Dövlət dəstəyi rayonda bolluğa təkan verir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqəli və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə bölgələrdə məlumatlandırma sessiyaları təşkil edilir.
Ölkənin bütün rayonlarında yol xəritəsi səciyyəsi daşıyan müşavirə materialları və sözügedən Dövlət Proqramı ilə bağlı yerlərdə maarifləndirmə tədbirləri keçirilir, qlobal çağırışlar və dəyişən iqtisadi şəraitin tələb etdiyi yeni yanaşmaların gerçəkləşdirilməsi məqsədilə əməli addımlar atılır.
Bir neçə gün əvvəl Ağdaş rayonunda da müvafiq regional müşavirə keçirilib. Toplantıda aidiyyəti dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələr, habelə Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarından olan fermerlər iştirak ediblər. Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev dövlət başçısının kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqətdən və bu məqsədlə keçirilən müşavirədə verilən tapşırıqlardan danışıb, habelə yeni Dövlət Proqramının məqsədi və əhəmiyyəti barədə iclas iştirakçılarına ətraflı məlumat verib.
Qeyd edilib ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı, torpaq və su resurslarından istifadənin səmərəliliyinin artırılması istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib, mühüm layihələr icra olunub. Yeni Dövlət Proqramı bu islahatların məntiqi davamı olmaqla aqrar sektorun inkişafında yeni mərhələnin əsasını təşkil edir.
Regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov çıxışında Mərkəzi Aran iqtisadi rayonunda su təminatı, mövcud meliorasiya və su təsərrüfatı infrastrukturu, həyata keçirilən və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib. Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Dövlət Proqramı çərçivəsində Mərkəzi Aran iqtisadi rayonunda kənd təsərrüfatının inkişaf prioritetləri və nəzərdə tutulan dəstək mexanizmləri barədə təqdimatla çıxış edib.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonda kənd təsərrüfatı sahəsində görülən işlər barədə məlumat verib. O, Dövlət Proqramının rayon üçün əhəmiyyətindən danışaraq bildirib ki, 2026–2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin operativ icrasını təmin etmək məqsədilə rayonda hazırlıq işlərinə artıq başlanılıb.
Ənənələr dirçəldilir
...Ağdaşda çox olmuşam. Adı dillər əzbəri olan Ərəş mahalının bu gözəl diyarından dəfələrlə yazmışam, qazanılan uğurları həvəslə qələmə almışam. Hələ bu yurdun mehriban, qonaqpərvər insanlarını demirəm. Həmişə xoş ünsiyyətim olub, demişik, gülmüşük, bir sözlə, Ağdaş haqqında deməyə o qədər söz var ki...
Bu dəfə isə Mərkəzi Aranın bu gözəl guşəsinə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə keçirilən məlum müşavirənin insanlarda xoş əhval-ruhiyyə yaratdığı bir vaxtda gəlmişik. Ağdaş hər zaman özünün zəhmətsevər və qəhrəman övladları ilə seçilib. Hələ ötən illərdə kənd təsərrüfatında böyük uğurlar qazanan neçə-neçə əmək adamını ağdaşlılar yaxşı xatırlayırlar. Kiminlə söhbət etdiksə, bir vaxtlar Ağdaşa şöhrət gətirən məşhur əmək qəhrəmanı Zeynəb Qənbərovanı, pambıqçı Rüxsarə Məmmədovanı, təcrübəli təsərrüfat rəhbəri Firidun Əhmədovu, briqadir İsrayıl İsmayılovu və digərlərini xoş xatirələrlə yada saldılar. Bu gün də Ağdaşda halal zəhməti ilə tanınan adamlar az deyil.
Məhz əməksevər insanların sayəsində əvvəlki dövrlərdə olduğu kimi, ötən il də yüksək göstəricilər qazanılıb. Bitkiçilik – taxıl, çəltik, meyvə, tərəvəz-bostan məhsullarının əkinləri, eləcə də baramaçılıq və heyvandarlıq üzrə fərəhli nəticələr əldə edilib.
Ağdaş Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Fərhad Əliyev bizimlə söhbətində bildirdi:
– Prezidenti İlham Əliyevin ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərdiyi davamlı diqqət və qayğı hər bir zəhmət adamını yeni zirvələr fəth etməyə, ərzaq bolluğuna yeni töhfələr verməyə ruhlandırır. Bu gün aqrar sektor ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilib, kənd təsərrüfatının dayanıqlı inkişafı üçün mühüm baza formalaşdırılıb.
