IX "ANİMAFİLM" Beynəlxalq Animasiya Festivalının açılışı olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Nizami Kino Mərkəzində 9-cu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılış mərasimi keçirilib. Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və Yaradıcı Mərkəzin dəstəyi ilə Azərbaycan Animasiya Assosiasiyası və “ANİMAFİLM” MMC tərəfindən təşkil olunub.

Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev çıxış edərək, festivalın artıq 9-cu dəfə keçirildiyini və illərdir davamlı dəstək gördüyünü vurğulayıb. O, təşkilatçılara və tərəfdaşlara təşəkkürünü bildirib, həmçinin qeyd edib ki, festival çərçivəsində xarici qonaqların iştirakı ilə müxtəlif peşəkar vörkşoplar təşkil olunacaq. Onun sözlərinə görə, bu təşəbbüslər yerli animasiya mühitinin inkişafına mühüm töhfə verir.

R.Ağamalıyev əlavə edib ki, animasiya sahəsi ölkədə sürətlə inkişaf edir. Festival müddətində tamaşaçılar zəngin müsabiqə və qeyri-müsabiqə proqramları ilə tanış olacaq, həmçinin xarici müəlliflərlə görüşərək təcrübə mübadiləsi aparacaqlar.

Rejissor-multiplikator Elçin Hami Axundov isə belə festivalların animasiya sahəsinin inkişafına mühüm töhfə verdiyini bildirərək təşkilatçılara təşəkkür edib.

Kino Agentliyinin baş direktoru Rəşad Əzizov çıxışında animasiyanın insanlara müsbət emosiyalar bəxş edən, düşündürən və sevindirən mühüm yaradıcılıq sahəsi olduğunu qeyd edib. O vurğulayıb ki, animasiyanın əsas auditoriyası uşaqlardır və bu istiqamətdə görülən işlər xüsusi əhəmiyyət daşıyır. Bildirib ki, builki festival da uşaqlarla başlayır və onların iştirakı ilə davam edəcək, çünki animasiya uşaqların dünyagörüşünün formalaşmasına təsir göstərir.

Daha sonra “İsi və Piti” uşaq animasiya serialı və “Yulaf dönərgə” qısametrajlı animasiya filminin premyerası baş tutub.

Hər il yeni aktual mövzulara toxunan ANİMAFİLM bu dəfə iştirakçıları “Dəniz” səyahətinə dəvət edir.

Qeyd edək ki, festival çərçivəsində tədbirlər Nizami Kino Mərkəzi, dünyada ilk muzey olan “Suraxanı” gəmi-muzeyi və “Fluxus Space” qalereyasında keçiriləcək. Festival zamanı tamaşaçılar zəngin müsabiqə və müsabiqədənkənar proqramları izləyəcək, xarici animasiya müəllifləri ilə görüşəcək, “İsi və Piti” uşaq animasiya serialının, “Yulaf dönərgə” qısametrajlı animasiya filminin premyeralarının şahidi olacaqlar. Tədbirlər isə bununla bitmir. ANİMAFİLM Festivalı “ANİMAFİLM School: Stop-motion” ustad dərsini, yerli və xarici animasiya layihələrinin 2-ci ANİMAFİLM Beynəlxalq Pitçinq Müsabiqəsini, “ANİMAFİLM” jurnalını, “OSCAR” və “BAFTA” mükafatlarına layiq görülmüş animasiya filmlərini tamaşaçılara təqdim edəcəklər.

Bu il Festivalın coğrafiyası daha da genişlənmişdir. Dünyanın 60-dan çox olkəsindən festivalda iştirak üçün 437 animasiya filmi gondərilib. Rəsmi musabiqə proqramına 20 muxtəlif olkəni təmsil edən umumilikdə 31 film daxil edilib. Seçilmiş filmlər həm visual zənginliyi, istifadə olunan innovativ animasiya texnikaları, həm də toxunduğu qlobal və lokal mövzuların dərinliyi ilə fərqlənir.

