Qədim və mürəkkəb, keşməkeşli tarixə malik Azərbaycan xalqı əsrlər boyu öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparıb. Zəngin təbii sərvətlərə, əlverişli və strateji coğrafi-siyasi mövqeyinə görə vətənimiz daima güclü dövlətlərin təzyiqlərinə, hərbi təcavüzünə məruz qalıb. Bununla belə, xalqımız öz mövcudluğunu qoruyub saxlaya bilib, ən qüdrətli düşmən ordularına qarşı mübarizədə hünər, qəhrəmanlıq nümunələri göstərib.
Cavanşir, Babək, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir Şah, Cavad xan, kimi sərkərdə və dövlət xadimləri Azərbaycanın qəhrəmanlıq tarixinin bütöv bir salnaməsini yaradıblar. Bu kimi mərd sərkərdə və dövlət başçılarının şanlı ömür və fəaliyyət yolu xalqın Vətən sevgisini, azadlıq və dövlətçilik hissini daha da gücləndirib, onu həyatımızın ən vacib, ən ümdə məqsədinə çevirib. Bu həm də Azərbaycan xalqının döyüş əzmini sübuta yetirən tarixi faktlardır. Məhz bu səbəbdən xalqımızı əsarət əltında saxlamaq istəyən imperalist güclər ilk növbədə onu silahdan və ordudan uzaqlaşdırmaq niyyəti güdüb. Təsadüfi deyil ki, Şimali Azərbaycanın Çar imperiyası tərkibində olduğu 105 il (1813-1918) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman azərbaycanlılar orduda xidmət əvəzinə, müxtəlif cür vergilər ödəmişlər. Bu siyasət belə xalqın ruhundan gələn hərbi istedadı, sərkərdə yetişdirmə bacarığını məhv edə bilməmişdir. Xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdır ki, onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmişlər. Zamanı çatanda müstəqil Azərbaycan dövlətinin ordusunu da məhz bu zabit heyəti formalaşdırdı.
Azərbaycanın ilk müstəqil ordusu
1918-ci ildə Çar Rusiyasının süqutundan sonra Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, cümhuriyyət dövründə müstəqil dövlətin bütün atributları, o cümlədən milli ordumuz formalaşdırıldı. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqda onu müdafiə edə biləcək ordusu yox idi. Belə bir ordunu yaratmaq üçün isə hərbi işi bilən milli kadrlar çatışmırdı. Buna görə də ordu təşkili çox çətin bir iş idi, lakin ordusuz da öz müstəqilliyini qoruyub saxlamaq mümkün deyildi. Yeni yaradılmış dövlətin qarşısında duran ən əsas vəzifə müstəqil ordunun yaradılması idi. Həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan ADR hökuməti 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu və Azərbaycanda milli ordunun təməli qoyuldu. Bu çətin işin təşkilini görkəmli azərbaycanlı generallar Səmədbəy Mehmandarov və Əliağa Şıxlinski öz üzərlərinə götürdülər. 1918-1920-ci illərdə görkəmli generallarımız və digər peşəkar hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik milli ordu hissələri formalaşdırıldı. 1918-ci il avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edildilər. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Gəncədən Bakıya qədər gedən döyüşlərdə Azərbaycan əsgəri öz döyüş qabiliyyətini təsdiq etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Qısa müddət ərzində Qarabağ daşnaklardan azad edildi və 1919-cu ilin iyul ayında da Xankəndi şəhərində Hərbi Parad keçirildi. Artıq 1919-cu ilin axırlarında 25 minlik Azərbaycan ordusu iki piyada və bir süvari diviziyadan ibarət idi. Hərbi nazirlik 1920-ci ildə ordunun şəxsi heyətini 40 min nəfərə çatdırmağı planlaşdırırdı. Ordunu müvafiq silahlarla təmin etmək üçün Azərbaycan hökuməti və Hərbi nazirlik əlindən gələni edirdi. Bir sözlə, Azərbaycan hökuməti az vaxtda milli ordu quruculuğu yönündə çox işlər gördü. Lakin soydaşlarımızın milli dövlətçiliyi nə olursa-olsun, qoruya bilmək yönündə köklənməməsi vəziyyətin daha da gərginləşməsinə səbəb oldu. Dünya bolşevik Rusiyasının qalmasını o dövrdə yaranmış yeni müstəqil dövlətlərin varlığından üstün tuturdu. Digər tərəfdən də Azərbaycanın üzərinə 100 min nəfərlik rus ordusu gəlirdi. Azərbaycan ordusu düşmən ordusuna qarşı müqavimət göstərsə də, az sonra qüvvələrin qeyri-bərabərliyi səbəbindən ölkəmiz Rusiya imperiyası tərəfindən yenidən zəbt olundu.
