Müstəqilliyin dayağı, sülhün keşikçisi

post-img

Silahlı Qüvvələrimiz 108 il əvvəl yaradılmış milli ordunun varisidir

Xalqımızın günü-gündən möhkəmlənən müstəqilliyinin və suverenliyinin sevincini yaşayan hər kəs yaxşı bilir ki, dövrümüzdə dövlətçiliyimizin ən etibarlı dayaqlarından biri onun milli ordusudur. Dünya hərb tarixində çoxlarının təvvürünə belə gəlməyən bir səhifə açan bu ordu hər bir yurddaşımızın onillikləri adlamış intizarının donmaqda olan qapılarını açdı, özünün Ali Baş Komandanının rəhbərliyi altında dünyaya səs salacaq bu uğuru Vətənə ərməğan etdi.

108 il əvvəl əsası qoyulanda da Azərbaycanın milli ordusu bayraqlar arasında öz bayrağını qaldıran bir xalqın güvənc yeri və arxası idi. Çünki bu müstəqilliyə qənim kəsilən, Azərbaycan xalqının azad həyata qovuşmasını istəməyən neçə-neçə qüvvələr silah tutan əllərini onlara rahatlıq verməyən işğalçı planların həyata keçirilməsi üçün Azərbaycana doğru uzatdılar. Azərbaycana hansı qüvvələr qoşun çıxarmadılar? Bakını mövcudluğunun ilkin şərtlərindən biri sayan və Peterburqda qurulan bolşevik hakimiyyəti, Azərbaycanın yalnız çar Rusiyasının buxovları daxilində görmək istəyən Denikinçi qüvvələr, Bakıdan keçməklə Orta Asiyaya yol açmaq istəyən Böyük Britaniya, Azərbaycan neftindən pay uman Almaniya (Gürcüstanla sərhəd bölgəsinə) və nəhayət, böyük dövlətlərin siyasətinin oyuncağı olmaqla Azərbaycan hesabına xəyali Ermənistan qurmaq istəyən Ermənistan (Ararat) dövləti və Ermənistan hökumətinin nəzarətindən kənar olan daşnak terror-təcavüzkar dəstələri.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mövcud real imkanları xeyli üstələyən bu təhlükələrin qarşısının alınması üçün milli ordunun yaranması kimi tarixi bir addım atdı, xalqı və müstəqilliyi bu təhlükələrdən qoruya biləcək bir ordunun təşkilinə başladı. Bu ağır və məsiliyyətli vəzifə çar Rusiyası ordusu sıralarında tam general rütbəsinə qədər yüksəlmiş Səməd bəy Mehmandarova və əfsanəvi general-leytenant Əliağa Şıxlinskiyə həvalə olundu. Onların ordunun rəhbərliyinə təyin edilmələri Cümhuriyyət ordusunun formalaşdırılması sahəsində Azərbaycan hökumətinin qəbul etdiyi tarixi qərar oldu. Çünki bu generalların zəngin təcrübəsi və təşkilatçılıq qabiliyyəti ordunun sürətlə təşkilatlanmasına müsbət təsir göstərdi.

Adları çəkilən generalların ordu quruculuğu sahəsində tarixi xidmətlərindən biri bu oldu ki, onlar ordu və dövlət münasibətlərinin mahiyyətini dəqiqliklə müəyyənləşdirdilər, ordunun bütün fəaliyyətinin dövlət siyasətinə, dövlət maraqlarının qorunmasına bağlılığını təmin etdilər, ordunu siyasi təsirlərdən və siyasi parçalanmalardan qorudular. Cümhuriyyət hökumətinin bir neçə kabinəsi dəyişsə də Hərbi Nazirliyin rəhbərliyi dəyişilməz qaldı. Yeni təşkil olunan kabinələrin hamısının rəhbərliyi Hərbi Nazirliyə rəhbərlikdə S.Mehmandarovla Ə.Şıxlinskiyə alternativ görmədilər.

