“Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi” publik hüquqi şəxsin NİZAMNAMƏSİ

post-img

Azərbaycan Respublikası Prezidentinin

2026-cı il 25 iyun tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqi, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin, eləcə də sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinin maliyyələşdirilməsi üçün vəsaitin icbari tibbi sığorta fondunda cəmləşdirilməsi və həmin vəsaitin idarə olunması, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi, habelə əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.

1.2. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.

1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını rəhbər tutur.

1.4. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə və digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.6. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, Nazirliyin adı və öz adı, “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.7. Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsində iştirak etmək;

2.1.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

2.1.4. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, habelə innovativ ideya və təklifləri dəstəkləmək;

2.1.5. əhalinin icbari tibbi sığortalanmasını həyata keçirmək və icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək;

2.1.6. icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlər yaradılması, icbari tibbi sığortanın hamı üçün əlçatan olması, əhalinin sağlamlığının qorunması məqsədilə tibbi xidmətlərin keyfiyyətinin, habelə tibbi xidmətlərdən, dərman və tibb vasitələrindən istifadənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək;

2.1.7. strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək;

2.1.8. strukturuna daxil olan tibbi qiymətləndirmə komissiyaları vasitəsilə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsini həyata keçirmək;

2.1.9. əlilliyi olan şəxslərin Fərdi Reabilitasiya Proqramının tərtibi ilə bağlı çoxsahəli komissiyaların işində iştirak etmək;

2.1.10. bu Nizamnamə ilə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Agentliyin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. beynəlxalq təcrübə nəzərə alınmaqla, icbari tibbi sığorta sahəsində tədqiqatlar aparmaq və həmin tədqiqatların nəticələri əsasında xidmətlər zərfinin müəyyən olunmasına dair Nazirliyə təkliflər vermək;

3.1.3. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, icbari tibbi sığorta haqqının məbləğinin müəyyən olunmasına dair Nazirliyə təkliflər vermək;

3.1.4. icbari tibbi sığorta fondunun büdcəsinin layihəsini hazırlayıb Nazirliyə təqdim etmək;

3.1.5. icbari tibbi sığorta sisteminin inkişaf istiqamətləri üzrə Nazirliyə təkliflər vermək;

3.1.6. tibb müəssisələrində göstərilən tibbi xidmətlər üzrə standartların, o cümlədən klinik protokolların hazırlanmasında iştirak etmək, maliyyələşdirilməsini təmin etmək və onların icbari tibbi sığorta sistemində tətbiqinə nəzarəti təşkil etmək;

3.1.7. icbari tibbi sığorta üzrə sığortaolunanların fərdi uçotunu aparmaq və icbari tibbi sığorta sistemində onların hüquqlarının müdafiəsini həyata keçirmək;

3.1.8. icbari tibbi sığorta haqlarının, qanunla və bu Nizamnamə ilə müəyyən edilmiş digər vəsaitlərin yığılmasını və onlardan təyinatı üzrə səmərəli istifadəni təmin etmək, icbari tibbi sığortanın maliyyə sabitliyinin təmin edilməsi məqsədilə icbari tibbi sığorta ehtiyatları yaratmaq və icbari tibbi sığorta vəsaitlərini idarə etmək;

3.1.9. xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərin göstərilməsi üçün tibb müəssisələri ilə tibbi xidmətlərin göstərilməsi haqqında, habelə aptek təşkilatları ilə ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilələr bağlamaq;

3.1.10. xidmətlər zərfinə daxil olan həcmdə göstərilən tibbi xidmətlərə, buraxılmış dərman vasitələrinə görə sığorta ödənişlərinin müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə tibb müəssisələrinə və aptek təşkilatlarına ödənilməsini təmin etmək;

3.1.11. xidmətlər zərfi çərçivəsində tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərin növünün, həcminin, müddətinin, keyfiyyətinin və tariflərinin tərəflərlə bağlanılmış müqavilənin şərtlərinə uyğun olmasına nəzarət etmək;

3.1.12. icbari tibbi sığorta çərçivəsində aptek təşkilatları tərəfindən buraxılan dərman vasitələrinin həcminin və buraxılma şərtlərinin tərəflərlə bağlanılmış müqavilənin şərtlərinə uyğun olmasına nəzarət etmək;

3.1.13. xidmətlər zərfi çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görmək;

3.1.14. icbari tibbi sığortaya cəlb olunan tibb müəssisələrinin və aptek təşkilatlarının vahid reyestrini aparmaq;