Müvafiq Dövlət proqramları çərçivəsində istehsal potensialı genişlənib, emal sənayesi gücləndirilib, suvarma və infrastruktur sistemləri təkmilləşdirilib, kənd təsərrüfatında dövlət dəstəyi mexanizmləri daha da səmərəli hala gətirilib. Bunun da nəticəsində regionlarda məşğulluğun artırılması və kənd əhalisinin rifahının yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qəbul olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyan strateji bir sənəddir. Qeyd etmək lazımdır ki, bu Dövlət Proqramı ölkə rəhbərinin kənd təsərrüfatının uzunmüddətli və dayanıqlı inkişafını təmin etmək məqsədilə irəli sürdüyü növbəti mühüm təşəbbüsdür. Proqram bu sahədəki müəyyən durğunluğun aradan qaldırılmasında mühüm rol oynayacaq, kənd təsərrüfatının inkişafında yeni mərhələnin başlanmasına təkan verəcək.
Rayonumuzun əlverişli torpaq-iqlim şəraiti, zəngin su ehtiyatları və formalaşmış aqrar ənənələri bu sahənin inkişafı üçün geniş imkanlar yaradır. Aqrar sahələr rayon iqtisadiyyatının əsas istiqamətlərini təşkil edir və 10 minlərlə kənd sakininin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. Dövlət tərəfindən təqdim olunan subsidiyalar, güzəştli kreditlər, aqrotexniki xidmətlər və digər çoxsahəli dəstək mexanizmləri fermerlərin fəaliyyətinin genişlənməsinə önəmli təsir göstərir.
Təkcə bir faktı vurğulayım ki, son 10 ildə rayonumuzda kənd təsərrüfatının ümumi məhsulunun həcmi faktiki qiymətlərlə 217 faiz çoxalıb. Bu dövrdə heyvandarlıq məhsullarının istehsalı 240 faiz, bitkiçilik məhsullarının istehsalı isə 93,1 faiz artıb. Çəltik bitkisinin əkin sahəsində və istehsal olunmuş məhsulda isə iki dəfədən çox artım olub. Ölkə üzrə düyü ilə özünütəminetmə səviyyəsinin 28 faiz olduğunu nəzərə alsaq, bu sahənin inkişaf etdirilməsinin nə qədər mühüm önəm daşıdığı aydın görünər.
Qeyd edim ki, 2026–2030-cu illər üçün Dövlət Proqramının qısa müddəti əhatə etməsini nəzərə alaraq, onun icrasına dərhal başlanılıb. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə Tədbirlər Planının hazırlanmasına başlanılıb və prioritet istiqamətlər üzrə konkret fəaliyyətlər müəyyənləşdirilib. Həmin tədbirlər çərçivəsində kənd təsərrüfatı məhsulları üçün tədarük məntəqəsinin, aqroparkların yaradılması, suvarma sistemlərinin təkmilləşdirilməsi, əkin dövriyyəsinin genişləndirilməsi, müasir aqrotexniki üsulların tətbiqi, bağçılıq, çəltikçilik, toxumçuluq və tingçilik bazasının gücləndirilməsi, fermerlərin maarifləndirilməsi və subsidiyalardan səmərəli istifadənin təmin olunması istiqamətində ardıcıl işlərin həyata keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda, rayonun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması məqsədilə Ağdaş Rayon İcra Hakimiyyətinin sifarişi əsasında Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu “Ağdaş rayonunun strateji inkişaf planı”nı hazırlayıb.
Dövlət Proqramında nəzərdə tutulmuş hədəflərə çatmaq üçün Prezidentin çağırışına ağdaşlı fermerlər də həvəslə qoşularaq, 1000 hektar müasir suvarma sistemlərinin qurulması nəticəsində ərzaqlıq buğda istehsalını artıraraq məhsuldarlığı 50 sentnerə yüksəltməyi, o cümlədən intensiv bağların əkin sahələrini artırmağı, cins heyvandarlığın inkişaf etdirilərək, sayını 5 min başa çatdırmağı qarşıya məqsəd qoyublar.
