Elmira Mirzəyeva: “75 yaş mənim ən dəyərli sərvətimdir”

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Psixoloq müraciət edən şəxsin əvəzinə heç bir qərar verə bilməz. Psixoloq, sadəcə, yaranmış problemli situasiyanı təhlil edərək müəyyən yol göstərə bilər.

2026-cı il iyun ayının 25-də psixologiya elmləri doktoru,“Loqos” Psixoloji və Nitq İnkişafı  Mərkəzinin baş psixoloqu, professor  Elmira Mirzəyeva  mənalı ömrün  75-ci pilləsinə qədəm  qoyur. Bu ərəfədə yazıçı-publisist Rəhilə Gülgün yüzlərlə insana kömək əli uzadan tanınmış praktik psixoloqla görüşüb ondan müsahibə almışdır.  

- Salam, Elmira xanım, qarşıladığınız 75 yaşınız ərəfəsində özünüzü necə hiss edirsiniz?

- Sizinlə görüşmək, söhbətləşmək hər zaman xoşdur. O ki qaldı 75 yaşa, qeyd etmək istəyirəm ki, insanın üç yaş meyarı var: birincisi, onun pasport yaşıdır - bu bir faktdır və onu qəbul etməkdən başqa çarəmiz yoxdur. Növbəti fizioloji yaşıdır, yəni orqanizmin, səhhətin vəziyyəti ilə əlaqədar olan yaş. Sonuncusu isə insanın psixoloji yaşıdır. Psixoloji cəhətdən neçə yaşım olduğunu bilmirəm, amma, pasportumda olan yaşı qəbul edirəm. Necə ki, gürcü müğənnisi Vaxtanq Kikabidze deyirdi: "Mənim illərim mənim sərvətimdir". Mən də hesab edirəm ki, 75 yaş mənim ən dəyərli sərvətimdir.

- Mən sizə indi tamam başqa bir sual verməli idim: ötən il belə bir fikir söyləmişdiniz ki, artıq, nəvələrinizlə vaxt keçirmək istəyirsiniz, bağa köçmüsünüz və “LOQOS”-dan ayrılmaq qərarına gəlmisiniz. Amma yenə burdasınız. Sizi “LOQOS”-a  bağlayan nədir?

- Bildiyiniz kimi, mən respublikanın ilk praktik psixoloqlarından biriyəm. “LOQOS” -  Psixoloji və Nitq İnkişafı  Mərkəzi hər zaman ilklərə imza atan, ölkədə illərdir məşhur olan psixoloji mərkəzdir. Hər zaman xaricdə olanda, oradakı gözəl mərkəzləri görəndə arzulayırdım ki, bizim ölkəmizdə də belə bir mərkəz olsun. Şükür ki, mərkəzin rəhbəri, psixoloq Təranə Paşayevanın səyləri nəticəsində bu gün belə bir qurum bizdə də var. İlk dəfə fəaliyyətə başlayanda ölkəmizdə klinik psixoloq kadrlarına ciddi ehtiyac var idi. 

O zaman Təranə xanım əlindən gələni əsirgəmədi və Rusiya Fedesiyasının V.M. Bexterev adına Psixiatriya və Nevrologiya üzrə Milli Tibbi Tədqiqat Mərkəzinin ikinci ali təhsil verən, yenidən hazırlanma şöbəsi ilə müqavilə bağlayaraq onları ölkəmizə dəvət etdi. 2 il ərzində 30 nəfərdən artıq psixoloq hazırlanaraq, klinik psixoloq ixtisasına yiyələndi. Bu gün ölkədə tanınan bir çox klinik psixoloqlar məhz “LOQOS”-un yetirmələridir. Mənim bu mərkəzə sevgim, hörmətim, Təranə xanım başda olmaqla bütün kollektivə olan bağlılığım o qədər böyükdür ki, heç bir başqa məkanda özümü bu qədər rahat və xoşbəxt hiss edə bilməzdim. İnsanların karına gəlməkdən doğulan rahatlıq hissi yaşa baxmır…

-  Elmira adının açması, mənbilən, zəriflik və incəlik, hörmət və dəyər, eyni zamanda qüvvət və qərarlılıqdır. Valideynləriniz uğurlu ad seçiblər...

