II MƏQALƏ
Azərbaycançılığa elmi yanaşma
Heç şübhəsiz, Azərbaycanda azərbaycançılığın elmi tədqiqi ilə bağlı çox dəyərli əsərlər vardır. Fərqli yanaşmalar və məsələnin mühüm aspektləri dərindən araşdırılmışdır və bu, davam edir. Bu mövzuda çox zəhmət çəkmiş alimlərimiz qarşısında baş əyirik. Eyni zamanda, bizi bu elmi problemin AMEA-nın yeniləşmə kursu kontekstində fəlsəfi aspekti maraqlandırdığından bir qədər başqa prizmadan azərbaycançılığa və onun akademik İsa Həbibbəyli mənasında prinsiplərinin nəzəri-konseptual xüsusiyyətlərinə baxmağa çalışacağıq.
Burada əsas məqsəd mövzu ilə bağlı hər hansı “mütləq həqiqəti” müəyyən etməkdən ibarət deyildir, əksinə müasir Azərbaycan dövlətçiliyi, ideoloji identikliyi və humanitar elmi təfəkkürü üçün çox aktual hesab etdiyimiz bir mövzunu fəlsəfi düşüncə fonunda daha da aktuallaşdırmaqdan ibarətdir. Çünki əminik ki, azərbaycançılığın adekvat fəlsəfi dərki olmadan (bu isə fərqli yanaşmaların, ciddi müzakirələrin, fikir dartışmalarının aktuallaşmasını nəzərdə tutur) bütövlükdə onun məzmun və funksional xüsusiyyətlərini elmi dərk etmək mümkün olmayacaq.
Digər tərəfdən, ölkə, dövlət və cəmiyyətin zəkavi və ideya-mənəvi “aləmi” üçün olduqca əhəmiyyətli və aktual olan azərbaycançılığın fəlsəfi refleksiyası (dərki, anlamı) çox mürəkkəb məsələdir. Bu, həm azərbaycanılığın bir ideya, konsept, konsepsiya və ideologiya kimi mürəkkəb substantiv-funksional xüsusiyyətlərə malik olması ilə bağlıdırsa, digər tərəfdən bizim üçün hələ də həssas olan ölkə-dövlət-cəmiyyət-mədəniyyət “zəncirinin” müxtəlif aspektlərinin tarixi, siyasi və müasir dövr kontekstlərində “konstruktiv dərki”nin meydana gətirdiyi həllini gözləyən məqamlarla əlaqəlidir. Biz burada “konstruktiv dərk” dedikdə konkret idrakı özəlliyi nəzərdə tuturuq.
Yəni azərbaycançılığın dərki o zaman konstruktiv sayıla bilər ki, ölkənin, cəmiyyətin bütövlüyünü və davamlı inkişafının ideya, mənəvi, əxlaqi, sosial aspektlərinin harmoniyasını təmin etməyə xidmət etsin. Dövlətçiliyin isə tərəqqisini tam müstəqillik çərçivəsində, milli ilə bəşəri dəyərlərin vəhdətində, dövlət identikliyinin sülhyaradıcı, faydalı əməkdaşlıq müstəvisində, milli təhlükəsizliyi, suverenliyi, ərazi bütövlüyünü tam təmin edən istiqamətə yönəltməkdə prinsipial rol oynasın.
Məhz vurğulanan yanaşma kontekstində akademik İsa Həbibbəylinin azərbaycançılıq və onun prinsipləri ilə bağlı irəli sürdüyü ideyaları daha uyğun hesab edirik. Burada söhbət müəllifdən deyil, ideya, konsept, konsepsiya və ideologiya kimi azərbaycançılığın dövlətçiliyə, cəmiyyətin bütövlüyünə, müstəqilliyin və suverenliyin davamlı təmininə sistemli yanaşma kontekstində fəlsəfi təhlilindən gedir. Burada iki xüsusiyyətə diqqəti yönəltmək istərdik.
Birincisi, azərbaycançılığın, ümumiyyətlə, Azərbaycan humanitar elmi təfəkkürünün tarixi dinamikası və bütöv mənzərəsi fonunda yeri və rolunun müəyyən edilməsi. Bu, daha konkret səviyyədə azərbaycançılığın humanitar elmi təfəkkürün elementi kimi adekvat dərki məsələsini aktuallaşdırmaq deməkdir. Eyni zamanda, buradan başqa bir mühüm metodoloji özəllik meydana çıxır.
“Azərbaycan humanitar elmi təfəkkürünün tarixi dinamikası” ifadəsinin nəzəri-konseptual proyeksiyası bütövlükdə elmi təfəkkürün (və bu bağlılıqda fəlsəfi təfəkkürün) dövrləşdirilməsi məsələsini fəal surətdə gündəmə gətirir. Yəni həmin “tarixi dinamikanın” adekvat dərki üçün fəlsəfi, bədii, tarixi, kulturoloji, sosioloji və digər təfəkkür sferalarının dövrləşdirilməsi prinsipləri müəyyən olunmalıdır.
