İtaliya Avropa – ABŞ yolayrıcında

post-img

Baş nazir Meloni növbəti seçkiyə hansı uğurla gedir?

İtaliya 2027-ci il parlament seçkilərinə ölkənin son onilliklərdə yaşadığı maraqlı siyasi fonlardan biri ilə yaxınlaşır. 2022-ci ildə hakimiyyətə gələn Baş nazir Corcia Meloni rəhbərlik etdiyi sağ mərkəz koalisiyasını növbəti seçkilərə qədər qorumağa çalışır. Hətta son aylar hökumətin daha erkən seçki variantını da nəzərdən keçirdiyi barədə məlumatlar yayılıb.

Xatırladaq ki, C.Meloni əvvəllər Avropa siyasi elitası tərəfindən ehtiyatla qarşılanırdı. Bir çox müşahidəçilər onun rəhbərlik etdiyi sağ-mühafizəkar hökumətin Avropa İttifaqı ilə kəskin qarşıdurmaya girəcəyini gözləyirdi. Lakin son dörd ildə fərqli mənzərə formalaşdı. Meloni həm milli suverenlik və sərhəd təhlükəsizliyi mövzularında sərt ritorikasını qorudu, həm də Avropa institutları və NATO ilə əməkdaşlığı davam etdirdi. Hazırda isə o İtaliyanın siyasi sistemini uzunmüddətli şəkildə dəyişdirə biləcək islahatlar həyata keçirməyə çalışır. Belə bir zamanda ABŞ Prezidenti Donald Trampla münasibətlərdə yaranmış böhran onun siyasi strategiyasına yeni element əlavə edib.

Meloninin siyasi layihəsinin mərkəzində dövlət institutlarının yenidən qurulması dayanır. Baş nazir uzun zamandır İtaliyanın idarəetmə sisteminin qeyri-sabit olduğunu iddia edir. İkinci Dünya müharibəsindən sonra ölkədə onlarla hökumətin dəyişməsi onun arqumentinin əsas dayağıdır. Meloninin fikrincə, İtaliya daha sabit icra hakimiyyətinə ehtiyac duyur. Bu səbəbdən hökumət son illər baş nazir institutunun gücləndirilməsi istiqamətində konstitusion dəyişiklikləri gündəmdə saxlayıb. Məqsəd hökumətlərin ömrünü uzatmaq və seçkilərdə qalib gələn siyasi qüvvəyə daha güclü mandat verməkdir. Müxalifət isə bunun hakimiyyət balansını poza biləcəyini və parlamentin rolunu zəiflədə biləcəyini iddia edir.

ARAYIŞ: Məhkəmə sistemi sahəsində islahatlar Meloninin iddialı təşəbbüslərindən biri idi. Hökumət mart ayında hakimlər və prokurorlar üçün ayrıca karyera sisteminin yaradılmasını, intizam nəzarətinin yenidən qurulmasını və məhkəmə özünüidarəsinin dəyişdirilməsini təklif etmişdi. Tərəfdarlar bunun İtaliyanın uzun illər tənqid olunan ləng məhkəmə sistemini daha səmərəli edəcəyini bildirir, əleyhdarlar isə prokurorluğun müstəqilliyinin zəifləyə biləcəyindən narahat idilər. Nəticədə referendumda seçicilər islahatı rədd etdilər və bu, Meloni üçün ilk böyük siyasi məğlubiyyət oldu. Amma referendumun nəticəsi hökumətin ümumi mövqeyini sarsıtmadı. Meloni məğlubiyyəti qəbul etsə də, siyasi legitimliyini itirmədi. Əksinə, kampaniyanı liderliyi ətrafında qurmağa çalışaraq seçicilərə hökumətin fəaliyyətini davam etdirəcəyini göstərdi.

Hazırda iqtisadi sahədə Meloninin qarşısında daha mürəkkəb vəzifələr dayanır. İtaliya Avrozonanın ən böyük dövlət borclarından birinə malikdir. Eyni zamanda, ölkə Aİ-in bərpa fondlarından milyardlarla avro vəsait alır. Həmin vəsaitlərin səmərəli istifadəsi Meloninin siyasi gələcəyinə birbaşa təsir göstərəcək. İqtisadi siyasətdə hökumət vergi yükünün müəyyən sahələrdə azaldılmasını, kiçik və orta biznesin dəstəklənməsini, sənaye istehsalının gücləndirilməsini və enerji təhlükəsizliyinin artırılmasını prioritet kimi təqdim edir. Lakin iqtisadi artımın zəif qalması və dövlət borcunun yüksək səviyyədə olması hökumətin manevr imkanlarını məhdudlaşdırır.

Miqrasiya məsələsi Meloninin güclü siyasi kartlarından biri olaraq qalır. Hakimiyyətə gələndən bəri o, Aralıq dənizi marşrutları ilə qeyri-qanuni miqrasiyanın qarşısının alınmasını prioritet elan edib. Onun mövqeyi elektoratın mühüm hissəsi tərəfindən dəstəklənir. Lakin Avropa hüququ və humanitar öhdəliklər səbəbindən hökumət bəzən seçicinin gözləntisini tam qarşılamır.