-  İxtisasımla bağlı adlar üzərində geniş təhlillər aparmışam. Deyə bilərəm ki, adın insanın həyatına və əhval-ruhiyyəsinə ciddi təsiri var. O ki qaldı mənim adıma, hər kəs onu bir cür yozur. Bu adın tərkibində "elm" sözü də var, "el" sözü də. Oxuduğum mənbələrdən öyrəndim ki, antik dövrdə Misirdə “ra” hecası günəş demək imiş və onlar “ra”-ya səcdə edirlərmiş. Bu məlumat məni çox maraqlandırdı və düşünürəm ki, bu adın mənasını araşdırmaq maraqlı olar.

- Xarakter etibarı ilə sizə bu adı bəxş edənlərdən daha çox hansına bənzəyirsiniz, ataya, yoxsa anaya?

-  Xoşbəxtlikdən mənim atam də, anam da çox alicənab, amma bununla yanaşı həm özlərinə, həm də ətrafdakılara qarşı çox tələbkar insanlar olublar. Ədalətli olublar, həmişə haqqın müdafiəsində durublar. Bu keyfiyyətlər mənim də davranışlarımı nizamlayan ciddi səbəblərdir.

- Hər kəsin doğulub boya-başa çatdığı bir məkan, el-oba var. Sizcə, Şəmkir necə bir ata-ana ocağı, yurd yeridir?

- 5 il bundan öncəyə qədər, ölkəmiz darda olanda doğum yeri barədə  soruşanlara həmişə sadəcə, "azərbaycanlıyam", -  deyə cavab verirdim. Ancaq şükürlər olsun ki, bu gün artıq Qarabağımız da bizimdir, Azərbaycanımız bütövdür. Ona görə də fəxrlə deyə bilərəm ki, mən dünyaya ölkəmizin Şəmkir rayonunda göz açmışam. O torpağa, onun zəhmətkeş sakinlərinə çox böyük sevgim və hörmətim var. Valideyinlərim də haqqın dərgahına bu torpaqda çatıblar. Dünyanın harasında oluram olum, o torpağı hər zaman qəlbimdə yaşadıram.

- Siz ixtisasca, həm də natura etibarilə yaxşı müəllimsiniz; öyrənməyi və öyrətməyi sevirsiniz. Üstəlik  Elmira Mirzəyeva ölkədə tanınmış psixoloqdur. Peşənizi dəyişmək fikri haradan yarandı? Necə oldu ki, illər sonra məhz psixologiya sferasında çalışmağı seçdiniz?

- Mən müəllim idim. İxtisasımı dəyişmək xəyalı elə müəllim işlədiyim dövrdə yarandı. Bunun da kökündə məktəb müəllimlərinin uşaq psixologiyasını, sosial psixologiyanı və konfliktologiyanı dərindən bilməmələri dayanırdı. İnsanı fiziki olaraq öldürəndə buna görə hüquqi cəza kəsilir. Amma əfsuslar olsun ki, bir uşağı, bir insanı ruhən öldürəndə, onun qəlbinə toxunanda biz böyüklərin bəzən heç xəbəri olmur, yəni əməlimizin törətdiyi fəsadların fərqinə varmırıq. Bax belə bir qərar vermək  fikiri məndə o dövrdən formalaşdı.

- Nə zamansa belə bir ifadə işlətmişdiniz: "Psixiatrın qəbulunda gülməkdənsə, psixoloqun kabinetində ağlamaq daha yaxşıdır, daha faydalıdır". Bu nə deməkdir?