İkincisi, müxtəlif elmi təfəkkür formalarının dövrləşdirilməsi xüsusiyyətlərinin bütövlükdə Azərbaycan humanitar elmi təfəkkürü müstəvisində və tam azərbaycançılıq kontekstində fəlsəfi və sinergetik vəhdətinin ümumnəzəri və metodoloji özəlliklərini tapmaq lazımdır.
Bunlara görə, azərbaycançılığın prinsiplərinin fəlsəfi təhlilində iki fundamental tezisi əsas götürməliyik.
Birincisi, elmi təfəkkür formalarının dövrləşdirilməsinin əsas prinsiplərinin müəyyən edilməsi.
İkincisi, müəyyən edilən həmin ümumi prinsiplər prizmasında azərbaycançılığın tam fəlsəfi-elmi obrazının yaradılması.
Dövrləşdirmə prinsipləri
Azərbaycan ədəbiyyatı tarixinin yenidən dövrləşdirilməsi üçün konseptual baxımdan faydalı ola biləcək aşağıdakı prinsiplər irəli sürülmüşdür:
“1. Azərbaycançılıq məfkurəsi.
2. Sivilizasiya faktoru.
3. Ədəbi-tarixi prosesin reallıqları.
4. Azərbaycanda ədəbi cərəyanlar” (İ.Həbibbəyli, Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri. Bakı, “Elm”, 2019, s. 96).
Bu yanaşmanın aşağıdakı xüsusiyyətləri diqqətimizi çəkir.
a) Məfkurə
Birincisi, bədii təfəkkürün dövrlər üzrə müəyyən edilməsinin ana ideya-konseptual xətti kimi azərbaycançılıq məfkurəsi götürülür. Bu seçimin müstəqil dövlət quruculuğu, suverenlik, ərazi bütövlüyü (Azərbaycan ərazisinin fəlsəfi, coğrafi, bədii, kulturoloji obrazının elmi kriteriyalar üzrə yaradılması - bu da başqa aktual elmi mövzudur), milli-ideoloji birlik, dayanıqlı inkişafda cəmiyyətin bütövlüyünün saxlanması, dövlətin qüdrəti ilə insanların yüksək rifahının təmin edilməsi arasında ziddiyyətsiz uyğunluğun formalaşması, çox güclü müasir dünya nümunələrinin milli nümunələri arxa plana atmaması baxımından əhəmiyyəti olduqca böyükdür. Bu bağlılıqda bir mühüm elmi məqama aydınlıq gətirməliyik.
Sual belədir: Azərbaycançılıq hansı anlamda tarixin bütün dönəmləri üçün elmi təfəkkürün (bu halda bədii təfəkkürün) aparıcı və müəyyənedici prinsipi ola bilər? Yəni elmi təfəkkürün dövrləşdirilməsi konsepsiyasının mərkəzində azərbaycançılıq dayana bilər? Bu cəsarətli tezisin elmi əsaslandırılması necə mümkündür?
Bundan başqa, dövrləşdirmə konsepsiyasında azərbaycançılıq həm məfkurə (ideologiya), həm də prinsip kimi təqdim edilir. Burada ziddiyyət varmı?
Sonuncu suala cavab, maraqlıdır ki, əvvəlki sualın semantikasında ifadə edilmiş iki məqama görə aydınlaşa bilər. Azərbaycançılığın məfkurəviliyi (ideolojiliyi) və prinsipliyi kimi funksionallığının vəhdəti əsasında o, yəni, azərbaycançılıq, dəyişən tarixi dönəmlərdə fəlsəfi, tarixi, elmi təfəkkürün transformasiyalarının aparıcı faktoru ola bilər.
Bu dualizm (ikililik) azərbaycançılığın substantiv (predmet kimi məzmun olaraq) aspektinə deyil, funksionallığına (sosial mühitdə praktiki anlamı və tətbiqinə) aiddir. Yəni azərbaycançılıq məfkurə (ideologiya) kimi məzmun olaraq ikiləşmir – fərqli məzmun çalarlarına malik olmur. Sosial-mədəni mühitə tətbiq aspektində o, funksional çalara malik olur.
Bu tezisi izah etmək üçün “ideologiya” və “prinsip” anlayışlarının fəlsəfi müqayisəsinə baxaq.
Standart elmi izahda ideologiya baxışlar, ideyalar və dəyərlərin sistemi kimi verilir. Bu faktorlar kompleks halında cəmiyyətin necə mövcud olmasını və fəaliyyətini müəyyən edirlər. Prinsip isə ideologiyanın əsaslandığı fundamental qayda və ya norma kimi dərk edilir. Bu anlamda prinsiplər ideoloji məqsədlərə çatmanın reallaşma alətləridirlər. Nümunə kimi deyək ki, liberalizm ideologiyası insan haqlarının üstünlüyünə, azad bazara və dövlətin məhdud müdaxiləsinə əsaslanır.