Rayonun ənənəvi sahələrindən biri olan çəltikçiliyin inkişaf etdirilməsi məqsədilə yeni toxumçuluq təsərrüfatı yaradılacaq və təsərrüfatda yetişdiriləcək yüksək reproduksiyalı toxumlar hesabına çəltikçilikdə məhsuldarlığın artırılmasına nail olunması nəzərdə tutulub.
Suvarılmayan 15 min 800 hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb olunması istiqamətində başlanılmış layihələrin sona çatdırılması Dövlət Proqramında nəzərdə tutulan hədəflərə çatmağa və əkin dövriyyəsinə yeni torpaqların cəlb olunmasına imkan yaradacaq.
Qarşıdakı dövrdə əsas məqsədimiz öhdəliklərin real göstəricilərə çevrilməsi və aqrar sahədə dayanıqlı inkişafın təmin olunmasıdır.
Bu günlərdə fermerlər və mütəxəssislərlə birlikdə məlum müşavirəni konkret vəziyyətin fonunda müzakirə etdik və gələcək inkişaf konturlarını müəyyənləşdirib təkliflərimizi yuxarı orqanlara təqdim elədik. İnanırıq ki, müşavirənin yekunları aqrar sahənin gələcək inkişaf perspektivlərinin müzakirəsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin səmərəli icrasının təmin edilməsi baxımından faydalı olacaq, regionlar arasında əməkdaşlığın və təcrübə mübadiləsinin daha da genişlənməsinə, həmçinin bizim rayonda aqrar sahənin inkişafına mühüm töhfə verəcək.
“Türyançay”ın uğurları
Tanınmış fermer Firdovsi Mahmudov regional müşavirədə çıxış edənlərdən biri idi. Onun dedikləri:
– Ölkəmizdə kənd təsərrüfatının inkişafı, fermerlərin fəaliyyətinin genişləndirilməsi və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti aqrar sahənin inkişafına yeni imkanlar yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahəyə göstərilən diqqət və qayğı, fermerlərə verilən dövlət dəstəyi, subsidiyalar, güzəştli kreditlər, müasir texnika və texnologiyalara çıxış imkanlarının genişləndirilməsi, eləcə də suvarma infrastrukturunun təkmilləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafında mühüm rol oynayır.
Cənab Prezidentin göstərişi ilə kənd təsərrüfatının inkişafı üzrə yeni Dövlət Proqramının hazırlanması, dövlət və özəl sektor investisiyalarının təşviq edilməsi aqrar sahənin gələcək inkişafı üçün geniş perspektivlər açır. Bu yanaşma biz fermerlərdə böyük inam yaradır, yeni təşəbbüslərə başlamağa və daha yüksək nəticələr əldə etməyə ruhlandırır.
Bizim təsərrüfatımız 2007-ci ildən fəaliyyət göstərir. Ümumi torpaq sahəsi 3 min hektara yaxındır. Bunun 2 min hektardan artıq hissəsində taxılçılıq, yemçilik, texniki bitkiçilik və tərəvəzçilik istiqamətləri üzrə istehsal fəaliyyəti həyata keçirilir. Eyni zamanda, 11 pivot qurğusu vasitəsilə 400 hektardan artıq sahədə müasir suvarma sistemləri tətbiq olunur ki, bu da məhsuldarlığın artırılmasında mühüm rol oynayır.
Təsərrüfatımızın fəaliyyətində mühüm yer tutan əsas istiqamətlərdən biri də heyvandarlıqdır. Bu sahədə Holştin-Friz və Simmental cinsli 1700 baş iribuynuzlu heyvan saxlanılır. Təsərrüfatımızda il ərzində 11 min tona yaxın süd və 100 ton ət istehsal edilir. Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə damazlıq heyvandarlığın inkişafı istiqamətində işlər aparılır. Aidiyyəti elmi-tədqiqat müəssisələri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq çərçivəsində damazlıq heyvanların yetişdirilməsi həyata keçirilir və yaxın gələcəkdə damazlıq sertifikatlarının tələblərinə cavab verən düyələrin satışının təşkili nəzərdə tutulur.
Dövlət başçısının aqrar sahənin inkişafına dair çağırışlarına biz də qoşularaq, təsərrüfatımızın istehsal imkanlarını daha da genişləndirmək istiqamətində yeni inkişaf hədəfləri müəyyən etmişik.