Qısa müddət ərzində Azərbaycanın milli hərbi qüvvələrinin formalaşdırılması üçün Hərbi Nazirlik və respublika hökuməti son dərəcə mürəkkəb problemlərin həlli ilə üzləşməli oldu. Siyasi, iqtisadi, hərbi xarakterli bu problemlərdən biri də I Dünya müharibəsinin nəticələrinə görə bölgədə və respublika daxilində yaranan hərbi-siyasi şərait və o cümlədən müttəfiq dövlətlərin adından ingilis hərbi qüvvələrinin Azərbaycana yeridilməsi idi.

Bu çətinliklərin olmasına baxmayaraq, milli ordunun təşkilatlandırılması üçün ciddi addımların atılmasına başlandı. Azərbaycan hökuməti ordu quruculuğuna rəhbərlik edəcək strukturları yaratmaqla bərabər, bu strukturların öz fəaliyyətində rəhbər tutmalı olduğu siyasəti də işləyib hazırladı. Həmin siyasətə əsasən odru quruculuğu bir tərəfdən dövlət quruculuğunun tərkib hissəsi kimi qəbul edilir və bu prosesə ümumdövlət mənafelərindən yanaşılırdı. Müstəqil bir dövlətin müstəqil orduya malik olması bu dövlətin mövcudluğunun qorunmasının başlıca qarantı kimi dəyərləndirilirdi. Digər tərəfdən də Cümhuriyyət ordusu hər hansı bir təcavüzkar məqsəd üçün deyil, konkret tarixi şəraitdə Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün etibarlı bir qüvvə kimi təsəvvür edilirdi.

Milli ordu quruculuğu üçün düzgün seçilmiş olan belə siyasi-strateji xətt ölkənin güclü ordusunun formalaşdırılması üçün real zəmin yaratdı. Qarşıda dayanan məsuliyyətli vəzifələrin isə qısa zaman ərzində və uğurla həll edilməsi üçün ordu quruculuğu məsələləri yeni cəmiyyət quruculuğunun bütün sahələri ilə sıx və səmərəli şəkildə tənzimləndi, ölkənin mövcud imkanları ordu quruculuğunun uğurla aparılmasına səfərbər edildi.

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun təşkili Azərbaycanın hərb tarixində və bütünlükdə, Azərbaycan xalqının tarixində əhəmiyyətli bir hadisə idi. Çünki hər şeydən əvvəl bu ordunun yaradılması ilə Azərbaycanda müstəqil nizami ordu quruculuğunun əsası qoyuldu və Azərbaycanda ordu quruculuğu tarixində xarakter etibarilə tamamilə yeni bir səhifə açıldı. Təxminən bir əsrlik fasilədən sonra Azərbaycanda hərb işi yenidən canlandırıldı, bu sahə dövlət quruculuğunun tərkib hissəsinə çevrildi. Azərbaycan xalqının çoxəsrlik döyüş ənənələri üzərinə dünyanın son təcrübəsini özündə əks etdirən yeni bir ordu yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə dövlət quruculuğunun əldə etdiyi ən mühüm nailiyyətlərdən biri oldu.

Xəstə təxəyyülün məhsulu olan “böyük Ermənistan”ın coğrafiyasının cızılması üçün Azərbaycan ərazisinin böyük bir hissəsi azərbaycanlı əhalidən təmizlənməklə türkçülüyə münasibətdə ən adi insani meyarlarını əldən vermiş erməni toplumunun tapdağı altına çevrilməsinə cəhd göstəriləndə dövrün milli siyasətçilərinin ərklə “ağsaqqal generalımız” adlandırdığı hərbi nazir Səməd bəy Mehmandarov öz silahdaşlarını toplayıb cəbhəyə səfərbər oldu və onlarla birlikdə Vətənə sədaqətli xidmətin nəsillərə meyar olacaq bir nümunəsini yaratdı. Bütün cəhdlərinə və böyük qüvvələr cəlb etməsinə baxmayaraq, erməni-daşnak qüvvələri Qarabağı Azərbaycandan qopara bilmədilər.

Cümhuriyyət ordusu böyük fədakarlıqlar nəticəsində bu diyarı yad nəfəsindən qorudu, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına imkan vermədi.