Onun başlıca prinsipləri söz və inanc azadlığı, şəxsi mülkiyyətin toxunulmazlığı və qanunun aliliyidir. Liberalizmin ideologiya kimi insan haqları məsələsində əsas prinsip olaraq söz və inanc azadlığına, azad bazar sferasında şəxsi mülkiyyətin toxunulmazlığına, dövlətin müdaxiləsində məhdudluqda qanunun aliliyinə əsaslanır. Fəlsəfi mövqedən baxanda bu üç prinsipin semantik sintezi liberalizmin funksional aspektdə semantik özəlliyini təşkil edirlər və həmin prizmada liberalizm ideologiyaçılıqla yanaşı, prinsipliliyi də ehtiva edir.
Bu məntiqi izah mexanizmini azərbaycançılığa proyeksiya etdikdə daha dərin və əhatəli mənzərə alınır. Belə ki, azərbaycançılıq ideologiya kimi 7 prinsipin (onlar irəlidə təqdim ediləcəkdir) semantik sahələrinin qarşılıqlı əlaqəsində əmələ gələn ortaq mənalar sahəsində ideologiya kimi həmin prinsiplərin funksional özəlliklərini ehtiva etməklə formalaşır. Bu da bünövrədən azərbaycançılığın funksionallığında məfkurəçiliklə prinsipliliyin vəhdətdə olduğunu göstərir. Azərbaycançılıq tarixin bütün dönəmlərində həmin 7 prinsipin qarşılıqlı münasibətlərinin nisbəti fonunda ideologiya kimi formalaşır və onu sosial mühitdəki funksionallığında əyaniləşdirir (reaktuallaşdırır).
Deməli, azərbaycançılığın məfkurəviliyi ilə prinsipliliyi nəinki hansısa ziddiyyət yaratmır, hətta bir-birini tamamlamaqla tarixin dinamikasında ideolojiliyi və funksionallığın münasibətlərini konkret istiqamət üzrə yönləndirə bilir.
Azərbaycançılığın məfkurə kimi mövcudluğunda hər bir istiqamətdə azərbaycançılığı şərtləndirən prinsiplərin funksionallığı zərurətdir. Həmin anlamda azərbaycançılıq həm məfkurə, həm də prinsip kimi funksionallığını təmin edir. Buradan dövrləşdirmənin ikinci prinsipinin aktuallığı önə çıxır.
b) Sivilizasiya
İndiki mərhələdə azərbaycançılığın məfkurə və prinsip kimi funksionallığında korrektəedici funksiya rolunu oynaya biləcək qlobal mahiyyətli faktora ciddi ehtiyac vardır. Dövrləşdirmə konsepsiyasında bu rolu “sivilizasiya” anlayışı oynayır. Azərbaycan humanitar təfəkkürünün bütövlükdə sivilizasiya faktoru ilə əlaqəli məzmunlaşması və funksionallaşması nəzəri-konseptual aspektlə yanaşı, praktiki cəhətdən də çox önəmlidir. Çünki XXI əsrdə elm, təhsil və mədəniyyət identikliyi bütövlükdə cəmiyyətin identikliyinin nüvəsini təşkil edir.
Hazırda dünya dövlətləri və cəmiyyətlər arasında o dərəcədə qarşılıqlı əlaqələr (deməli, qarşılıqlı asılılıq, qarşılıqlı təsirlər) vardır ki, ən yüksək inkişaf etmiş toplum belə təcrid olunmuş halda mövcud ola bilməz.
Buna görə də humanitar təfəkkür üçün ətraf dünya ilə dinamik qarşılıqlı əlaqələri təmin edən motivəedici və aparıcı “kanal” (“zona”, “dəhliz”) olmalıdır. Elmi təfəkkürü dövrləşdirən zaman bu anlamda “sivilizasiya” anlayışını həm də prinsip səviyyəsində nəzərə almaq çox faydalar verir. “Sivilizasiya” anlayışı bəşəriyyətə məxsusluqda hansı prinsipial rolu oynamağa imkan yaradırsa, azərbaycançılıq məfkurə kimi bu millətə məxsusluğu həmin dərəcədə təmin etməkdə mühüm prinsip rolunu oynayır. Deməli, azərbaycançılığın məfkurəvilikdən pinsipliliyə keçidində sivilasiyaya mənsubluq anlayış və prinsip kimi istiqamətverici funksiya yerinə yetirə bilir.
Belə qənaətə gələ bilərik ki, sivilizasiyalılıq humanitar elmi təfəkkürün dövrləşdirilməsində azərbaycançılığın məfkurəviliyi ilə prinsipliliyi arasında birləşdirici (ən azından uzlaşdırıcı) rol oynayır.
Vurğulanan məqamlardan 3-cü və 4-cü prinsiplərə semantik çıxış vardır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