Əvvəldə də qeyd etdik ki, seçkilər yaxınlaşdıqca xarici siyasət daxili siyasi mübarizənin bir hissəsinə çevrilir. Burada diqqətçəkən məqam Donald Trampla münasibətlərdir. Meloni uzun müddət Avropada Trampa ən yaxın liderlərdən biri hesab olunurdu. Hər iki siyasətçi milli suverenlik, qeyri-qanuni miqrasiya və mədəni mühafizəkarlıq kimi mövzularda oxşar mövqelər nümayiş etdirirdilər. Lakin son vaxtlar bu münasibətlər ciddi sınaqla üzləşdi. Trampın Meloni haqqında aşağılayıcı hesab edilən açıqlamaları və Meloninin buna açıq cavab verməsi əvvəlki yaxınlığın artıq siyasi üstünlük yaratmadığını göstərdi.

Bu halda bir çoxları üçün bir sual maraq doğurur: “soyuq küləklər” Meloninin nüfuzuna necə təsir göstərəcək? Mövcud qarşıdurma ilk baxışda Meloni üçün mənfi hadisə kimi görünə bilər. Ancaq İtaliya daxili siyasətində vəziyyət daha mürəkkəbdir. Son illər Trampın Avropada populyarlığı xeyli zəifləyib. Sözsüz, Meloni də bunu yaxşı anlayır. Ona görə də baş nazir Trampa sərt reaksiya verməklə göstərməyə çalışır ki, o, ABŞ-la əməkdaşlığı dəstəkləsə də, İtaliyanın milli maraqlarını müdafiə etmək üçün Vaşinqtona qarşı çıxmaqdan çəkinmir. Seçkilər fonunda Meloninin bu strategiyası müəyyən üstünlüklər qazandıra bilər. Daha dəqiq desək, tərəddüdlü seçicilər Melonini daha müstəqil lider kimi qəbul edə bilərlər. Amma prosesdə risklər də mövcuddur. Əgər Vaşinqtonla münasibətlər uzunmüddətli böhrana çevrilərsə, onun xarici siyasətdəki əsas üstünlüklərindən biri zəifləyə bilər. Ona görə də Meloni tam qarşıdurma yolunu seçmək niyyətində deyil.

Sonda bu qənaətə gəlmək olar ki, 2027-ci il seçkilərinə qədər Meloninin taleyi üç əsas amildən asılı ola bilər. Birincisi, iqtisadi vəziyyət və həyat səviyyəsinin necə dəyişməsi. İkincisi, miqrasiya və təhlükəsizlik sahəsində seçicilərin gözləntilərinin nə dərəcədə qarşılanması. Üçüncüsü isə onun beynəlxalq arenada həm Avropa, həm də ABŞ ilə münasibətlər arasında balansı qoruyub-qoruya bilməməsi. Avropa sağının hansı istiqamətə gedəcəyi, Vaşinqtonla münasibətlərin hansı formatda qurulacağı və Meloninin özünü Avropanın aparıcı liderlərindən biri kimi təsdiqləyib-təsdiqləyə bilməyəcəyini isə zaman göstərəcək.

Xüsusi rəy

Boloniya Universitetinin siyasi analitiki Piero İqnatsi İtaliyanın “Internazionale” nəşrinə açıqlamasında qeyd edib ki, Meloni Trampın hər xoşagəlməz açıqlamasına uyğun olaraq mövqeyini dəyişə bilməz: “O, ya daha az güzəştli, ya da Kanada kimi daha sərt xətt tutmağa qərar verməlidir. Meloni özünü iki fərqli auditoriyaya eyni vaxtda qəbul etdirməyə çalışırdı. Bir tərəfdən İtaliya sağının milli suveren elektoratına müraciət edir, digər tərəfdən isə Avropa İttifaqı, NATO və beynəlxalq maliyyə bazarlarına "mən radikal deyiləm, etibarlı tərəfdaşam" mesajı verirdi. Trampın ikinci dəfə Ağ Evə qayıdışından sonra bu strategiyaya üçüncü element əlavə olundu və Meloni özünü Vaşinqton ilə Brüssel arasında potensial vasitəçi kimi təqdim etməyə başladı”.

İqnatsinun fikrincə, problem məhz burada yaranır. Çünki Trampın siyasi üslubu klassik müttəfiqlik münasibətlərinə söykənmir: “O, tərəfdaş dövlətlərdən çox, şəxsi sədaqət nümayiş etdirən liderlərlə işləməyə üstünlük verir. Belə şəraitdə Meloni həm Trampın ideoloji müttəfiqi, həm Avropanın məsuliyyətli lideri, həm də ABŞ-la Avropa arasında vasitəçi rolunda qala bilməz. Müəyyən mərhələdə bu rollar bir-biri ilə toqquşmağa başlayır. Həmin mərhələ artıq gəlib çatıb”.

Nəzrin ELDARQIZI
XQ

Siyasət