Lakin 1920-ci ilin aprelində Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunması ilə milli ordu quruculuğuna son qoyuldu, Azərbaycan Ordusu qırmızı bolşevik ordusu ilə əvəzləndi və Azərbaycanın milli zabit kadrları kütləvi şəkildə bolşevizm terroruna məruz qaldı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu, müstəqil dövlətçiliyə xidmət, milli maraqların müdafiəsinə sədaqət sahəsində yeni bir təfəkkür formalaşdırıldı, milli hərbi ənənələrə yeni bir məzmun verildi. Məhz bunun üçün idi ki, Cümhuriyyətin süqutundan sonra bolşevik quruluşunun daşıyıcıları Azərbaycan üzərində qırmızı işğalı möhkəmləndirmək üçün, ilk növbədə, milli hərbi kadrların kütləvi terroruna başladılar.

Doğrudur, istər Cümhuriyyət dövründə xidmət sıralarında olmuş, istər sovet hakimiyyəti illərində yeni rejimə xidmət yoluna cəlb olunmuş çoxlu sayda milli hərbi kadrlar qırmızı bolşevik terrorunun qurbanı oldu. Hətta 1938-ci ilə qədər milli diviziya adı altında mövcud olan Azərbaycan diviziyası da bu terrordan yaxa qurtara bilmədi və həmin ildə onun ləğvinə qərar verildi. Bununla belə, azərbaycanlılar arasında milli hərbi ruhu bütünlüklə məhv etmək sovet rejiminə qismət olmadı.

İkinci Dünya müharibəsi illərində faşizmə qarşı mübarizədə Azərbaycan xalqının göstərdiyi xidmətlər, Azərbaycan övladlarının misilsiz hünərləri buna bir sübutdur. Lakin sovet rejimi izlədiyi ideologiyaya və siyasi hədəflərə uyğun olaraq xalqın Cümhuriyyət dövründən yeni məzmun kəsb edən hərbi ənənələrinin canlandırılmasına, azərbaycanlıların hərb işinə daha geniş şəkildə genişlənməsinə imkan vermədi.

Bu sahədə xalqın maraqlarına cavab verən dönüşə bir də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə nail olmaq mümkün oldu. Azərbaycan müstəqil olmadığı zaman ölkənin qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, zəngin hərb tarixinin canlandırılması, gənclərin bu qəhrəmanlıq ənənələri üzərində tərbiyə edilməsi, sərkərdələrin və görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsi fikirləri Heydər Əliyevin hər zaman diqqət mərkəzində olmuşdu.

Bunun nəticəsi idi ki, sovet illərində Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlar hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdırıldı, bu istiqamətdə əməli-təşkilati işlərə vüsət verildi. Sovet rejiminin böyük müqavimətinə baxmayaraq, Cəmşid Naxçıvanski adına xüsusi-internat məktəbin açılması, Bakı şəhərində yerləşən hərbi məktəblərdə azərbaycanlı kursantların sayının artırılması, ölkənin ali hərbi məktəblərinə göndərilən azərbaycanlıların sıralarının genişləndirilməsi Heydər Əliyevin milli hərbi ənənələrin canlandırılması sahəsindəki tarixi fəaliyyətinin əyani nümayişidir.

Bu gün hamılıqla sevincini yaşadığımız o böyük Zəfərin təminatçısı olan güclü dövlətin, güclü xalqın və güclü ordunun tarixi isə öz başlanğıcını, heç şübhəsiz ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından götürür. Məhz onun hakimiyyətə gəlişi ilə Azərbaycanın dövlətçilik tarixinə, xalqın təşkilatlanma tarixinə və ordu quruculuğu tarixinə yeni və parlaq bir səhifə yazıldı. Həm də Azərbaycanın gələcək tarixində xüsusi əhəmiyyət kəsb edəcək güclü dövlət, güclü xalq və güclü ordu təcrübəsi formalaşdı.

