Yaxud Laura Frimen və ermənipərəstlik naminə “Janna Darklıq”
İyunun əvvəlindən ABŞ Konqresində Azərbaycan–Ermənistan sülhünə, ümumən, Cənubi Qafqazda barış mühitinin formalaşmasına əngəl törətmək istəyən kəsimin xeyli aktivləşdiyini görürük. Dünənki sayımızda bu barədə söz açmışdıq və bu yazımız mövzunun davamı sayıla bilər. Amma bir qədər fərqli formada.
Deməli, Birləşmiş Ştatlar Konqresində ölkədəki Amerika Erməni Milli Komitəsinin (ANCA) təşəbbüsü ilə “Azərbaycandakı erməni əsirlərin” məhbus həyatının 1000-ci gününə həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə anti-Azərbaycan tezislər bir-birini əvəzləyib. Daha doğrusu, ANCA-nın pulu ilə hərəkətə gələn konqresmenlər Azərbaycan əleyhinə hədyanlar yağdırmaq üçün növbəyə düzülüblər. Onlardan yalnız birinin fikirlərinə diqqət yetirəcək, mətbuat konfransının ümumi mahiyyəti üzərində dayanacağıq. Hələlik isə bəzi məqamları vurğulayaq.
***
Məlumat üçün bildirək ki, sözügedən mətbuat konfransı ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin ermənipərəst qanunvericilik təşəbbüsünü müzakirəyə hazırladığı bir vaxtda keçirilib. Yəni məqsəd həmin müzakirəyə dəstək verməkdir. Söhbət, konkret olaraq, Birləşmiş Ştatların “Diplomatik Xidmət haqqında” Qanununa düzəlişdən gedir. O düzəliş ki, ona əsasən qanuna “Azərbaycanı bütün erməni hərbi əsirlərini və siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağıran” müddəanın əlavə edilməsi təklif olunur. Təşəbbüsün müəllifi ermənipərəst konqresmen Bred Şermandır. Əlbəttə, onun Tom Makklintok, Judi Çu və fikirlərini diqqətə çatdıracağımız Laura Frimen kimi dostları, daha doğrusu, “iş ortaqları” var. Bu qruplaşma “Diplomatik Xidmət haqqında” Qanunla yanaşı, ABŞ-ın 2027-ci maliyyə ili üçün “Milli Müdafiə Səlahiyyətləri Aktı”na və “Milli Təhlükəsizlik və Xarici Əməliyyatların Maliyyələşdirilməsi Aktı”na da ermənipərəst mahiyyət daşıyan əlavələrin edilməsini irəli sürür. Bu əlavələrdə isə Azərbaycan üzərində siyasi təzyiq və Ermənistanın təhlükəsizliyinə Vaşinqtonun dəstəyini artırmaq nəzərdə tutulur.
Mövcud xüsusda söhbət erməni məhbusların azad edilmələri ilə yanaşı, ölkəmizə hərbi yardımın məhdudlaşdırılması, rəsmi Bakının davranışına dair Pentaqon üzərinə hesabatlar təqdim etmək öhdəliyinin qoyulması, Ermənistana əlavə təhlükəsizlik yardımının göstərilməsi, İrəvanın hərbi məqsədlər naminə maliyyələşdirilməsi kimi tələblərdən gedir. Bundan başqa, Birləşmiş Ştatlar qanunvericiliyinə düzəlişlərdə Qarabağdan köçmüş ermənilərin geri qayıtmaq hüququnun tanınması, “erməni dini və mədəni abidələrinin qorunması” ilə bağlı hesabat və monitorinq mexanizmlərinin yaradılması da təkliflər sırasındadır.
Göründüyü kimi, ABŞ Konqresindəki anti-Azərbaycan fəaliyyət kifayət qədər geniş diapazona malikdir. Yəni Bakı-İrəvan sülhünü pozmağa yönəlmiş kəsim bütün mümkün “vasitələrdən” yararlanmağa çalışır. Axı normal məntiq mənfur niyyəti əsaslandıra bilməz.
***
Əlqərəz, L.Frimenin gəldiyi qənaət budur ki, hazırkı şərtlərlə Azərbaycan və Ermənistan arasında sülh ola bilməz. Yəni konqresmen və onun ermənipərəst dostları Ağ Ev administrasiyasını, mahiyyətcə, məhz barış mühitinə qarşı çıxmağa çağırırlar.