-  Bu, mənim sevimli ifadəmdir. Hər birimiz həyatımız boyu müəyyən itkilərlə, haqsızlıqlarla, ədalətsizliklərlə və konfliktlərlə rastlaşırıq. Bu, ailədə də ola bilər, cəmiyyətdə də, iş yerində də. İnsan emosional gərginliyini azaltmaq üçün müəyyən metodlardan istifadə etməlidir. Hər dəfə  təbiətə gedəndə təklif edirdim ki, qışqıraq, hərəkətli, hərarətli olaq, relaksasiya məşğələləri keçək və s. Amma, əfsuslar olsun ki, biz hazırda aktiv yox, reaktiv bir dövrdə yaşayırıq və hər zaman təbiətə getmək, orada relaks məşğələləri keçmək imkanımız olmur. İnsan bəzən o qədər gərginlik yaşayır ki, nəinki qışqırmaq, hətta hayqırmaq istəyir. 

Bu zaman, təbii ki, biz psixoloqlar onların köməyinə çatırıq. İnsan emosional gərginliyi azaltmaq üçün psixoloqun yanına gəlir. Həyatında müəyyən bir düyün yarana bilər: incidiblər, haqsızlıq ediblər, yaxınını itirib və ya uğursuz sevgi yaşayıb. Təbii ki, insan bunu yaxınlarına hər zaman danışa bilmir. Psixoloqun yanına gəlib həmin o yaranmış düyünü çözmək ən düzgün çıxış yoludur. Onu da qeyd edim ki, psixoloq müraciət edən şəxsin əvəzinə heç bir qərar verə bilməz. Psixoloq sadəcə yaranmış problemli situasiyanı təhlil edərək insana müəyyən yollar göstərə bilər. Amma, pasient yollardan hansını seçəcək – bu, onun şəxsi işidir, biz bura müdaxilə edə bilmərik.

-  Madəm ki, mövzumuz psixologiya oldu, gəlin elə bu istiqamətdə davam edək. Peşənizlə bağlı çoxsaylı layihələrə imza atmısınız, xüsusən də Qarabağ müharibələri dövründə gecə-gündüz çalışmısınız. Qısa şəkildə nələri yada salmaq istərdiniz?

-  Ölkəmizdə həm dövlət səviyyəsində, həm BMT, həm də Heydər Əliyev Fondu çərçivəsində 50-dən artıq layihə həyata keçirmişəm. Amma onlardan ikisini xüsusi qeyd edəcəm. Biri Heydər Əliyev Fondunun şəkərli diabetdən əziyyət çəkən uşaqlara qayğı layihəsidir. İlk layihəmizi Lənkəranda həyata keçirdik, o qədər uğurlu nəticələr aldıq ki, ikinci il həmin layihəni Gəncə şəhərində davam etdik. 

Amma məni qocaldan, bəlkə də ömrümdən illər alan digər bir layihə oldu. Əlimi ürəyimin üstünə qoyaraq vicdanla deyə bilərəm ki, mən ölkədə Birinci Qarabağ müharibəsindən başlayaraq bu günə qədər şəhid, məcburi köçkün, qazi və itkin düşmüş şəxslərin ailələrinə aramsız dəstək göstərən yeganə psixoloqam.  O mürəkkəb həyatdan ağır zərbə almış insanlar bu gün də məni arayib-axtarır, dərdlərini bölüşürlər.

-  Elmira xanım, bu qədər çətin və ağır işlərin altına girdiniz, haqqınızda kitablar yazıldı, fəaliyyətiniz mətbuatda işıqlandırıldı. Amma heç vaxt elmi titullar almaq, hansı təşkilatdasa yüksək vəzifə tutmaq haqqında düşünmədiniz. 

