Omeqa-3 əlavələri ilə bağlı gözləntilər yenidən dəyərləndirilir

post-img

Sağlam həyat tərzi və düzgün qidalanma mövzuları gündəmdə olduqca, müxtəlif qida əlavələrinə maraq da artır. Xüsusilə omeqa-3 yağ turşuları uzun illərdir ki, yaddaşı gücləndirdiyi, beyin fəaliyyətini yaxşılaşdırdığı və yaşla əlaqədar yaranan idrak pozuntularının qarşısını aldığı düşüncəsi ilə geniş istifadə olunur. Lakin elm daim inkişaf edir və yeni araşdırmalar əvvəllər qəbul olunmuş bəzi qənaətlərin yenidən nəzərdən keçirilməsini zəruri edir.

CNN-in məlumatına görə, ABŞ-ın Cənubi Kaliforniya Universitetinin Kek Tibb Məktəbi və Fərdiləşdirilmiş Beyin Sağlamlığı Mərkəzinin alimləri tərəfindən aparılan yeni klinik araşdırma omeqa-3 əlavələrinin yaddaş və koqnitiv funksiyaların yaxşılaşdırılmasına nəzərəçarpacaq təsir göstərmədiyini ortaya qoyub. Nüfuzlu “eBioMedicine” jurnalında dərc olunan tədqiqatın nəticələrinə əsasən, bu əlavələr Altsheymer xəstəliyinin qarşısının alınmasında da əhəmiyyətli fayda vermir. Alimlər bildirirlər ki, beyin sağlamlığının qorunması üçün balanslı qidalanma, fiziki aktivlik və sağlam həyat tərzi daha mühüm rol oynayır.

Araşdırmada yaşı 55-80 arasında olan, orqanizmində omeqa-3 səviyyəsi aşağı və demensiya riski daşıyan 365 nəfər iştirak edib. Onlar iki qrupa bölünüblər: birinci qrup yüksək dozada omeqa-3, ikinci qrup isə plasebo qəbul edib. Tədqiqat iki il davam edib.

Nəticələr göstərib ki, hər iki qrupda nə koqnitiv funksiyalarda, nə də beynin yaddaşla əlaqəli hissəsi olan hipokampda hər hansı yaxşılaşma qeydə alınmayıb.

Mütəxəssislər bildirirlər ki, omeqa-3 yağ turşuları insan orqanizmi üçün vacib qida komponentlərindən biridir və ürək-damar sağlamlığı, iltihabi proseslərin tənzimlənməsi kimi sahələrdə müəyyən faydaları mövcuddur. Lakin bu, onların beyin fəaliyyətinin yaxşılaşdırılması və ya demensiyanın qarşısının alınması üçün universal vasitə olduğu anlamına gəlmir.

Tədqiqatın müəllifləri vurğulayırlar ki, koqnitiv sağlamlığın qorunması təkcə bir qida əlavəsinin qəbulu ilə mümkün deyil. Beynin sağlam fəaliyyətinin saxlanılmasında balanslı qidalanma, müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu, sosial əlaqələrin qorunması və zehni fəaliyyətlərin davam etdirilməsi daha mühüm amillər hesab olunur.

Son illərdə qida əlavələri bazarında müşahidə olunan sürətli artım bir çox insanı sağlamlıqla bağlı qərarlar qəbul edərkən elmi əsaslardan daha çox reklam və marketinq mesajlarına güvənməyə sövq edir. Yeni araşdırmanın nəticələri isə göstərir ki, hər hansı əlavənin faydası barədə qənaətə gəlməzdən əvvəl onun elmi sübut bazasına diqqət yetirmək vacibdir.

 

Nurəngiz Adilqızı

XQ

Sosial həyat