Gələcək ordunun təməlləri
Bolşevik işğalından sonra Azərbaycanın müstəqilliyinə xidmət edən Cümhuriyyət Ordusu məqsədli şəkildə məhv edildi. İki il ərzində xalqının müstəqilliyinin müdafiəsində şərəfli bir tarix yaşamış bu ordu bolşevizmin gətirdiyi qanlı faciələrin qurbanı oldu. Cümhuriyyət Ordusunun şəxsi heyətinin yeni şəraitdə sovet işğalına qarşı çıxmasına yol verməmək üçün onun zabit və generalları kütləvi şəkildə öldürüldü. İşğalından dərhal sonra Azərbaycan Xalq Cümhuriyyəti ordusunun 12 generalı, 27 polkovnik və polkovnik-leytenantı, 46 kapitanı və ştab kapitanı, 148 nəfər kiçik zabit, 267 nəfər digər hərbi qulluqçu bolşevik hakimiyyəti tərəfindən qətlə yetirildi. Bütünlükdə isə milli düşüncəli azərbaycanlı zabitlərin sovet hakimiyyəti tərəfindən aradan götürülməsi 1940-cı illərə qədər davam etdi. Eyni zamanda Azərbaycan Respublikasının Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) tərkibində olduğu 1923-cü il yanvarın 1-dən sonrakı ilk 17 ildə - Hitler Almaniyasının SSRİ-yə hücumuna qədər azərbaycanlıları Sovet ordusu tərkibində ümumi əsgəri mükəlləfiyyətə cəlb edilməklə yanaşı, Azərbaycanda bir milli atıcı diviziya da var idi. Həmin dağ-atıcı diviziyası 1920-ci ilin 30 oktyabrında təşkil edilmiş və 1938-ci ilə qədər mövcud olmuşdu bu diviziyanın komandiri Cəmşid Naxçıvanski olmuşdur. Almaniyanın SSRİ-yə hücumu ilə hər cür hərbi rütbə və vəzifələrdən uzaq saxlanılan azərbaycanlıların döyüş şücaətinə ehtiyac yarandı. Azərbaycan xalqı öz zəngin hərbi-tarixi ənənələrinə sadiq qalaraq bu müharibədə də əsl şücaət göstərdi. Həmin dövrdə Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi. İkinci Dünya müharibəsi cəbhələrində general Həzi Aslanov, Mehdi Hüseynzadə, Müseyib Allahverdiyev, Məstan Əliyev, Ziya Bünyadov, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov, Yusif Sadıxov, Tahir İsayev, Mərdan Musayev və başqa qəhrəman övladları şücaət və mərdlik göstərmişdirlər. Onların qəhrəmanlığı sayəsində Azərbaycanın şanlı hərb tarixi ənənələri XX əsrdə də uğurla davam etdirilmiş oldu. Müharibədən sonrakı dövrdən 1969-cu ilədək Azərbaycanda hərbi kadr hazırlığına İttifaq rəhbərliyi yenə də qısqanc münasibət bəsləyirdi. Ümummilli lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğu, milli zabit kadrlarının hazırlığı məsələləri daim önə çəkildi. Uzaqgörən dövlət xadimi azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına da nail olmuşdu. Ulu öndər 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan Hərbi Liseyin yaradılmasına nail oldu. O dövrdə Azərbaycan hər il təxminən 60 min gənci ordu sıralarına göndərirdi. Lakin onların böyük əksəriyyəti inşaat batalyonlarına düşürdü. Hərbi hissələrdə azərbaycanlı zabitləri barmaqla saymaq olardı. Odur ki, Bakıda belə bir hərbi məktəbin açılmasının böyük əhəmiyyəti var idi. Bir sözlə, Azərbaycanın müasir hərbi tarixi və Silahlı Qüvvələrinin formalaşması prosesi ümummilli lider Heydər