-  Mən, psixologiya üzrə elmlər doktoru, professorlar Əbdül Əlizadənin, İsa Məmmədovun yetirməsiyəm. Əbdül müəllim hər zaman mənə deyərdi  ki: "Elmira qızım, sizdə üç doktorluq dissertasiyasının materialı var, müdafiə edin". Mən isə cavab verərdim ki: "Əbdül müəllim, ölkəmizdə 1 milyon məcburi köçkün, minlərlə şəhid ailəsi var, bu günə qədər taleyi bilinməyən 4 mindən artıq itkinimiz var. Canlı insanların mənə ehtiyacı olan bir dövrdə istəyirsiniz ki, mən ölü kağızların üzərində işləyim? Mən bunu bacarmıram".

- Bəs necə oldu ki, siz elmi dərəcəni Azərbaycandan kənarda aldınız və bu hansı dərəcədir?

-  Psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini Sankt-Peterburq şəhərində, Beynəlxalq Fundamental Təhsil Universitetində müdafiə etdim.

- Siz çıxışlarınızda dünyaca məşhur professor Şamil Taşayevin adını tez-tez çəkirsiniz. Professor Taşayev dünya səviyyəli bir alim idi və onunla əlaqə qurmaq bəlkə də əlçatmaz görünürdü. Necə oldu ki, onu Azərbaycana dəvət edə bildiniz?

-  Şamil müəllim haqqında danışmazdan öncə İsa müəllim haqqında demək istəyirəm. İstəyirəm gənclərimiz, bugünkü gənc psixoloqlarımız bilsinlər ki, Azərbaycanda praktik psixologiyanın inkişafında psixologiya elmləri doktoru İsa Məmmədovun həddindən artıq böyük rolu olub. O ki qaldı Şamil müəllimə, onun insan beyni sahəsində dünya üzrə 8 ixtirası var. Mən onunla beynəlxalq konfransların birində tanış oldum, yaxınlaşıb Bakıya gəlməsini təklif etdim. O isə təklifimi məmnuniyyətlə qəbul etdi. Şamil müəllimin Bakıya 12 işgüzar səfəri olub, onlardan beşi məhz “LOQOS”-un dəvəti ilə baş tutub.

-  50 il öncə ölkəmizdə psixoloq, psixologiya sanki simvolik bir anlayış idi, yəni bu sahəyə formal yanaşılırdı. İndi isə psixoloqlar, psixoloji mərkəzlər yağışdan sonra çıxan göbələklər kimi çoxalıb. Çox deyilmi?

-  Mərkəzlərin və mütəxəssislərin artması müsbət haldır. Amma istərdik ki, o mərkəzlərdə peşəkar, ali təhsilli və uğurları olan, işlədiyi sahəyə uyğun sertifikatlar qazanmış mütəxəssislər çalışsın. Valideynlər mərkəz və mütəxəssis seçimi edəndə o mərkəzin uğurları ilə, gördükləri işlərlə və mütəxəssisin ali təhsili, işinin nəticələri ilə maraqlansınlar. Psixoloji mərkəzi biznes mərkəzinə çevirməsinlər. Ölkədə ehtiyac duyulan mövzularda təmənnasız maarifləndirmə işləri aparsınlar, xüsusən də regionlarda.

-  Gənc nəslin həm zahiri, həm də mənəvi baxımdan davranışlarını necə dəyərləndirirsiniz? Baxın, bəzən bədən quruluşlarına süni müdaxilələr edirlər. Sizin münasibətiniz necədir?

-  Bilirsiniz, mən bu suala həmişə zarafatla yanaşıram və deyirəm ki: "Özünüzü bu qədər dəyişdirməyin, Əzrayıl canınızı almağa gələndə sizi səhv salacaq, ya tanınmaz hala düşən başqasının badına gedəcəksiniz, ya da başqası sizin". Tibbi göstəriş olarsa, bunu etmək mütləqdir,yoxdursa, bu insanın şəxsi işidir. Biz nə deyə bilərik? Burada kiminsə əvəzinə fikir yürütmək mənə bir az çətindir.

