Bu statusun təməlində ölkəmizin siyasi, iqtisadi və diplomatik uğurları dayanır
Danılmaz həqiqətdir ki, Azərbaycan son illər həyata keçirdiyi çoxşaxəli xarici siyasət sayəsində Avrasiya məkanında nüfuzlu “orta güc” dövlətlərindən birinə çevilib. Hazırda ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, çoxvektorlu diplomatiya və beynəlxalq əməkdaşlıq təşəbbüsləri vasitəsilə təkcə Cənubi Qafqazda deyil, qlobal miqyasda sabitliyin və əməkdaşlığın təşviqinə mühüm töhfələr verir. Bu bir reallıqdır ki, “orta güc”ə çevrilmiş dövlətlər regional və qlobal proseslərə təsirləri, müxtəlif beynəlxalq platformalarda fəal iştirakları və diplomatik təşəbbüsləri ilə seçilirlər. Məhz sadaladığımız amillər, son illər yürütdüyü balanslaşdırılmış xarici siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda konfransda səslənən fikirlər yuxarıda qeyd etdiyimiz prioritetlər idi. Tədbirdə çıxış edən BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyevin sözlərinə görə, Prezident İlham Əliyev mayın 25-də keçirilən müşavirədə Azərbaycanın artıq orta güc statusuna malik olduğunu bildirib. F.Şəfiyev konfransın məhz həmin məsələnin elmi və praktiki aspektlərinin müzakirəsinə həsr olunduğunu iştirakçıların diqqətinə çatdırıb.
BMTM sədri çıxışında başçılıq etdiyi mərkəzin orta güc konsepsiyası ilə bağlı araşdırmalara 2020-ci ildən başladığını, bu istiqamətdə bir sıra elmi əsərlər nəşr olunduğunu bildirdi: “Orta güc anlayışı beynəlxalq münasibətlər nəzəriyyəsində qəbul olunmuş konsepsiyalardan biridir və bu məsələ ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Bununla belə, hər hansı dövlətin süni şəkildə özünü orta güc elan etməsi mümkün deyil. Bu status digər dövlətlər və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməli və təsdiqlənməlidir. Azərbaycanın orta güc kimi tanınması təbii prosesin nəticəsidir. Son 30 ildə ölkəmizin siyasi, iqtisadi və hərbi sahələrdə əldə etdiyi uğurlar, xüsusilə ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması bu nəticəni şərtləndirən əsas amillərdir”.
Bəli, orta güc statusu Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, regiondan kənarda da müəyyən siyasi və iqtisadi proseslərə təsir göstərmək imkanına malik olduğunu nümayiş etdirir. F.Şəfiyevin qeyd etdiyi kimi, bu, enerji və nəqliyyat layihələrində yaxından iştirak, yeni təşəbbüslərin irəli sürülməsi, eləcə də qlobal çağırışlara cavab vermək kimi məsələlərdə vasitəçilik səyləri ilə özünü göstərir. Mərkəz sədrinin sözlərinə görə, konfransın əsas məqsədinin yerli və xarici ekspertlərin iştirakı ilə Azərbaycanın orta güc statusunun nəzəri və praktiki aspektlərini müzakirə etmək, bu istiqamətdə elmi yanaşmaları və araşdırmaları genişləndirməkdir.
***
Konfransda çıxış edən tanınmış politoloq Fərhad Məmmədovun “Azərbaycan orta güc statusunu praktiki fəaliyyəti ilə təsdiqləyib” fikri maraqla qarşılandı. Məsələyə bu aspektdən yanaşan politoloq buna misal olaraq, Azərbaycan və Qazaxıstanın Mərkəzi Asiya–Cənubi Qafqaz məkanında orta güc statusuna malik dövlətlər kimi çıxış etdiklərini göstərdi. Orta güc statusunun yalnız nəzəri yanaşmalar və ya müəyyən meyarların formal tətbiqi ilə müəyyən edilmədiyini nəzərə çatdıran F.Məmmədov bu statusun, ilk növbədə, dövlətin əməli fəaliyyəti, regional və beynəlxalq proseslərə təsir imkanları, eləcə də qlobal təşəbbüslərdə yaxından iştirakı ilə formalaşdığını dedi: “Azərbaycan son illərdə irəli sürdüyü beynəlxalq təşəbbüslər, vasitəçilik fəaliyyəti, regional problemlərin həllində oynadığı rol və müxtəlif güc mərkəzləri ilə balanslaşdırılmış münasibətlər qurmaq bacarığı sayəsində orta güc statusunu praktik müstəvidə təsdiqləyib. Bu gün Azərbaycanın müxtəlif siyasi və iqtisadi platformalarda fəal iştirakı, qlobal çağırışlara münasibətdə məsuliyyətli mövqeyi və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları ölkənin artan nüfuzunu nümayiş etdirir”.
***
Azərbaycanın “orta güc” diplomatiyası regional sülhün və əməkdaşlığın mühüm amilinə çevrilir. Bakı həm Avropa İttifaqı, həm ABŞ, həm Türkiyə, həm Çin, həm də digər regional və qlobal aktorlarla qarşılıqlı faydalı münasibətlər qurmağa nail olub. Bu siyasət ölkəyə mürəkkəb beynəlxalq şəraitdə milli maraqlarını qorumaq və yeni əməkdaşlıq imkanları yaratmaq imkanı verir. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, Türk Dövlətləri Təşkilatında artan rolu, eləcə də qlobal iqlim gündəliyinin əsas tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirilir.
Əslində, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynaması, Avropa ölkələrinin enerji mənbələrinin şaxələndirilməsi siyasəti fonunda Azərbaycan etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirib. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Marşrutu kimi layihələr Azərbaycanın Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzinə çevrilməsinə şərait yaradıb. Geostrateji mövqeyi və son illərdə yaradılmış müasir infrastruktur ölkəmizin Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrilməsinə imkan verir.
Bəli, bu gün Azərbaycan yalnız malik olduğu zəngin enerji resursları ilə deyil, kreativliyi ilə seçilən diplomatik fəallığı, hamı tərəfindən bəyənilən beynəlxalq təşəbbüsləri, transmilli logistik layihələri və çoxşaxəli əməkdaşlıq siyasəti ilə Avrasiya məkanının diqqət mərkəzində olan orta güc dövlətlərindən biridir. Bu zaman rəsmi Bakının həyata keçirdiyi xarici siyasət birmənalı olaraq milli maraqların qorunmasına, regional sabitlik və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Ölkəmizin orta güc statusunun təməlində dayanan önəmli amillərdən biri Azərbaycan Prezidenti İlham Əliyevin siyasi, iqtisadi və diplomatik sahələrdə əldə etdiyi uğurların dayandığı faktının dünyanın “böyük güclər”i tərəfindən etiraf və qəbul edilməsidir.
İ.HƏSƏNQALA
XQ