2024-cü ildə ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən “BAFTA Festivallar Siyahısı”na daxil edilib.

Builki festivalın tərəfdaşları Nizami Kino Mərkəzi, “Nine Senses”, “Fluxus Space”, Niderland Krallığının Azərbaycandakı səfirliyi, Kanadanın Türkiyə və Azərbaycandakı səfirliyi, British Council, Çexiya Respublikasının Azərbaycandakı Səfirliyi, “Azərbaycan dili” platforması, “Şekerci Cafer Erol”, “Eminence – Events & Catering”, “Almond”, “Cuppa Coffee”, “Dynamic Box”, “Kinobiz”, “OB Film”, “KYNO”, “FAMU” təşkilatlarıdır. Biletlərin satışı “Tripsome” platforması üzərindən həyata keçirilir.

2018-ci ildən etibarən hər il təşkil olunan festivalın il ərzində regionlarda əks-sədaları baş tutur. Məqsəd animasiya sənətini paytaxtla yanaşı, bölgələrdə də inkişaf etdirmək, tamaşaçı ilə ünsiyyət qurub onların arzu və istəklərini öyrənmək, peşəkar kadrların yetişdirilməsi üçün imkanları araşdırmaq və yeni iş yerlərinin açılması istiqamətində təkliflər irəli sürməkdir. Bu məqsədlə 2021-ci ildən başlayaraq “ANİMAFİLM Şəkidə”, 2023-cü ildə “ANİMAFİLM Naxçıvanda”, 2024-cü ildə “ANİMAFİLM Lənkəranda”, 2025-ci ildə “ANİMAFİLM Gəncədə”, “ANİMAFİLM Lənkəranda”, “ANİMAFİLM Xankəndidə”, “ANİMAFİLM Laçında”, 2026-cı ildə isə “ANİMAFİLM Gəncədə” festivalları keçirilib.

Builki festival “Dəniz” mövzusuna həsr edilib.

Azərbaycan Animasiya Assosiasiyası və “ANİMAFİLM” MMC-nin birgə hazırladığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənən “ANİMAFİLM” jurnalı ilk dəfə məhz bu festivalda tamaşaçılara təqdim edilir.

Jurnalın ilk sayında oxuculara bir-birindən maraqlı müsahibələr, yeni layihələrin anonsları, beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil edən yeni Azərbaycan animasiya filmləri, komikslər və əlbəttə ki, 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının gündəliyinə daxil edilən filmlər haqqında məlumatlar, proqram yer alıb.

Jurnal 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalından xatirələri və bölgələrdə keçirilmiş əks-sədalarından məlumatları oxuculara təqdim etməklə, hər festivalın il boyu fəaliyyətini necə davam etdirdiyini, hər sosial kampaniyanın yekununun nə ilə bitdiyini əyani göstərir.

“ANİMAFİLM” jurnalı bu sayında “Qısa hekayə və illüstrasiya” müsabiqəsinin qaliblərini elan edib. Qaliblərin təqdim etdiyi təsvirlər və hekayələri oxumaq üçün jurnalı vərəqləmək kifayətdir.

Jurnal həmçinin Festivala dəstək olan şirkətləri qeyd etməklə növbəti saylarımızda oxucuları gözləyən müsahibələrin anonslarını dərc edib.

Festivala dünyanın 60-dan çox ölkəsindən 437 animasiya filmi təqdim olunub. Rəsmi müsabiqə proqramına isə 20 ölkəni təmsil edən 31 film daxil edilib. Seçilmiş ekran əsərləri vizual zənginliyi, innovativ texnikaları və qlobal, eləcə də lokal mövzulara toxunması ilə seçilir.

Xatırladaq ki, 2024-cü ildə “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən “BAFTA Festivallar Siyahısı”na daxil edilib.

Festivalın tam proqramı ilə www.animafilm.az saytında tanış ola bilərsiniz.

Fidan Salmanova
Səadət Rzayeva
XQ









Mədəniyyət