(əvvəli ötən sayımızda)
“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında bir sıra dövlət proqramlarının, o cümlədən Azərbaycan dilinin və ədəbiyyatının inkişafı ilə bağlı dövlət proqramının hazırlanması nəzərdə tutulur.
Prezident İlham Əliyevin 2012-ci ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” sərəncamları Azərbaycan dilinin dövlət dili kimi tətbiq və inkişaf sahələrini genişləndirdı. Dövlət başçısının, 17 iyul 2018-ci ildə imzaladığı “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamda isə göstərilir ki, Azərbaycan dili xalqımızın mənəvi sərvəti və dövlətimizin müstəqilliyinin rəmzidir.
Ölkədə dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilməklə, həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolunun və nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “Bu gün Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır. Eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir”.
Konsepsiyada Azərbaycan dilinin mədəniyyətdəki rolunun gücləndirilməsinin, onun mahiyyətcə inkişafının, həmçinin beynəlxalq səviyyədə təbliği və təşviqinin vacibliyi xüsusi vurğulanır. Qeyd edilir ki, görüləcək mühüm işlər nəticəsində Azərbaycan ədəbi dili daha da inkişaf edəcək, ana dilində yeni bədii nümunələr, əsərlər yaradılacaq və Azərbaycan dilindən rəqəmsal platformalarda daha geniş istifadə olunacaq.
Müasir informasiya cəmiyyətində kommunikasiya vasitələrinin sürətlə dəyişməsi dil siyasətinə yeni yanaşmalar tələb edir. Hamımız yaxşı bilirik ki, sosial şəbəkələrin, rəqəmsal medianın və internet platformalarının geniş yayılması dil mədəniyyətinə həm müsbət, həm də mənfi təsirlər göstərir. Belə ki, bir tərəfdən informasiya mübadiləsi sürətlənir, digər tərəfdən isə dil normalarının pozulması, yad təsirlərin artması və nitq mədəniyyətinin zəifləməsi müşahidə olunur.
Konsepsiyada Azərbaycan dilinin beynəlxalq nüfuzunun artırılması, xarici ölkələrdə tədrisinin genişləndirilməsi və rəqəmsal mühitdə istifadəsinin gücləndirilməsi mühüm prioritetlərdən biri kimi müəyyən edilmişdir. Bu istiqamətdə elektron lüğətlərin və rəqəmsal tədris resurslarının hazırlanması xüsusi rol oynaya bilər.
Sənəddə kommunikasiya mədəniyyətinin inkişafı da diqqət mərkəzində saxlanılır. Müasir cəmiyyətdə etik informasiya davranışı, mediada peşəkarlıq və ictimai nitq mədəniyyəti mühüm əhəmiyyət kəsb edir. İnformasiya təhlükəsizliyi və media savadlılığının artırılması da bu sahədə mühüm vəzifələrdən biri hesab olunur.
Konsepsiyada ədəbiyyat və incəsənət milli mədəniyyətin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir. Klassik ədəbi irsin qorunması ilə yanaşı, müasir ədəbiyyatın inkişafı, yeni yaradıcı nəslin formalaşdırılması və müasir bədii düşüncənin dəstəklənməsi vacib məsələlər sırasında qeyd olunur. Bu baxımdan, gənc yazıçı və şairlərin yaradıcılıq imkanlarının genişləndirilməsi, nəşriyyat fəaliyyətinin təkmilləşdirilməsi və elektron kitab platformalarının inkişafı mühüm əhəmiyyət kəsb edir.
İnsanların mənəvi cəhətdən zənginləşməsinə xidmət edən teatr, kino, musiqi və təsviri sənət sahələrinin inkişafı da Konsepsiyanın əsas istiqamətlərindəndir. Mili kinomuzun beynəlxalq festivallarda təmsil olunması, milli musiqi irsinin qorunması və dünya miqyasında tanıdılması xüsusi diqqət tələb edən məsələlərdir.
Təhlillər əsasında gəldiyimiz qənaət ondan ibarətdir ki, “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası milli irsin qorunması və inkişafı üçün strateji yol xəritəsidir. Konsepsiya milli musiqi irsinin müasir texnologiyalar vasitəsilə sənədləşdirilməsini, tədris sisteminin gücləndirilməsini, beynəlxalq mədəni inteqrasiyanı və yaradıcı sənayelərin inkişafını əsas prioritetlər kimi müəyyən edir. Nəticə etibarilə, milli irsin qorunması ilə müasir inkişaf arasında strateji körpü rolunu oynayır.