Respublikada yeni Konstitusiyadan irəli gələn vəzifələrin icrasına qadir bir ordunun yaradılması Heydər Əliyevin radio və televiziya ilə xalqa 2 noyabr 1993-cü il tarixli müraciətindən başlayır. Bu müraciət bir tərəfdən sağlam ordu quruculuğunun əsaslarını və bu istiqamətdə xalqın və dövlətin qarşısında dayanan mühüm vəzifələri müəyyənləşdirən konseptual bir sənəd idisə, bir tərəfdən də Heydər Əliyevin gücünə arxalandığı xalqa çağırışı idi.

Bu çağırış xalqın bütün təbəqələri tərəfindən qəbul edildi və öz potensialını Vətənin müdafiəsinə istiqamətləndirildi. Yəni Heydər Əliyev xalqın potensialını ordu quruculuğu kimi mühüm bir sahəyə də səfərbər edə bildi. Məhz xalqın mübarizə gücünün təşkilatlandırılması, səfərbər edilməsi və milli maraqlar müstəvisində istiqamətləndirilməsi nəticəsində Heydər Əliyev güclü ordunun yaradılmasına da nail oldu.

Ulu öndərin dövlət quruculuğunun tərkib hissəsi olan ordu quruculuğunun qarşısında dayanan vəzifələrin, bu vəzifələrin həyata keçirilməsi üçün zəruri dövlət siyasətinin, bu siyasəti həyata keçirəcək qüvvə və vasitələrin düzgün müəyyənləşdirilməsi, bu prosesi bütünlüklə qanuni çərçivəyə salması və dövlətin mərkəzləşdirilmiş rəhbərliyi altına gətirməsi Azərbaycan Ordusunun sağlam əsaslar üzərində formalaşmasına və möhkəmlənməsinə yol açdı.

Nəticədə, Azərbaycan Ordusu Heydər Əliyevun respublika prezidentliyi illərində bölgənin güclü ordularından birinə çevrildi. Yəni belə bir güc formalaşdırıldı.

İlham Əliyevin prezidentliyi dövründə isə bu proses yüksələn xətlə davam etdi. Heydər Əliyev siyasətinə sədaqət və bu siyasətə yaradıcı münasibət Azərbaycan Ordusunu daha da möhkəmləndirdi. Qısa müddət ərzində bu ordunun texniki təchizatında köklü dəyişikliklər baş verdi. Hərbi büdcənin ildən-ilə artırılması, habelə respublikanın daxilində hərbi-sənaye kompleksiniun yaradılması Azərbaycan Ordusunu dünyanın ən müasir silahlarla təmin edilmiş ordularından birinə çevrirdi.

Ordunun infrastrukturunun yenilənməsi, kadr hazırlığının dünya təcrübəsi səviyyəsinə qaldırılması, şəxsi heyətə qayğının daha da artırılması qoşunları döyüş hazırlığında yeni tələblərin irəli sürülməsi ordunun döyüş qüdrətini yüksəltdi. Bunu Azərbaycanın dostları da, düşmənləri də etiraf etmək məcburiyyətində qaldılar. Yenidən elmi-nəzəri əsaslar üzərində qurulmasına ulu öndər Heydər Əliyevin prezidentliyi illərində başlanan Azərbaycan Ordusu dünyanın 50 güclü ordusu sırasında yer tutdu.

Bu siyasət Ulu öndərin ən layiqli davamçısı İlham Əliyevin respublikaya prezidentliyi dövründə də uğurla davam etdirildi. Onun rəhbərliyi altında qoşunların maddi-texniki bazasının davamlı olaraq təkmilləşdirilməsi, döyüş hazırlığının real döyüş vəziyyətinə daha da yaxınlaşdırılması, Silahlı Qüvvələrdə mənəvi əhvali-ruhiyyənin sağlamlaşdırılması, ordunun milli kadr hazırlığının uğurla davam etdirilməsi, ordunun struktur islahatlarının onun qarşısında dayanan vəzifələrə uyğun aparılması, nizam-intizamın gücləndirilməsi, şəxsi heyətə sosial qayğının daim diqqət mərkəzində saxlanması Azərbaycan Ordusunun daha da güclənməsinə imkan yaratmışdır.

