Özbəkistan mətbuatında Azərbaycanın zəngin mədəniyyəti və multikultural ənənələrinə həsr olunmuş yazı dərc edilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Özbəkistanın nüfuzlu informasiya portalları olan “Zamon.uz”, “24news.uz” və “Mansur.uz” saytlarında Azərbaycanın zəngin mədəni irsi, qədim tarixi və multikultural dəyərlərindən bəhs edən geniş məqalə yayımlanıb.

XQ xəbər verir ki, məqalədə Azərbaycanın minilliklər ərzində formalaşan mədəniyyətinin inkişaf yolu, müxtəlif sivilizasiyaların təsiri ilə qazandığı özünəməxsus xüsusiyyətlər və müasir dövrdə mədəni sahədə əldə olunan uğurlar ətraflı şəkildə işıqlandırılıb. Bildirilir ki, Azərbaycan tarix boyu Şərqlə Qərb arasında mühüm əlaqələndirici rol oynayıb, müxtəlif xalqların və mədəniyyətlərin qovuşduğu məkan kimi tanınıb.

Yazıda ölkənin qədim tarixinin izlərini daşıyan Qobustan qayaüstü təsvirlərindən, eləcə də Bakı, Şamaxı və Gəncə kimi şəhərlərin əsrlər boyu elm, sənətkarlıq, ədəbiyyat və ticarət mərkəzləri kimi inkişaf etməsindən bəhs olunur. Vurğulanır ki, bu tarixi proseslər Azərbaycanın zəngin mədəni irsinin formalaşmasında mühüm rol oynayıb və bu gün də milli kimliyin əsas dayaqlarından biri hesab edilir.

Məqalədə Azərbaycanın multikulturalizm ənənələri xüsusi yer tutur. Ölkədə müxtəlif dinlərə və etnik mənsubiyyətlərə malik insanların əsrlər boyu qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı qeyd edilir. Azərbaycanın tolerantlıq mühitinin ən parlaq nümunələrindən biri kimi Quba rayonundakı Qırmızı Qəsəbə göstərilir. Bu məkan fərqli mədəniyyətlərin harmonik birgəyaşayış modelinin uğurlu nümunəsi kimi təqdim olunur.

Yazıda Azərbaycanın mədəni irsinin ayrılmaz tərkib hissələri olan muğam sənəti, xalçaçılıq məktəbləri, xalq yaradıcılığı nümunələri və memarlıq abidələri haqqında da ətraflı məlumat verilir. Bu dəyərlərin bir çoxunun beynəlxalq səviyyədə tanınaraq dünya mədəni irsinin mühüm nümunələri sırasında yer aldığı diqqətə çatdırılır.

Bununla yanaşı, ölkədə mədəniyyət sahəsinin inkişafı, tarixi abidələrin qorunması və bərpası, yeni mədəniyyət mərkəzlərinin yaradılması, eləcə də Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması istiqamətində həyata keçirilən layihələrdən bəhs olunur. Mədəni irsin gələcək nəsillərə çatdırılması, humanitar təşəbbüslərin genişləndirilməsi və beynəlxalq mədəni dialoqun təşviqi istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanır.

Məqalədə Azərbaycan və Özbəkistan arasında ortaq tarixi-mədəni dəyərlərə əsaslanan əməkdaşlıq münasibətlərinə də geniş yer ayrılıb. Son illərdə təşkil olunan mədəniyyət günləri, sərgilər, konsert proqramları, forumlar və elmi tədbirlərin iki qardaş xalq arasında əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı mədəni mübadilənin genişlənməsinə töhfə verdiyi qeyd olunur.

Sonda vurğulanır ki, Azərbaycan zəngin tarixi irsi, mədəni müxtəlifliyi və tolerantlıq ənənələri ilə regionun ən mühüm mədəniyyətlərarası dialoq məkanlarından biri kimi çıxış edir. Ölkənin əsrlər boyu qoruyub saxladığı mənəvi dəyərlər bu gün də müxtəlif xalqlar arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.











Sosial həyat