Sony şirkətinin hazırladığı Ace adlı avtonom robot stolüstü tennisdə insan rəqiblərlə qarşılaşaraq diqqətçəkən nəticə göstərib. Süni intellektlə idarə olunan sistem elit səviyyəli idmançılara qarşı keçirilən beş oyunun üçündə qalib gəlsə də, peşəkar oyunçulara qarşı hər iki matçda məğlub olub.
Mütəxəssislər bildirirlər ki, stolüstü tennis robot texnologiyaları üçün ən çətin sınaqlardan biridir. Yüksək səviyyəli oyunda topun sürəti saniyədə 20 metri keçir, zərbələr arasında isə bəzən yarım saniyədən də az vaxt qalır. Bu isə robotun eyni anda görmə, hesablamа və hərəkət qabiliyyətini yoxlayan ideal mühit sayılır.
“Nature” jurnalında dərc olunan araşdırmaya görə, Ace robotu topun hərəkətini doqquz kamera vasitəsilə izləyib. Bundan əlavə, xüsusi sensor sistemləri topun fırlanmasını saniyədə 400–700 dəfə qiymətləndirib. Robot əldə etdiyi məlumatlara əsasən, cəmi 32 millisaniyədən bir qərar verərək növbəti zərbəni planlaşdırıb.
Sistem əvvəlcədən kompüter simulyasiyalarında öyrədilib. Süni intellekt insan oyunçuların servis texnikalarını mənimsəyib, müxtəlif zərbə trayektoriyalarını isə alqoritmlər vasitəsilə formalaşdırıb. Bu yanaşma robotun hər rəqibə qarşı yenidən öyrənmədən real oyuna uyğunlaşmasına imkan verib.
Sınaqlar zamanı Ace beş elit səviyyəli idmançı və Yaponiya liqasından iki peşəkar oyunçu ilə qarşılaşıb. Elit oyunçuların əksəriyyəti 10 ildən artıq hazırlıq keçmiş, həftədə orta hesabla 20 saat məşq edən idmançılar olub. Robot bu qrupda uğurlu nəticə göstərsə də, peşəkar rəqiblərə qarşı üstünlük qazana bilməyib.
Texniki göstəricilər də diqqət çəkib. Ace saniyədə 14 metr sürətlə gələn zərbələri stabil qaytara bilib, bəzi hallarda isə 19,6 metr sürətli topları qəbul edib. Robotun özü topa saniyədə 16,4 metr sürət və yüksək fırlanma verə bilib.
Tədqiqat müəllifləri hesab edirlər ki, Ace real insanlarla standart qaydalar əsasında rəqabət aparmağı bacaran ilk tam avtonom stolüstü tennis robotlarından biridir. Hələlik peşəkar səviyyəyə çatmasa da, sürətli idman növlərində robotların yaxın gələcəkdə daha ciddi rəqibə çevrilə biləcəyi göstərilib.
Ekspertlər qeyd edirlər ki, texnologiya bu templə inkişaf etsə, şahmat və qo oyunlarında olduğu kimi, gələcəkdə dinamik idman növlərində də robotların insanları üstələməsi mümkündür.
S.ELAY
XQ