Əliyevin adı və strateji fəaliyyəti ilə qırılmaz şəkildə bağlıdır. Ulu öndərin həm SSRİ dövründəki uzaqgörən addımları, həm də müstəqillik illərindəki qətiyyətli islahatları bugünkü qüdrətli və Zəfər qazanmış Azərbaycan Ordusunun fundamental bünövrəsini təşkil edir. Ümummilli liderin 1969–1982-ci illəri əhatə edən birinci rəhbərliyi dövründə Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri dövlətin hərbi kadr potensialını düşünməsi idi. Sovet İttifaqı rəhbərliyinin yerli xalqlardan hərbi kadrların yetişdirilməsinə loyal yanaşmadığı bir dövrdə ulu öndər Heydər Əliyev böyük diplomatik və siyasi iradə nümayiş etdirərək 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılmasına nail oldu. Bu məktəb azərbaycanlı gənclərin hərb sənətinə marağını kəskin artırdı. Birinci və İkinci Qarabağ müharibələrində ordumuza rəhbərlik edən milli zabitlərin, generalların böyük əksəriyyəti məhz bu məktəbin yetirmələridir.
İkinci müstəqillik və ordu quruculuğu
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas məsələ Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi və bu, çox çətinliklə həyata keçirilirdi. Azərbaycanda vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyə və dövlətçiliyə qarşı yarana biləcək hər hansı təhlükənin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə təkrar hakimiyyətə qayıdışından sonra mümkün oldu. Başlanğıcını 1993-cü il noyabrın 2-də Ulu öndərin xalqa müraciətindən götürən və hərb tariximizə Heydər Əliyevin müasir ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və vahid komandanlığa tabe olan hərbi birləşmələr, nəinki Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldı, hətta Horadiz əməliyyatı ilə çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdi. Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 İyun – Silahlı Qüvvələr Günü elan edildi. Ulu öndər bu fərmanı imzalamaqla tarixi həqiqətin və milli ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı. Çox qısa müddətdə cəbhədə nizam-intizam bərpa olundu və 1993-cü ilin sonu, 1994-cü ilin əvvəlində uğurlu Horadiz əməliyyatı ilə onlarla yaşayış məntəqəsi işğaldan azad edildi. 1994-cü ildə Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu. Bu, azərbaycanlı zabitlərin beynəlxalq təlimlərdə iştirakına və müasir hərbi doktrinaları mənimsəməsinə şərait yaratdı.
Ulu öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Ulu öndərin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına səbəb olub. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Ulu öndərin formalaşdırdığı nizam-intizamlı, vətənpərvər və güclü ordu sonrakı illərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ən müasir texnologiyalar və iqtisadi güclə birləşdirilərək 2020-ci ilin tarixi Zəfərini təmin edən qüdrətli Azərbaycan Silahlı Qüvvələrinə çevrildi. Məhz buna görə də, müasir Azərbaycan Ordusunun hər bir uğurunun kökündə Heydər Əliyevin hərbi dühası və strateji mirası dayanır.
