademik M.Cəfərovun da danılmaz xidmətləri oldu.
O, 1995-ci ildə ikinci dəfə bu ali məktəbə rektor təyin olundu və yüksək ləyaqət hissi ilə ömrünün sonuna – 2007-ci ilə qədər bu vəzifədə çalışdı. Azərbaycançılıq ideologiyasına, dövlətçilik ənənəsinə sədaqət, elm və təhsilimizin inkişafı naminə əsl vətəndaş-ziyalı mövqeyində dayanmaq bir şəxsiyyət, alim-pedaqoq və ictimai xadim kimi akademik Məmmədtağı Cəfərovun əqidə bütövlüyünü, mənəvi əzəmətini nümayiş etdirir.
Yaşasaydı, Məmmədtağı müəllim 90 illik yubileyini qeyd edəcəkdi. Fəqət amansız tale buna macal vermədi. Məmmədtağı müəllimin əziz xatirəsi həmişə bizimlədir.
Avtandil AĞBABA,
filologiya elmləri doktoru,
Əməkdar jurnalist

