Dünyanın ən sürətli superkompüteri təqdim olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Çinin Şenjen şəhərində quraşdırılan "LineShine" superkompüteri rəsmi olaraq dünyanın ən sürətli hesablama sistemi elan edilib. Beynəlxalq superkompüter tərtibatçıları icmasının standart testlərinin nəticələrinə əsasən bu nüfuzlu titulu qazanan platforma, müasir yüksək məhsuldarlıqlı sistemlərin əksəriyyətindən fərqli olaraq, xüsusi qrafik sürətləndiricilərdən (GPU) istifadə etmədən, yalnız standart mərkəzi mikroprosessorlar (CPU) bazasında qurulub.

"LineShine" sistemi qeyri-adi bir prinsip əsasında fəaliyyət göstərir. Müasir superkompüterlərdə mərkəzi prosessor (CPU) və qrafik çipin (GPU) funksiyaları ayrı-ayrı bloklarda yerləşdiyi halda, Çin istehsalı olan bu sistem hər iki funksiyanı vahid bir memarlıq daxilində birləşdirir. Matris və vektor hesablamalarını sürətləndirmək üçün xüsusi aparat blokları birbaşa prosessorların daxilinə inteqrasiya edilib. Ümumilikdə sistem 90 ədəd aparat dayağında yerləşdirilmiş təxminən 14 milyon hesablama nüvəsindən ibarətdir. Layihənin əsasını Yaponiyanın "SoftBank" konqlemeratının nəzarətində olan Böyük Britaniyanın "Arm Holdings" şirkətinin təlimat dəstinə əsaslanan Çinin yerli istehsalı olan prosessorlar təşkil edir. Müasir smartfonlardan yaxşı tanınan "Arm" arxitekturası son illərdə "Nvidia", "Amazon" və "Qualcomm" kimi nəhənglər tərəfindən məlumat mərkəzlərində də fəal şəkildə tətbiq olunur. Çinli mütəxəssislər hələlik bu çiplərin hansı yerli zavodda və hansı nano-texnoloji proseslə istehsal olunduğunu gizli saxlayırlar.

Yeni superkompüter artıq qlobal xarakterli nəhəng elmi layihələrin icrasına cəlb edilib. Bu tapşırıqlar sırasına Yerin atmosferini, okeanlarını, quru və buzlaq örtüklərini tam əhatə edən yüksək dəqiqlikli rəqəmsal modelinin qurulması, həmçinin insan beyninin fəaliyyətinin fövqəladə dərəcədə mürəkkəb riyazi modelləşdirilməsi daxildir. 

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Dünya