Bütün bunların nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandanın bütün əmrlərini vaxtında yerinə yetirməyə və Azərbaycan xalqının ümidlərini doğrultmağa qadir olan bir qüvvəyə çevrilmişdir. 44 günlük Vətən müharibəsinin başlanması ərəfəsində İlham Əliyev də Ali Baş Komandan kimi ordunun hazırlıq səviyyəsini belə qiymətləndirmişdi: “Bu gün biz güclü ordu yaratmışıq. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. Son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Azərbaycan Ordusu Ali Baş Komandan tərəfindən verilən bütün tapşırıqları şərəflə yerinə yetirir. Mənim dövrümdə bir dəfə də olmayıb ki, tapşırıq verilsin, yerinə yetirilməsin. Yerinə yetirilib”.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə günü-gündən inkişaf edən və möhkəmlənən Azərbaycan Ordusu nəyə qadir olduğunu hələ 2016-cı ilin aprelində Ermənistanən hərbi qüvvələrinin təxribatının qarşısının alındığı zaman və 2018-ci ilin mayında Naxçıvanın Günnüt kəndi ətrafındakı torpaqları erməni işğalından azad edərkən artıq əyani şəkildə nümayiş etdirmişdi. Ali Baş Komandanın yuxarıdakl fikirlərində də buna bir işarə vardır. Həmin uğurları İlham Əliyev Azərbaycanın hərb tarixinin şərəfli səhifəsi kimi qələmə verirdi.

2020-ci il iyul ayının 12–15-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu ərazisində baş verən hadisələr zamanı isə Azərbayvcan Ordusu bölmələri tamamilə yeni bir keyfiyyət ortaya qoydular. Ordunun komandir və zabit heyətinin yüksək peşəkarlığı, təşəbbüskarlığı və çevikliyi Ali Baş Komandan tərəfindən verilən tapşırıqların tam şəkildə yerinə yetirilməsinə yol açdı. Qısa müddət ərzində bölgədəki hərbi qüvvələr bu təcavüzün qarşısının alınmasına səfərbər olundular, Azərbaycan Ordusunun malik olduğu müasir hərbi texnika çox dəqiqliklə işə salındı. Xüsusilə pilotsuz uçan təyyarələr Ermənistanın istər sərhəd boyu, istərsə də Ermənistanın dərinliklərində olan hərbi obyektlərini darmadağın etdi, təcavüzkara ağır itki verildi. Erməni hərbi qüvvələrinin ələ keçirməyə çalışdığı ərazilər geri qaytarıldı və düşmənə bu bölgədə bir qarış da olsa torpaq verilmədi.

Daha böyük Zəfərini isə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsinin gedişində əldə etdi. Cəmi ay yarım davam edən döyüşlər zamanı Ermənistana, faşist mahiyyətli dünya erməniliyinə və onların havadarlarına elə bir dərs verildi ki, bölgədə tamamilə yeni bir reallıq yarandı. 30 il ərzində davam edən işğala susqunluqla yanaşan çox böyük qüvvələr Azərbaycan xalqının iradəsi qarşısında diz çökməyə məcbur oldu və bu qüvvələrin heç yuxularında belə təsəvvür edə bilməyəcəkləri bir tarixi mənzərə ortaya çıxdı.

Azərbaycan xalqı və onun iradəsini ifadə edən Azərbaycan dövləti gücünü və qətiyyətini toplayaraq öz ərazilərini erməni işğalından azad etdi, fərqli bir dünya düzəni yaratmaqla yeni bir tarix yazdı. Azərbaycan xalqı sübut etdi ki, haqsızlığa dayaqlanan şər və təcavüzlə onun iradəsini qırmaq, Azərbaycan xalqı ilə zor və təzyiqlə danışmaq, Azərbaycan xalqının səbri və dözümü ilə siyasi alver etmək olmaz. Kimsənin torpağına göz dikməyən Azərbaycan dövləti torpaqlarının da yad tapdağı altında qalması ilə barışmadı və bu torpaqlarda əbədilik kök salacaqlarına şübhə etməyən erməniliyə layiq olduğu yerini göstərdi, müstəqil Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində və Azərbaycan torpaqlarının işğalına son qoyulmasında, heç şübhəsiz ki, ilk növbədə Azərbaycan Ordusu misilsiz fədakarlıq nümayiş etdirdi. Mübarizlik, qətiyyət, şücaət, xalq və dövlət maraqlarına sonsuz sədaqət, düşmənə hədsiz nifrət hər bir əsgərin, zabitin və generalın şəxsində düşmənə doğru istiqamətlənmiş ağır bir yumruğa çevrildi. Azərbaycan Ordusu mürəkkəb döyüş şəraitində bu gün bütün dünyanı heyrətə salacaq bir məharət göstərməklə Azərbaycan xalqının qəhrəmanlıq tarixinə şərəfli bir səhifə yazdı.