İlk növbədə, əlavə 1000 hektar ərazidə 25 ədəd müasir pivot suvarma sisteminin quraşdırılması nəzərdə tutulur. Bu layihənin həyata keçirilməsi nəticəsində ərzaqlıq buğda istehsalında məhsuldarlığın hər hektardan 55–60 sentnerə çatdırılması planlaşdırılır. Həmin layihə üzrə 4 milyon manat həcmində investisiya qoyuluşu reallaşdırılacaq.
Eyni zamanda, süd istehsalının artırılması məqsədilə Almaniya Federativ Respublikasından əlavə 1500 baş Holştin-Friz cinsli iribuynuzlu heyvanın gətirilməsi planlaşdırılır. Bunun nəticəsində təsərrüfatımızdakı heyvanların sayının 3200 başa, illik süd istehsalının isə 2 dəfə artırılaraq 22 min tona çatdırılması nəzərdə tutulur. Bu istiqamətdə 6 milyon manat həcmində investisiya qoyuluşu planlaşdırılmışdır.
Beləliklə, qarşıdakı dövrdə təsərrüfatımız tərəfindən ümumilikdə 10 milyon manat investisiyanın yatırılması nəzərdə tutulur. Bu layihələrin həyata keçirilməsi istehsal həcmlərinin artırılmasına, yeni iş yerlərinin yaradılmasına və rayonun aqrar potensialının daha da gücləndirilməsinə xidmət edəcəkdir.
Bununla yanaşı, heyvandarlıq təsərrüfatının yem bazasının ilboyu dayanıqlı təmin olunması məqsədilə yem silolarının, həmçinin meyvə-tərəvəz məhsullarının saxlanılması üçün soyuducu anbarların yaradılması da planlaşdırılır.
Əminik ki, dövlətimizin aqrar sahəyə göstərdiyi davamlı dəstək, həyata keçirilən islahatlar və yeni inkişaf proqramları qarşıya qoyulan məqsədlərə nail olunmasına geniş imkanlar yaradacaqdır. Biz də öz növbəmizdə bu imkanlardan səmərəli istifadə edərək ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə və kənd təsərrüfatının inkişafına daha böyük töhfə verməyə çalışacağıq.
Sonda kənd təsərrüfatının və sahibkarlığın inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirir, aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətini daim dəstəklədiyimizi ifadə edirəm.
Bolluğun su təminatı
Ağdaş Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər Paşayev də söhbətimiz zamanı aqrar sahənin inkişafında suvarmanın rolundan bəhs etdi:
– 2026-cı il ərzində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin strukturuna daxil olan idarəmiz tərəfindən rayon ərazisində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, meliorativ vəziyyətin sağlamlaşdırılması, kollektor-drenaj şəbəkələrinin istismarı, hidrotexniki qurğuların saz vəziyyətdə saxlanılması və su təsərrüfatı obyektlərinin dayanıqlı fəaliyyətinin təmin edilməsi istiqamətində genişhəcmli işlər həyata keçirilib. İdarə Regional Su Meliorasiya Xidmətinin yerli struktur bölmələrindən biri kimi fəaliyyət göstərir.
Bizim Ağdaş rayonu coğrafi baxımdan respublikanın mərkəzində yerləşir. Bu yerləşmənin üstünlüklərindən ən başlıcası rayonun 3 mənbədən suvarma suyu ilə təmin oluna bilməsidir. Kür, Türyançay çayları ilə yanaşı, Şirvan kanalından qidalanan əkin sahələri, demək olar ki, problem yaşamır. Hər 3 mənbədən cari ildə 50 min 690 min kubmetr su qəbul edilmiş, bunun 36 min 500 kubmetri təsərrüfatlara çatdırılmışdır. Bununla da 15 min 238 hektar ərazi suvarma suyu ilə təmin olunmuşdur. 2026-ci ildə rayon ərazisində 2 min 112 hektar taxıl bitkisinin suvarılmasını həyata keçirmişik. Hazırda 226 hektar çəltik bitkisinin suvarılması ilə məşğuluq.
