Bakıda növbəti beynəlxalq əməkdaşlıq sənədi qəbul edildi
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının Bakıda keçirilən 20-ci konfransı və qəbul edilən Bakı Bəyannaməsi qlobal arenada yeni güc balansının formalaşmasını nümayiş etdirir. Konfransda 40-dan çox ölkənin nümayəndə heyətinin, müxtəlif dövlət rəhbərlərinin və spikerlərin iştirakı platformanın yüksək siyasi çəkisini göstərir. Qəbul olunmuş sənəd İslam dünyasının qlobal çağırışlara qarşı ortaq siyasi mövqeyini bəyan edir.
Bəyannamədə təsbit olunan prinsiplər beynəlxalq hüququn aliliyini əsas meyar kimi qəbul edir. Sənəddə İslam Əməkdaşlıq Təşkilatının nizamnaməsinə, həmçinin Parlament İttifaqının məqsədlərinə sadiqlik ifadə olunur. Eyni zamanda, BMT Nizamnaməsinin prinsiplərinə hörmət edilməsi və beynəlxalq hüququn normalarına əməl olunması öhdəliyi təsdiqlənir. Hüququn ümumi prinsiplərinin qorunması qlobal nizamın saxlanması baxımından əhəmiyyət daşıyır.
Müasir dövrdə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət edilməsi beynəlxalq sülhün təməli sayılır. Lakin bəzi böyük dövlətlərin hüquq normalarını selektiv şəkildə tətbiq etməsi qlobal sistemdə ciddi boşluqlar yaradır. Qərarların kağız üzərində qalması beynəlxalq təşkilatların etibarını sarsıdır və kiçik dövlətlərin təhlükəsizlik qayğılarını artırır. İslam dünyası hüququn vahid normalarına əsaslanan ədalətli nizamın qurulması üçün müştərək fəaliyyət göstərməlidir.
Azərbaycanın qlobal diplomatik məkanda artan nüfuzu və vasitəçilik potensialı Bakı konfransının gedişatında bir daha qeyd olundu. Cənubi Qafqazın lider dövləti kimi Azərbaycan uzun illərdir ki, fərqli sivilizasiyalar və siyasi qütblər arasında etibarlı diplomatik körpü rolunu oynayır. Qoşulmama Hərəkatına uğurlu sədrlik təcrübəsi ölkənin diplomatik resurslarının zənginliyini sübut etdi. Ölkəmizin beynəlxalq hüquqa söykənən prinsipial və müstəqil mövqeyi İslam dünyasının digər dövlətləri üçün də həmrəylik modelinə çevrildi.
Qlobal təhlükəsizlik mühitində kibertəhlükələr və rəqəmsal hücumlar dövlətlərin suverenliyinə təhdid yaradır. İnformasiya texnologiyalarının inkişafı münaqişələrin xarakterini dəyişdi və hibrid müharibə alətlərini ön plana çıxardı. İndi dövlətlər arasındakı qarşıdurmalar təkcə fiziki sərhədlərdə getmir, həm də virtual məkanda davam edir. Kritik infrastrukturun rəqəmsal hücumlara məruz qalması milli təhlükəsizlik sistemlərini ciddi sınağa çəkir. Bakı Bəyannaməsində kiberhücumların dövlət təhlükəsizliyinə mənfi təsirləri xüsusi vurğulandı və anılan təhdidlərlə mübarizədə kollektiv təhlükəsizlik yanaşmasının əhəmiyyəti önə çəkildi.
Rəqəmsal suverenliyin qorunması milli müstəqilliyin təmin edilməsi ilə birbaşa əlaqədardır. İslam ölkələrinin rəqəmsal sahədə asılılığını azaltmaq və milli kibermüdafiə sistemlərini gücləndirmək üçün texnoloji əməkdaşlıq fəallaşdırılmalıdır. Müştərək kibertəhlükəsizlik mərkəzlərinin yaradılması və informasiya mübadiləsinin genişləndirilməsi rəqəmsal təhdidlərə qarşı dayanıqlılığı artıracaq.
İslam dünyasının qarşılaşdığı digər geosiyasi təhdid qlobal miqyasda artmaqda olan islamofobiya təzahürləridir. Qərb cəmiyyətlərində və digər regionlarda dini dözümsüzlük, nifrət nitqi və müsəlman icmalarına qarşı ayrı-seçkilik halları ciddi narahatlıq doğurur. İslamofobiya, sadəcə, sosial dözümsüzlüklə məhdudlaşmır, müəyyən siyasi dairələr tərəfindən idarə olunan geopolitik təzyiq vasitəsinə çevrilir.