3.1.15. icbari tibbi sığortanın təbliği və bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədilə tədbirlər görmək;

3.1.16. tibbi-sosial ekspertiza keçirərək şəxslərin əlilliyini qiymətləndirmək;

3.1.17. əlilliyin qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizi, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək;

3.1.18. tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyi müəyyən olunan şəxslərin Fərdi Reabilitasiya Proqramının tərtib edilməsi ilə bağlı çoxsahəli komissiyaların işində iştirak etmək;

3.1.19. əlilliyin yaranmasına, inkişafına və nəticəsinə təsir göstərən səbəblər, şərait və amillərlə, habelə əlilliyin qarşısının alınması ilə bağlı Nazirliyə təkliflər vermək;

3.1.20. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini, habelə istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi ilə əlaqədar işçinin (sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin) əlavə xərclərə (müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinin verilməsinə və başqa peşə öyrədilməsinə) ehtiyacı olub-olmadığını tibbi-sosial ekspert komissiyaları vasitəsilə müəyyən etmək;

3.1.21. işləyən əlilliyi olan şəxslərin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən rəy verilməsini təmin etmək;

3.1.22. əlilliyi müəyyən edilmiş çağırışçılar və hərbi vəzifəlilər haqqında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə elektron qaydada məlumat verilməsini təmin etmək;

3.1.23. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq, yekun tibbi müayinəni aparmaq və bu sahədə işin optimallaşdırılması barədə Nazirliyə təkliflər vermək;

3.1.24. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.25. Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi, о cümlədən müasir informasiya texnologiyaları ilə təmin edilməsi barədə təkliflər vermək;

3.1.26. müvafiq sahədə elektron xidmətləri, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməyə uyğun olaraq təşkil etmək;

3.1.27. fəaliyyət istiqamətləri üzrə statistik və maliyyə hesabatlarını Nazirliyə və aidiyyəti üzrə müvafiq dövlət orqanlarına (qurumlarına) təqdim etmək;

3.1.28. müvafiq sahə ilə bağlı dövlət orqanları, beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslər tərəfindən maliyyələşdirilən məqsədli proqram və layihələri onlarla birlikdə həyata keçirmək;

3.1.29. müvafiq sahə ilə bağlı innovativ layihələrdən (o cümlədən startaplardan) istifadə imkanını araşdırmaq və Nazirliyə təkliflər vermək;

3.1.30. fəaliyyəti ilə bağlı malların (işlərin və xidmətlərin) satın alınmasını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək;

3.1.31. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;

3.1.32. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.33. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq, qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.34. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentlik əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.35. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet informasiya ehtiyatının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin informasiya ehtiyatında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.36. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.37. dövlət, kommersiya və həkim sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.38. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.39. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.40. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.41. müvafiq sahədə təlimlər təşkil etmək, peşəkar mütəxəssislərin hazırlanması, mövcud kadrların ixtisasının artırılması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək, onların həyata keçirilməsində iştirak etmək;

3.1.42. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə Nazirliyə təkliflər vermək;

3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.3. icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn tədbirlər görmək;

3.2.4. Nazirliklə razılaşdırmaqla, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər göstərilməsi üçün tibb müəssisələrini seçmək;

3.2.5. xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər üçün tariflərin müəyyən olunmasına dair Nazirliyə təkliflər vermək;

3.2.6. icbari tibbi sığorta çərçivəsində sığortaolunanlara göstərilən tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə, habelə sığortaolunanlara buraxılan dərman vasitələrinin həcminə və buraxılma şərtlərinə nəzarət etmək məqsədilə seçmə üsulu ilə tibbi-iqtisadi ekspertiza və tibbi xidmətin keyfiyyətinin ekspertizasını həyata keçirmək;

3.2.7. tibb müəssisələri, həmçinin aptek təşkilatları müqavilə şərtlərini pozduqları hallarda tibbi xidmətlərə, habelə buraxılmış dərman vasitələrinə çəkilən xərcləri qismən ödəmək və ya ödəməkdən imtina etmək;

3.2.8. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, subroqasiya hüququndan istifadə etmək;

3.2.9. icbari tibbi sığortanın maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitin həcminin artırılması və icbari tibbi sığortanın maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə sərbəst maliyyə vəsaitini yerli bazarda investisiyaya yönəltmək;

3.2.10. icbari tibbi sığortanın inkişafı məqsədilə investisiyalar cəlb etmək;

3.2.11. tibb müəssisəsinin və (və ya) tibb işçisinin təqsiri üzündən sığortaolunana vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək;