-  Sizcə bu yeni əsrdə qızlar daha çox fəallaşmayıb ki? Oğlanlar sanki bir az laqeydləşiblər, bir növ arxa plana çəkiliblər.

-  Burada mən deyərdim ki, yarı-yarıyadır: məqsədyönlü, inkişaf etmiş, xarici dilləri bilən, yeni texnologiyalardan bacarıqla istifadə edən həm qızlarımız, həm də oğlanlarımız var.

-  Elmira xanım müəllimdir, psixoloqdur, təlimçidir, natiqdir, yaxşı dostdur. Amma onun üçün ən fövqəladə olanı analıq sənətidir. Bildiyim qədərilə beş övladınız və on nəvəniz var və hətta eşitdiyimə görə siz "Analıq medalı" alan ilk psixoloqsunuz.

-  Təltiflərim yetərincə çoxdur. Amma,  Analıq diplomu və medalı mənim üçün çox dəyərlidir. Mən bununla qürur duyuram, fəxr edirəm.

- Ölkə daxilində və xarici dövlətlərə çoxlu  səyahətləriniz olub. Xüsusən qış aylarında Sankt-Peterburqa can atdığınızı bildirirsiniz. Nə üçün  Sankt-Peterburq?

-  Mən bu dünyaya şəxs kimi gəlmişəm, böyümüşəm, şəxsiyyət kimi yaşamışam. Amma, bir alim kimi məhz Sankt-Peterburqda dünyaya gəlmişəm. Mənim elmi rəhbərim, rəhmətlik Şamil müəllim o şəhərdə yaşayırdı. Şamil müəllimin rəhmətə getməsinə baxmayaraq, onun həyat yoldaşı ilə bu günə qədər də dostluğumuz, əməkdaşlığımız və gediş-gəlişimiz davam edir. Ona görə hər ilin sonunda oraya gedirəm, Yeni ili birlikdə keçiririk. Həm də mən Sankt-Peterburq Klinik Psixologiya və Psixoterapiya İnstitutunun elmi şurasının üzvüyəm. İlin sonunda biz işlərimizə yekun vururuq və mənim orada olmağım gərəkir.

- Həmişə qaynar həyatın içində, insanlar arasında  olan Elmira Mirzəyevanın son dövrlər bağ mühitinə çəkilməyi sayəsində  nələrsə dəyişdi? 

- Bu kənardan baxanlara, bəlkə də, uzaqlaşma kimi görünə bilər, əslində isə hazırda LOQOS -da öz işimdəyəm, eyni zamanda  Beynəlxalq Fundamental Təhsil Universitetinin professoruyam, aspirantlarım, dissertantlarım var və onlarla distant (onlayn) şəkildə işləyirəm. Yəni tərki-dünya olmamışam; qonaqlarım da gəlir, sevdiklərim də. Mən də gördüyünüz kimi şəhərə gəlirəm. Amma, iş həddindən artıq çoxdur, bu mənim elmi fəaliyyətimlə, yaradıcılığımla bağlıdır, bununla yanaşı torpaqla,təbiyyətlə təmasa ehtiyyac duyuram. 

-  Son vaxtlar söylədiyiniz  bir fikir diqqətimi çəkib. Demisiniz, hərdən özümün-özümə sual verməyim gəlir. O nə sualdır, əgər sirr deyilsə… 

- Bəli, özüm özümdən soruşmaq istərdim: "Elmira, həyatında nəyi isə dəyişmək istərdinmi?". Cavabım belədir: "Xeyr, həyatımın nöqtə-vergülünə belə toxunmazdım. Nə sevdiyim insanları, nə ailəmi, nə dostlarımı, nə də tanışlarımı itirmək istəməzdim. Bu ömrü eynilə yenidən yaşayardım. Yenə o valideynləri, o övladları, o ömür-gün yoldaşını və o dostları, bu gözəl vətəni, Azərbaycanı seçərdim.

Söhbəti qələmə aldı: 
Rəhilə Gülgün



Səhiyyə