Bakı Bəyannaməsi nifrət çağırışlarını, dinlərin təhqir edilməsini və etnik-dini mənsubiyyətə görə insanların damğalanmasını qətiyyətlə pisləyir. Din və ya etiqad zəminində törədilən zorakılıq aktları beynəlxalq sülhə və dinc yanaşı yaşama prinsiplərinə ağır zərbə vurur. Sənəd beynəlxalq ictimaiyyəti nifrət nitqi və dini ayrı-seçkiliklə mübarizə aparmaq üçün təsirli hüquqi proseslər qurmağa çağırır. Dinlərin təhqir olunması ifadə azadlığı çərçivəsində qiymətləndirilə bilməz, çünki belə hərəkətlər mədəniyyətlərarası qarşıdurmanı alovlandırmaq məqsədi daşıyır.
Terrorizm qlobal təhlükəsizliyi təhdid edən ən ciddi problemlərdən sayılır. Bakı Bəyannaməsində terrorizmlə mübarizədə ikili standartların yolverilməzliyi xüsusi qeyd olunur. Sənəd bütün terror qruplaşmalarına qarşı fərq qoyulmadan mübarizə aparılmasının vacibliyini təsdiqləyir. Terror aktlarının dini və ya milli kimliklə əlaqələndirilməsi cəhdləri qəti şəkildə rədd edilir. İslam ölkələri terrorizmlə mübarizədə səylərini əlaqələndirməli, kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirməli və sosial-mədəni mübarizəni gücləndirməlidirlər.
Fələstin məsələsi İslam dünyasının əsas və mərkəzi mövzusu olaraq qalmaqdadır. Bakı konfransında iştirak edən nümayəndə heyətləri Fələstin xalqının qanuni hüquqlarına tam dəstək ifadə etdilər. Münaqişənin beynəlxalq hüquq çərçivəsində, iki dövlət prinsipi əsasında ədalətli həlli regionda davamlı sülhün yeganə şərtidir. Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulması ədalətin bərpası üçün zəruridir. Fələstin xalqının üzləşdiyi humanitar fəlakətin aradan qaldırılması məqsədilə beynəlxalq ictimaiyyətin təcili tədbirlər görməsi tələb olunur.
Kipr məsələsində ədalətli mövqeyin müdafiə edilməsi İslam həmrəyliyinin əsas sınaqlarından sayılır. Şimali Kipr Türk Cümhuriyyətində yaşayan müsəlmanların beynəlxalq aləmdən təcrid edilməsi, onların humanitar və siyasi hüquqlarının məhdudlaşdırılması qəbuledilməzdir. Bakı sessiyasında Kipr türk icmasının hüquqlarının qorunması ilə bağlı qəbul edilən qərarlar ədalətin təntənəsinə xidmət edir. Danışıqlar yolu ilə, qarşılıqlı hörmət əsasında əldə olunacaq ədalətli və uzunmüddətli həll yolu regional sabitliyə böyük töhfə verəcək.
Geopolitik mənzərənin digər mühüm detalı İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış Anlaşma Memorandumunun dəstəklənməsidir. Bakı Bəyannaməsində qeyd olunan sənəd regional və beynəlxalq təhlükəsizlik baxımından yüksək qiymətləndirilir. Tərəflər arasındakı gərginliyin diplomatik yollarla azaldılması bütövlükdə Yaxın Şərq və qonşu regionlarda sabitliyin möhkəmlənməsinə şərait yaradacaq. Memorandumun müddəalarının tam şəkildə icrası hərbi münaqişə risklərini azaldır və dialoqun əhəmiyyətini artırır.
Bakı konfransı fərqli xarici siyasi mövqelərə malik dövlətlərin ortaq platformada görüşərək sülh naminə razılığa gəlmək potensialını nümayiş etdirdi. Həmin tədbir göstərdi ki, İslam ölkələri böhranlı vəziyyətlərdə vahid mövqedən çıxış etmək gücünə malikdirlər. Yalnız koordinasiya edilmiş siyasət qlobal güc mərkəzləri qarşısında İslam dünyasının maraqlarının qorunmasına imkan yaradacaq.
Bakı Bəyannaməsinin qəbul edilməsi İslam dünyasının qlobal arenada vahid mövqedən çıxış etmək əzmini nümayiş etdirən tarixi sənəddir. Qəbul olunmuş qərarlar və müəyyən edilən hədəflər regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın inkişafına əhəmiyyətli təsir göstərəcək. Parlament diplomatiyasının gücləndirilməsi İslam ölkələri arasındakı strateji dialoqu yeni səviyyəyə qaldırır. Dövlətlərin müstəqil siyasət yürütmək hüququnun qorunması həmin əməkdaşlığın əsas qayəsidir.
Yusif ŞƏRİFZADƏ
XQ