3.2.12. tibbi-sosial ekspert komissiyalarının qərarlarından narazı olan vətəndaşların müraciəti əsasında, habelə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etmək;

3.2.13. tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək;

3.2.14. tibbi-sosial ekspert komissiyalarının qərar qəbul etməkdə çətinlik çəkdiyi mürəkkəb ekspertiza hallarında tibbi-sosial ekspert komissiyalarına məsləhət vermək;

3.2.15. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.16. müvafiq sahədə beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xaricdə fəaliyyət göstərən müvafiq qurumlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.17. könüllüləri öz fəaliyyətinə cəlb etmək;

3.2.18. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.19. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.20. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.21. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.22. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.23. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.24. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.25. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Agentliyin idarə olunması

4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Agentliyin idarəetmə orqanı İdarə Heyətidir.

4.3. İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.4. İdarə Heyətinin tərkibi 5 (beş) üzvdən – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 4 (dörd) müavinindən ibarətdir.

4.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.5.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin illik maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.5.2. Agentliyin strateji məqsəd və planlarını müəyyən etmək, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün Nazirliyə təkliflər vermək;

4.5.3. Agentliyin fəaliyyətini təşkil etmək və ona nəzarət etmək;

4.5.4. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini Nazirliklə razılaşdırmaqla təsdiq etmək;

4.5.5. Agentliyin sığorta ehtiyat fondlarının formalaşdırılması və bu ehtiyatlardan istifadə qaydasını müəyyən etmək;

4.5.6. dərman vasitələrinin pozitiv siyahısını və şərti kompensasiya məbləğini müəyyən etmək;

4.5.7. icbari tibbi sığorta haqlarının məbləğinin və bu haqların ödənilmə qaydasının müəyyən edilməsinə dair təkliflər vermək;

4.5.8. Agentliyin strukturunun, əməyin ödənişi fondunun, habelə işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi üçün Nazirliyə təkliflər vermək;

4.5.9. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.5.10. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək;

4.5.11. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.5.12. Nazirliyin razılığı ilə Agentliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.5.13. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.5.14. Agentliyin daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə bu Nizamnamənin 4.11.10-cu yarımbəndi nəzərə alınmaqla, onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.5.15. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.5.16. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.5.17. bu Nizamnamənin 3.1.36-cı yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.5.18. Agentliyin strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.5.19. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.5.20. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.5.21. təsisçinin və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.6. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müavinləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

4.7. İdarə Heyətinin sədri İdarə Heyətinin iclaslarını ayda azı 1 (bir) dəfə çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.8. İdarə Heyətinin üzvlərinə, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə, yazılı məlumat verilir.

4.9. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.10. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.11. İdarə Heyətinin sədri:

4.11.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.11.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.11.3. öz təşəbbüsü və İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.11.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.11.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.11.6. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.11.7. özünün və Agentliyin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.11.8. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının, digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını Nazirliklə razılaşdırmaqla təsdiq edir;

4.11.9. Agentlik işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.11.10. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir;

4.11.11. Agentliyin əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.11.12. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.11.13. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.11.14. Agentlikdə fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.11.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.11.16. müavinləri və struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsü aparır;

4.11.17. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.12. İdarə Heyətinin üzvləri:

4.12.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.12.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.12.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.12.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.12.5. İdarə Heyətinin qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.13. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Agentliyin nizamnamə fondu 10 565 947, 36 (on milyon beş yüz altmış beş min doqquz yüz qırx yeddi manat otuz altı qəpik) manatdır.

5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daxil olan icbari tibbi sığorta vəsaitindən, fəaliyyətindən əldə olunmuş gəlirdən, kreditlərdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Agentliyin idarə, filial və nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququ vardır.

5.5. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.

5.6. Bu Nizamnamənin 5.7-ci bəndi istisna olmaqla, Agentliyin məhsullarının (işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

5.7. Agentlik tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi xidmətlər zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin, habelə xidmətlər zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin tarifləri tənzimlənən qiymətlərə (tariflərə) aiddir.

5.8. Maliyyə ilinin sonuna icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitdən istifadə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.

6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2. Agentlik hər il martın 31-dək əvvəlki ildə ölkənin icbari tibbi sığorta sistemi ilə bağlı vəziyyəti və inkişaf perspektivləri barədə hesabatı, habelə Agentliyin fəaliyyətinə dair illik hesabatı Nazirliyə təqdim edilir.

7. Agentlikdə uçot və hesabat

7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Agentliyin ləğvi və yenidən təşkili

Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Nizamnamə