“YAŞAT” şəhid övladlarına sevinc bəxş edir

post-img

Vətən torpağının işğaldan azad edilməsi uğrunda canını qurban verən şəhidlərin yadigarlarına sahib çıxmaq qeyrət, vicdan məsələsidir. “YAŞAT” Fondu bu borcu cavablandırmaq üçün müxtəlif layihələr həyata keçirir. Məktəbli tətili günlərində şəhid övladları üçün bir sıra yay düşərgələri təşkil edilib.

Bu təşəbbüs uşaqların dünyasını zənginləşdirmək, onlara cəmiyyətin diqqətini hiss etdirmək məqsədi daşıyır. Atalarının canı bahasına qoruduğu azad torpaqlarda övladlarının bir araya gəlməsi, yeni dostlar qazanması və birgə səmərəli vaxt keçirməsi körpə fidanların qəlbindəki kədəri bir anlıq da olsa, yüngülləşdirir.

Fonddan bildirildi ki, hər il ənənəvi olaraq keçirilən layihə çərçivəsində, sayca 5-ci olan “YAŞAT” düşərgəsinin ikinci həftəsi yekunlaşmaq üzrədir:

- Yay fəsli uşaqlar üçün, adətən, tətil, oyun və istirahət mövsümü kimi xarakterizə olunur. Lakin elə uşaqlar var ki, onların həyatında yay ayları həm də ağır xatirələrin kölgəsindən bir qədər uzaqlaşmaq, yeni dostluqlar qurmaq və həyata fərqli baxış qazanmaq imkanı yaradır. Məhz bu baxımdan “YAŞAT” Fondunun təşkil etdiyi düşərgələr son illərdə cəmiyyətimizdə diqqət çəkən sosial layihələrdən biridir.

44 günlük Vətən müharibəsindən sonra qarşıda duran əsas məsələlərdən biri şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin təmin edilməsidir. Bu istiqamətdə həyata keçirilən layihələr arasında uşaqlara yönəlmiş proqramlar xüsusi yer tutur. Atasını itirmiş övladın gələcəyə inamla baxması, özünü cəmiyyətin bir hissəsi kimi hiss etməsi və sağlam sosial münasibətlər qurması üçün təkcə maddi dəstək kifayət etmir. Onun mənəvi, psixoloji və sosial qayğıya da ehtiyacı var.

“YAŞAT” Fondunun yay düşərgələri məhz bu ehtiyacları nəzərə alaraq formalaşdırılıb. Məqsəd uşaqların yalnız asudə vaxtını təşkil etmək deyil, onların fərdi inkişafı, liderlik bacarıqlarının formalaşdırılması, yaradıcılıq potensialının üzə çıxarılması və psixoloji dayanıqlığının artırılması kimi məsələlər də ön plandadır. Düşərgələrdə məktəblilər üçün idman yarışları, intellektual oyunlar, ekskursiyalar, komanda fəaliyyətləri və təlim proqramları təşkil olunur.

Son illər həyata keçirilən proqramların statistikası da layihənin miqyasını göstərir. 2020-2026-cı illərdə yüzlərlə şəhid övladı “Neftçili yay düşərgələri”, “Bilimdən Zəfərə”, “İdman düşərgələri”, “Ənənə yay düşərgəsi” və xarici ölkələri əhatə edən yay məktəblərində iştirak edib. London, Frankfurt, Antalya kimi şəhərlərdə təşkil olunan proqramlar uşaqlara beynəlxalq təcrübə qazanmaq imkanı yaradıb.

Bu il “YAŞAT” Fondunun təşkil etdiyi yay düşərgələri daha geniş miqyasda həyata keçirilir,burada, ümumilikdə 400-ə yaxın şəhid övladı iştirak edir. 7 həftə davam edəcək proqram çərçivəsində uşaqlar üçün müxtəlif əyləncə və maarifləndirici tədbirlər nəzərdə tutulub. Düşərgə iştirakçıları təlimlərə qatılacaq, teatr tamaşalarına baxacaq, müxtəlif sahələrdə uğur qazanmış peşəkarlarla görüşlər keçirəcəklər. Bununla yanaşı, onlar ekskursiyalarda iştirak edəcək, psixoloqların müşayiəti ilə fərdi və qrup şəklində təlimlərə, konsultasiyalara cəlb olunacaqlar. Axşam saatlarında isə musiqili proqramlar və konsertlərlə şənlənəcəklər.

Layihə çərçivəsində təşkil olunan hər düşərgə növbəsi 5 gecə və 6 gün davam edəcək. Proqram, əsasən, 10-11 və 12-13 yaş qrupuna aid şəhid övladları üçün nəzərdə tutulub. Bu yaş dövrünün seçilməsi təsadüfi deyil. Mütəxəssislərin fikrincə, məhz həmin mərhələdə uşaqların sosial bacarıqlarının formalaşması, kollektivə uyğunlaşması və psixoloji dayanıqlılığının möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Fərqli yaş qruplarından olan uşaq və yeniyetmələrin bir araya gətirilməsi də təqdirəlayiqdir.

Açılış günündən etibarən yaşanan hər an həm balacaların, həm də onlara yoldaşlıq edənlərin yaddaşına silinməz və xoş xatirələrlə həkk olunur. Düşərgə müddətində yeni sənət növləri ilə tanışlıq üçün gözəl imkanlar yaradılıb. "ABAD"çıların təşkil etdiyi ustad dərslərində onlar dulusçuluq sənətinin incəliklərini öyrənirlər. Dövlət Kukla Teatrının yaradıcı heyətinin nümayiş etdirdiyi “Qaraca qız” tamaşası isə yay tətili günlərinə xüsusi bir canlılıq gətirib. Maarifləndirici məşğələlərlə yanaşı, balacaların böyük səbirsizliklə gözlədikləri əyləncə saatları da olduqca rəngarəng keçir. Onlar stolüstü tennis və bilyard oyunlarında qüvvələrini sınayır, maraqla qarşılanan robot saatında müasir texnologiyanın sirləri ilə tanış oldular.

Uşaqların təəssüratları da bu günlərin necə xoş keçdiyini göstərir. Burada yeni dostlar qazandıqlarını, şən anları coşğu ilə bölüşən balacalar evə dönsələr belə, bu dostluğu davam etdirəcəklərini səmimiyyətlə dilə gətirirlər.

ASAN Könüllülərinin iştirakı düşərgənin ən diqqətçəkən tərəflərindəndir. Onlar uşaqların gündəlik fəaliyyətlərində yaxından iştirak edib, müxtəlif oyunlar, yarışlar və komanda işləri zamanı balaca dostlarımıza dəstək olurlar.

5-ci “YAŞAT” düşərgəsində könüllü kimi fəaliyyət göstərən Fidan Bayramlı dedi ki, bu işin bir parçası olmaq həm qürurvericidir, həm də mühüm həyat təcrübəsidir:

– Bizim bura gəlməkdə məqsədimiz Vətən naminə canından keçən qəhrəmanlarımızın əmanəti olan saf qəlblərə toxunmaq, onların dünyasını gözəlləşdirməkdir. Uşaqların gözlərində parlayan sevinci, çöhrələrindəki səmimi gülümsəməni və bəxş etdikləri müsbət emosiyaları görmək hər birimiz üçün tükənməz motivasiya mənbəyidir. Əslində, biz onlara dayaq olmağa gəlmişdik, amma zaman keçdikcə anladıq ki, o kiçik qəlblərdən gələn məğrurluq, dözüm və səmimiyyət elə bizim üçün ən böyük həyat dərsidir.

Fidan ƏLİYEVA
XQ







Sosial həyat