Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İyunun 24-ü axşam saatlarında Venesuelada güclü zəlzələlər baş verib. Qısa zaman fərqi ilə qeydə alınan iki güclü yeraltı təkan ölkədə ciddi dağıntılara səbəb olub. Məlumata görə, əvvəlcə 7,2 bal, təxminən 40 saniyə sonra isə 7,5 bal gücündə ikinci zəlzələ qeydə alınıb.
Zəlzələlərin episentri Venesuelanın Yaracuy əyalətində yerləşib. Mütəxəssislərin məlumatına əsasən, hər iki təkanın episentrləri bir-birindən cəmi 10 kilometr məsafədə olub ki, bu da dağıdıcı təsirin daha geniş əraziyə yayılmasına səbəb olub.
Kolumbiyanın “Radio Caracol” radiostansiyasının müxbiri Qabriela Qonsales hadisə yerindən verdiyi məlumatda bildirib ki, təbii fəlakət nəticəsində yaşayış binaları, yol infrastrukturu və bir sıra sosial obyektlər ciddi zərər görüb. Onun sözlərinə görə, yeraltı təkanlar təkcə gücü ilə deyil, həm də davametmə müddəti ilə diqqət çəkib.
“Venesuela uzun illərdir bu miqyasda zəlzələ yaşamayıb. Təkanlar son dərəcə güclü idi və təxminən iki dəqiqəyə yaxın davam etdi. Bir çox bölgələrdə insanlar panika içində küçələrə axışdı”, – deyə jurnalist canlı yayım zamanı qeyd edib.
Məlumatlarda bildirilir ki, ölkədə son onilliklər ərzində bu səviyyədə dağıntılar müşahidə olunmayıb. Dağılan binalar, zədələnmiş yollar və kommunikasiya xətlərində yaranan problemlər xilasedici qüvvələrin işini çətinləşdirir. Hazırda aidiyyəti qurumlar zərərçəkən ərazilərdə axtarış-xilasetmə əməliyyatlarını davam etdirir, sakinlərə təcili yardım və humanitar dəstəyin çatdırılması istiqamətində tədbirlər görülür.
Rəsmi qurumlar dağıntıların dəqiq miqyasının və mümkün insan tələfatının müəyyənləşdirilməsi üçün qiymətləndirmə işlərini davam etdirir.