44 gün davam edən Vətən müharibəsi cəbhələrində İlham Əliyevin təşkilatlandırdığı və Ali Baş Komandanı olduğu Azərbaycan Ordusu XXI əsrin yeni müharibəsinin aparılmasının nümunəsini nümayiş etdirdi. Ən yeni nəsil hərbi texnika ilə piyada qüvvələrin fəaliyyət uzlaşmasının dəqiqliklə, yeni təfəkkür və yanaşma ilə təmin edilməsi müasir döyüşün taktikasına da yeniliklər gətirdi. Xüsusilə, pilotsuz zərbə uçuş aparatlarının dünya təcrübəsində ilk dəfə çox geniş miqyasda və davamlı şəkildə tətbiqi döyüş meydanında səmanın tamamilə Azərbaycanın nəzarəti altına keçməsinə yol açdı.

Müzəffər Ali Baş Komandan da bəyan edirdi ki, “bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrdə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib”.

Xalqın qürur mənbəyinə çevrilmiş Azərbaycan Ordusunun şəxsi heyəti Vətən müharibəsi cəbhəsinin bütün sahələrində düşmənin belini qırmağa istiqamətlənmiş sonsuz şücaət və fədakarlıq nümayiş etdirdi. Məğlubedilməzliyi haqqında saxta miflər və uydurmalar yaradılmış erməni ordusu qərar tutduğu son dərəcə əlverilşi mövqelərin təbii üstünlüklərinə baxmayaraq, Azərbaycan Ordusu qarşısında məğlub duruma düşdü. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü, təmin edildi. 2023-cü il sentyabrın 27-də tarixinin ən şərəfli dövrünü yaşayan Azərbaycan Ordusu daha şərəfli bir uğura imza atdı.

Həmin gün düzgün planlaşdırılmanın aparılması, ordu qüvvələri qarşında dayanan vəzifələrin dəqiqliklə aydınlaşdırılması, yetərli sayda qüvvə və vəsaitin ayrılması və qətiyyət nümayiş etdirilməsi nəticəsində yalnız legitim hərbi obyektlərin və hədəflərin nişan alınması ilə Qarabağın dağlıq ərazisində unikal sayıla biləcək antiterror tədbiri həyata keçirildi. Heç 24 saat da davam etməyən bu əməliyyat nəticəsində bölgədəki mülki əhaliyə və obyektlərə ziyan vurulmadan erməni hərbi qüvvələri məhv edildi və Azərbaycanın bütün ərazilərində respublikanın suverenliyi təmin edildi. Azərbaycan xalqı, onun rəhbərliyi və ordusu tarixin yeni və şərəfli bir səhifəsini yazdı.

Tarixinin şərəfli anlarını yaşayan Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı nəticəsində əldə edilmiş tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün tamamlanması, 30 ilə yaxın davam edən erməni işğalına son qoyulması ilə nəticələndi. İndi Azərbaycan Ordusu öz xidmətini işğaldan azad edilmiş ərazilərdə, Ermənistanla dövlət sərhədində davam etdirir və heç şübhəsiz ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bu ordu gələcəkdə də öz tarixinin yeni-yeni şərəfli səhifələrini yazacaqdır.

Mehman SÜLEYMANOV,
Milli Müdafiə Universiteti Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru

Siyasət