Azərkosmos ilk “Milli Kosmik İnkubasiya” layihəsinə start verib

post-img

Azərkosmos ötən il kosmosda innovasiyaların və startapların inkişafına yönəlmiş layihələrdə uğurlu nəticə göstərmiş komandaların ideyalarının inkişafının davamı olaraq ilk “Milli Kosmik İnkubasiya” layihəsinə start verib. Bu layihədə iştirak edəcək komandalar arasında Azərkosmosun ilk “Milli Kosmik Hakaton” iştirakçıları, “Vistar” Mükəmməllik Mərkəzinin məzunları və Yerin məsafədən müşahidəsi üzrə müsabiqənin iştirakçıları yer alır.

XQ xəbər verir ki, layihədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “SABAH.HUB” İnnovasiya Mərkəzi ekosistem üzrə icma tərəfdaşları qismində aktiv iştirak edirlər.  

“Milli Kosmik İnkubasiya” proqramı Yerin Müşahidəsi üzrə tətbiqlər və rəqəmsal platformalar sahəsində ilkin mərhələdə olan kosmik startap ideyalarının bazarda hazır məhsul səivyyəsinə qədər inkişafını dəstəkləmək üçün nəzərdə tutulmuş intensiv proqramdır. Altı ay davam edəcək bu proqram çərçivəsində 8 komanda kosmik sahədə rəqəmsal həllər üzrə texniki, eyni zamanda kommersiya üzrə təlimlərdə iştirak edəcək, onlara təyin olunmuş yerli və beynəlxalq mentorların dəstəyi ilə öz startap ideyaları üzərində çalışacaqlar.  

Proqramın ilk - pre-inkubasiya mərhələsində iştirakçılar öz ideyalarının konsepti, bazar araşdırması, biznes modelinin qurulması, prototipləşdirmə və investorlara təqdimat bacarıqları üzərində işləyəcəklər. Daha sonra startaplar intensiv məhsul inkişafı mərhələsinə keçid edəcək və bu fazada məhsulun inkişafı və test edilməsi prioritet təşkil edir.  

Proqram iştirakçılara aşağıdakı imkanları təqdim edir:

• Proqram müddətində texniki və biznes təlimlərində iştirak;

• Sənaye ekspertlərindən mentorluq;

• Beynəlxalq kosmik ekosistemə çıxış imkanı;

• Məhsulu hazır startaplar üçün qlobal və yerli bazar investisiyalarına çıxış imkanı.   

Qeyd edək ki, Azərbaycan Respublikasında kosmik fəaliyyət sahəsində sahibkarlığı təşviq etmək, möhkəmləndirmək və dayanıqlı inkişafını dəstəkləmək Azərkosmosun fəaliyyət istiqamətlərindən biridir. “Milli Kosmik İnkubasiya” layihəsinin hədəf və məqsədləri eyni zamanda “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” ilə də uyğunluq təşkil edir. 

Fotolar Cavid QAÇAYEV

XQ

 





















İKT