Dünyanın müxtəlif ölkələrində Azərbaycanın adı çəkiləndə insanların yaddaşında ilk olaraq qalib dövlət, ərazi bütövlüyünü bərpa etmiş ölkə və milli iradəsini nümayiş etdirmiş xalq canlanır. Bu böyük uğur uzun illər davam edən gərgin əməyin, düşünülmüş siyasətin, xalq birliyinin və güclü ordu quruculuğunun nəticəsidir. Azərbaycanın əldə etdiyi tarixi zəfər xalqımızın əzmini, dövlətimizin qüdrətini və ordumuzun peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Xalqımız uzun illər işğal ağrısını yaşadı, yüz minlərlə soydaşımız doğma yurd-yuvalarından ayrı düşdü. Buna baxmayaraq Azərbaycan xalqı heç zaman öz haqq mübarizəsindən yan keçmədi. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və milli maraqlara söykənən inkişaf strategiyası ölkəmizin güclənməsinə möhkəm zəmin yaratdı.
Azərbaycan Ordusunun bugünkü qüdrətinin təməlində şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin xilaskarı, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən mürəkkəb şəraitə baxmayaraq, Ulu öndər böyük çətinliklər və gərgin zəhmət hesabına nizami ordu quruculuğu prosesinə başladı. Hərbi hissələrin formalaşdırılması, peşəkar zabit korpusunun yaradılması, hərbi intizamın gücləndirilməsi və milli ruhun aşılanması istiqamətində görülən işlər Azərbaycan Silahlı Qüvvələrinin gələcək inkişaf yolunu müəyyənləşdirdi. Həmin illərdə əsası qoyulan ordu quruculuğu strategiyası sonrakı uğurların möhkəm bünövrəsinə çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Ordusunun inkişafı yeni mərhələyə qədəm qoydu. Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirildi, müasir silah və texnologiyalar arsenalımıza daxil edildi, şəxsi heyətin döyüş hazırlığı daha da yüksəldildi. Ordumuz dünyanın qabaqcıl hərbi təcrübəsindən faydalanaraq peşəkarlıq səviyyəsini artırdı və regionun ən güclü ordularından birinə çevrildi.
Şübhəsiz ki, xalqımızın milli qüruruna çevrilən tarixi zəfəri Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Silahlı Qüvvələri qazandı. Vətən müharibəsi zamanı Azərbaycan əsgəri böyük rəşadət, fədakarlıq və vətənpərvərlik nümayiş etdirdi. Döyüş meydanında əldə olunan uğurlar ordumuzun gücünü, əsgər və zabitlərimizin yüksək hazırlığını bütün dünyaya göstərdi. Azərbaycan əsgəri öz qanı və canı bahasına tarixi ədalətin bərpasına nail oldu.
Şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Onların qəhrəmanlığı, qazilərimizin göstərdiyi şücaət və hərbi qulluqçularımızın əzmkarlığı Azərbaycanın şanlı zəfər tarixinin ən parlaq səhifələrini təşkil edir və qələbə milli birliyin, vətən sevgisinin və dövlətə sədaqətin təntənəsidir.
İyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür. Ulu öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə təsis olunan bu əlamətdar gün hər il böyük qürur hissi ilə qeyd edilir. Bu tarix Azərbaycan Ordusunun keçdiyi şərəfli yolu xatırlamaq, Vətənin keşiyində dayanan əsgər və zabitlərimizin xidmətlərini yüksək qiymətləndirmək üçün mühüm fürsətdir. Qürurla qeyd edək ki, Azərbaycan Ordusu dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısıdır. Azad edilmiş torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız ordumuzun qüdrətinin, xalqımızın yenilməz ruhunun və qazanılmış zəfərin rəmzidir. Azərbaycan Ordusunun şərəfli tarixi göstərdi ki, güclü dövlətin əsas dayaqlarından biri güclü ordudur. Xalqına, dövlətinə və torpağına bağlı olan ordumuz bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin keşiyində ayıq-sayıq dayanacaq, ölkəmizin təhlükəsizliyini və əldə olunmuş zəfərin əbədiliyini təmin edəcəkdir. Azərbaycan Ordusu gücümüzün, qürurumuzun və zəfərimizin rəmzi olaraq xalqımızın iftixar mənbəyi kimi daim yaşayacaqdır. Biz qalib, qəhrəman ordumuzla qürur duyur, fəxr edirik ki, qüdrətli dövlətimizə rəhbərlik edən müdrik liderimiz və Vətənin keşiyində ayıq-sayıq dayanaraq şanlı zəfər salnaməsi yazan güclü Silahlı Qüvvələrimiz var!
Subut Əsədov,
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri,
palitoloq