Görünür, ANCA-nın “qonararı” başını gicəlləndirdiyindən, konqresmen erməni maraqlarının qorunmasında “Janna Darklıq” iddiasına düşüb: “Bu gün ermənistanlı hərbi əsirlərin və mülki şəxslərin Azərbaycanda qanunsuz həbsdə saxlanılmalarının, ifadə olunması mümkün olmayan terrora, zorakılığa və edam təhdidlərinə məruz qalmalarının düz 1000-ci günü tamam olur. Mən dünyanın bu məhbusları unutmasına imkan vermirəm. Öz tarixi vətənləri olan “Artsax”dan zorla qovulmuş yerli ermənilərin də unudulmasına yol vermirəm”. Qarabağa separatçı rejimin mövcud olduğu dövrdəki qanunsuz səfərini xatırlayan konqresmen bölgədəki faciəni gözləri ilə gördüyünü bildirib. Görəsən, söhbət hansı faciədən gedir? Sən demə, o, Qarabağda “son dərəcə inkişaf etmiş qədim erməni icmasını və unikal tarixi abidələri” görübmüş. Burada faciənin nədən ibarət olduğunu anlamaq çətin olsa da, xanım Frimenin utopik və sentimental manipulyasiyaya, ən əsası, görünməmiş təhrifə üstünlük verdiyi aydındır.
Deməli, L.Frimen Qarabağ ərazisində IV əsrdə inşa edildiyini bildirdiyi kilsələri görməsindən danışıb. Ən böyük yalan elə budur. O anlamda ki, hətta ən yaramaz hay tarixçi və tədqiqatçıları belə bölgədə ermənilərə aid olduğunu dedikləri tikililəri IV əsrə “daşımırlar”. Yəni ikincilərin həyasızlıq baxımından Laura xanımdan öyrənəcəkləri çox şey var. Elə yalançı sentimentallıq imitasiyası baxımından da onu “örnək” saymaq mümkündür. Amma gərək konqresmen xanım çox dərinə getməsin. Çünki dünya onun babalarının Amerikada yerli hindu qəbilələrinə qarşı olmazın zorakılığına dözüb və xanım Frimenin sadəlövh olduğunu söyləmək istəmirik. Çünki o, hansı cəfəngiyyatı nə üçün, hansı məqsəd və məram naminə ortaya atdığının fərqindədir. Məqsəd və məramı isə bildirdik: ABŞ, ümumən, dünya ictimaiyyəti Azərbaycana təzyiq göstərsin. Buna görə də Frimen digər konqresmen dostları, yəni “hər iki partiyadan olan həmkarları ilə birlikdə ABŞ dövlət katibi Marko Rubioya rəsmi müraciət ünvanlayaraq, zorla köçürülmüş ermənilərin “Artsax”dakı vətənlərinə təhlükəsiz qayıdışının təmin edilməsini” istəyib.
Əlbəttə, bu sayaq mənasız tələbləri az görməmişik və inanmırıq ki, frimenlərin sərsəmləmələrinə ABŞ Dövlət Departamentində qulaq verən kimsə tapılsın. Ancaq belələri ortaya heç də elə-belədən atılmırlar və onların hansısa formada gündəmdə olmaları onu göstərir ki, dünyadakı, o cümlədən Birləşmiş Ştatlardakı anti-Türkiyə və anti-Azərbaycan ritorikası baxımından “köhnənin havalarına” alternativ yoxdur. “Köhnənin havaları”ndan söz düşmüşkən, ölkəmizə sanksiyaların tətbiqini təklif edən və ağzını köpükləndirib bu “amal” uğrunda mübarizə aparacağını bildirən L.Frimen mətbuat konfransındakı çıxışında özünün, “Erməni soyqırımı təhsili aktı”nın həmmüəlliflərindən olduğunu xatırladıb: “Erməni xalqı soyqırımı və deportasiyalar yaşayıb. Lakin ayaqda qalıb və həm Amerikada, həm də bütün dünyada inkişafını davam etdirir. Həqiqi sülh məsuliyyət olmadan mümkün deyil. Bu, Ermənistanın suverenliyinə, eləcə də “Artsax”ın yerli əhalisinin hüquqlarına və öz müqəddəratını təyinetmə hüququna tam hörmət tələb edir. Sonuncu girov azad olunana qədər mübarizəmizi dayandırmayacağıq”.
***
Sonda ümumiləşdirmə apararaq onu da bildirək ki, ABŞ Konqresində keçirilmiş mətbuat konfransında nəinki anti-Azərbaycan və dolayısıyla anti-Türkiyə fikirləri səsləndirilib, həmçinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi şübhələndirilib. Üstəlik, belə bir mənfur niyyət baxımından hay immunitetinin formalaşdırılmasına çalışılıb. Sülhə ən böyük zərər də elə bu kimi qızışdırıcı motivli fəaliyyətdir. Hesab edirik ki, Ağ Ev administrasiyası məsələyə həssas yanaşmalı, yağışdan sonra çıxmış göbələkləri xatırladan konqresmenlərin Cənubi Qafqazda yaranmaqda olan və hələlik kövrək barış mühitini pozmağa yönəlmiş hərəkət və davranışlarına, eləcə də Amerikanın bu “göbələkləri” maliyyələşdirən erməni icmasına “dur” deməlidir. Əks halda, düşünmək olar ki, konqresdəki anti-Azərbaycan isteriyası idarə edilən prosesdir. Axı indiyədək belə halları az görməmişik.
Ə.RÜSTƏMOV
XQ