İl ərzində rayonun müxtəlif kənd və qəsəbələrində yerləşən suvarma kanalları, arxlar və kollektorlar mexaniki üsulla lildən və suyun axınına mane olan müxtəlif maneələrdən təmizlənmişdir. Bunun nəticəsində suyun sərbəst hərəkəti təmin olunmuş, su itkilərinin qarşısı alınmış və kənd təsərrüfatı məhsullarının su təminatı yaxşılaşdırılmışdır. Cari ilin birinci yarısına kimi 152 km suvarma kanalları, 30 km kollektor-drenaj şəbəkələri təmizlənmiş, çay məcralarının təmizlənməsi, sahilyanı hissələrinin dağılmasının qarşısını alınması məqsədilə Türyançay çayının məcrasında 60 kubmetr torpaq işləri görülmüşdür.
Eyni zamanda, kənd təsərrüfatı təyinatlı torpaqların suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə mənbəyini Türyançay çayından götürən və Kotavan və Xınaxlı kəndlərinin əkin sahələrini suvarma suyu ilə təmin edən kanalın təxminən 14 kilometr hissəsində qazıntı və təmizləmə işləri aparılmışdır. Bu kanal il ərzində 5-6 dəfə lildən təmizlənir. Görülən işlər nəticəsində suyun sərbəst axını bərpa edilir, əkin sahələrinin suvarma suyu ilə təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışır.
İdarəmiz tərəfindən torpaq istifadəçilərinin müraciətlərinə operativ baxılmış, suvarma suyunun bölgüsünün tənzimlənməsi, su növbəliliyinin təmin edilməsi və su istifadəçilərinin problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Həmçinin kollektor-drenaj şəbəkələrinin işlək vəziyyətdə saxlanılması hesabına qrunt sularının səviyyəsinin aşağı salınması və torpaqların şorlaşmasının qarşısının alınması istiqamətində işlər davam etdirilmişdir.
Su təsərrüfatı obyektlərində təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət gücləndirilmiş, işçilər arasında əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair maarifləndirici tədbirlər keçirilmişdir.
Həyata keçirdiyimiz meliorativ və istismar tədbirləri rayonun kənd təsərrüfatının inkişafına, suvarılan torpaqların məhsuldarlığının artırılmasına və torpaq istifadəçilərinin su təminatının yaxşılaşdırılmasına mühüm töhfə vermişdir və yeni çağırışlarla əlaqədar nəzərdə tutduğumuz tədbirlər ölkədə ərzaq bolluğunun artırılmasına əlavə töhfələr verəcək…
Ağdaşda görüşüb söhbət etdiyimiz aqrar sahə mütəxəssisləri bizi bu sahənin daha da inkişafı ilə bağlı konkret təklifləri ilə tanış etdilər. Məsələn, yonca əkininə verilən subsidiya istisna olmaqla, bütün əkin növləri üzrə subsidiyaların məhsul subsidiyası formasında fermerlərə verilməsi, həmçinin, vitro üsulu ilə istehsal olunan və ya satılan calaqaltıların, eləcə də Mərkəzi Aran rayonlarında intensiv üsulla salınan alça, heyva və gilas bağlarına birdəfəlik subsidiyalaşdırılması təklif olunur. Bağçılıq sahəsində avans ödənişlərinin tətbiqi və bunun subsidiyalaşma mexanizmi ilə əlaqələndirilməsi də zəruri sayılır.
Bununla yanaşı, heyvandarlıqla məşğul olan, lakin damazlıq təsərrüfatı olmayan fermerlərə cins tərkibli iribuynuzlu heyvanlardan (süni mayalanma və ya təbii yolla) alınmış cins balalara 500 manat və ya daha yüksək məbləğdə subsidiya verilməsi təklif olunur. Heyvandarlıq sahəsində məhsul subsidiyasına gəlincə isə, bu, kəsim məntəqələrinə ətlik heyvan gətirən fermerlərin, süd qəbulu məntəqələrinə süd təhvil verənlərə südün yağlılıq faizi nəzərə alınmaqla hər kiloqram süd üçün subsidiya verilməsi zərurəti ilə bağlıdır və s.
İnanırıq ki, Dövlət Proqramının icrası Mərkəzi Aran iqtisadi rayonunda taxılçılıq, meyvəçilik, bostançılıq və heyvandarlığın inkişafına, məhsuldarlığın yüksəldilməsinə, fermer təsərrüfatlarının dayanıqlılığının artırılmasına və regionun aqrar potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcək.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Ağdaş