Qüdrətli Ordu – Müzəffər Ali Baş Komandan
Silahlı Qüvvələrimizin gücləndirilməsi və bütün qoşun növlərinin döyüş hazırlığının yüksəldilməsi Prezident İlham Əliyevin respublikamıza rəhbərliyinin ilk günündən xüsusi diqqət yetirdiyi məsələdir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu siyasət qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirib. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlaması üçün əsaslı təminatdır. Dünyanın qabaqcıl hərbi sənaye komplekslərinin istehsalı olan silah və texnikalar ordumuzun arsenalına daxil edilib. Müasir artilleriya qurğuları, reaktiv yaylım atəş və hava hücumundan müdafiə sistemləri, taktiki-raket və zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları qoşunlarımızın silahlanmasında yer alıb. Ordu quruculuğu ilə paralel Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Azərbaycan Prezidenti Qarabağ kimi çox çətin problemi həll edərək Ermənistanı, dünyadakı erməni diasporunu və onların havadarlarını diz üstə çökdürərək reallığı qəbul etməyə məcbur etdi - işğala son qoyuldu. Müzəffər Ali Baş Komandan bununla da tarixi ədaləti bərpa etdi. Ermənistan üzərində parlaq qələbə əldə edilməsi həm də İlham Əliyevin apardığı praqmatik, sistemli siyasi kursun və uzaqgörən xarici diplomatiyanın bəhrəsi idi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusunun Qələbə salnaməsi daim xalqın yaddaşında yaşayacaqdır. Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd, həmçinin Kəlbəcər, Ağdam və Laçın azad edildi. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi düşməndən təmizləndi. Düşmən ordumuzun gücü qarşısında geri çəkilərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan böyük təzyiqlərin, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Xalqımız, bütün dünya azərbaycanlıları möhtəşəm qələbəni böyük qürur hissi ilə qeyd etdi.
Vətən müharibəsində nümayiş etdirilən yüksək döyüş hazırlığı, texnoloji üstünlük və taktiki çeviklik Azərbaycan Ordusunun regionun ən güclü silahlı qüvvələrindən biri olduğunu sübut etdi. 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə ərazi bütövlüyümüz, 2023-cü ildə keçirilən antiterror əməliyyatı zamanı isə suverenliyimiz bərpa edildi. Müharibədən sonrakı illərdə Azərbaycan Ordusu daha da modernləşərək həm müdafiə, həm də hücum imkanlarını artırıb. Belə ki, hərbi qulluqçularımızın bilik və yüksək döyüş hazırlığı, vətənpərvərliyi həm ölkə daxilində, həm də beynəlxalq hərbi təlimlərdə özünü göstərir. Azərbaycan Ordusunun hərbi qulluqçuları NATO ilə tərəfdaşlıq çərçivəsində müxtəlif sülhməramlı tədbirlərdə üzərlərinə düşən missiyanı şərəflə yerinə yetirirlər. Bugünkü Azərbaycan Ordusunun əsas dayağı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. 2025-ci il noyabrın 8-də xalqımız tarixi Zəfər Gününün 5 illiyini təntənəli surətdə qeyd etdi. Həmin gün şəhidlərimizin ruhu böyük ehtiramla yad edildi. Onların Vətən müharibəsində göstərdiyi şücaət xalqımızın yaddaşından heç vaxt silinməyəcək.
Azərbaycan xalqı tarix boyu öz torpağı, kimliyi və müstəqilliyi uğrunda mübarizə aparıb. Bu mübarizə müxtəlif dövrlərdə müxtəlif adlar alıb: Cümhuriyyət, müstəqillik, Qarabağ savaşı və Zəfər! Bu gün biz həm xalqımızın qəhrəman oğulları ilə, həm də onların xalqımıza bəxş etdiyi tarixi Zəfərlə fəxr edirik. Xalqımızın qəhrəmanlıq tarixi bitməyən bir dastandır. Bu dastanı yazanlar isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, xalqımızın milli birliyi və rəşadətli Azərbaycan Ordusudur.
Fəzail İBRAHİMLİ,
Milli Məclisin deputatı