Konsepsiyada yaradıcı sənayelərin inkişafı da prioritet istiqamətlərdən biri kimi göstərilmişdir. Dizayn, reklam, audiovizual sənaye, rəqəmsal incəsənət və mədəni turizm kimi sahələrin inkişafı həm iqtisadi gəlirlərin artmasına, həm də mədəni nüfuzun güclənməsinə xidmət edir.
Burada diqqətçəkən mühüm məqamlardan biri mədəniyyətin iqtisadi resurs kimi qiymətləndirilməsidir. Əvvəllər əsasən humanitar sahə hesab edilən mədəniyyət hazırda innovativ iqtisadiyyatın mühüm komponentlərindən biri kimi qəbul edilir. Konsepsiyada ədəbiyyat və incəsənətlə bağlı çağırışlar sırasında, ilk növbədə, Azərbaycan ədəbiyyatının və incəsənətinin araşdırılması, inkişafı və beynəlxalq aləmdə təbliği məqsədilə müasir yanaşmalara əsaslanan sistemli fəaliyyətin həyata keçirilməsi vurğulanır.
Dahi şəxsiyyət Heydər Əliyev taleyüklü məsələlərin həyata keçirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi üçün milli köklərdən qaynaqlanmaqla, tarixi keçmişimizi öyrənmək, mədəni irsimizi dərindən mənimsəmək və ondan böyük qürur duymaqla qazanacağımız uğurları uzaqgörənliklə bəyan edirdi: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, onun hər bir kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu bizim ana kitabımızdır.... dünya qorqudşünaslığı “Kitabi-Dədə Qorqud”un istər etnik, mənşə, istər tarixi-coğrafi, ərazi, istərsə də dil və məfkurə baxımından Azərbaycan xalqına mənsub olması fikrini qəti şəkildə təsdiq edir. “Kitabi-Dədə Qorqud”un Azərbaycan tarixi üçün ən böyük, ən əsas və ən birinci xidməti bundan ibarətdir”.
Azərbaycan zəngin maddi və qeyri-maddi mədəni irsə malikdir. Tarixi abidələr, memarlıq nümunələri, folklor, muğam, aşıq sənəti, xalçaçılıq və digər milli dəyərlər xalqın tarixi yaddaşını formalaşdıran əsas amillərdəndir.
Konsepsiyada mədəni irsin qorunması və bərpası ilə bağlı sistemli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə tarixi və dini abidələrin bərpası prioritet kimi müəyyən edilmişdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən mədəni dirçəliş siyasəti yalnız memarlıq və infrastruktur məsələsi deyil, həm də milli-mənəvi bərpa prosesidir.
Sənəddə UNESCO ilə əməkdaşlığın genişləndirilməsi, milli irs nümunələrinin beynəlxalq səviyyədə tanıdılması və dünya mədəni irs siyahılarına daxil edilməsinin əhəmiyyəti vurğulanır.
Mədəni irsin rəqəmsallaşdırılması da Konsepsiyanın mühüm istiqamətlərindən biridir. Elektron arxivlərin yaradılması, virtual muzeylərin təşkili və rəqəmsal kataloq sistemlərinin qurulması gələcək nəsillər üçün mədəni irsin qorunmasına xidmət edir.
Müasir qloballaşma şəraitində milli folklor nümunələrinin, adət-ənənələrin və xalq yaradıcılığı elementlərinin qorunması mədəni müxtəlifliyin saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Konsepsiyada mədəniyyətin hüquqi aspektləri də öz əksini tapır. Müasir hüquqi dövlətdə mədəniyyət hüquqları insan hüquqlarının mühüm tərkib hissəsi hesab edilir. Hər bir vətəndaşın mədəni həyatda iştirak etmək və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq hüququ var.
Sənəddə mədəni hüquqların daha geniş şəkildə həyata keçirilməsi üçün hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur. Mədəniyyət və hüquq münasibətlərində müəllif hüquqları məsələsi də xüsusi aktuallıq kəsb edir. Hazırkı dövrdə rəqəmsal texnologiyaların inkişafı müəllif hüquqlarının qorunması sahəsində yeni problemlər yaratmışdır. Elektron resursların sürətlə yayılması intellektual mülkiyyət hüquqlarının müdafiəsini daha da aktuallaşdırır.
Konsepsiyada mədəniyyət sahəsində normativ-hüquqi bazanın müasirləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və idarəetmədə şəffaflığın artırılması mühüm vəzifələr kimi qarşıya qoyulmuşdur.
Mədəni hüquqların inkişafı demokratik cəmiyyətin formalaşması ilə sıx bağlıdır. İnsanların mədəni fəaliyyətə sərbəst qoşulması, yaradıcılıq azadlığının təmin edilməsi və müxtəlif mədəni təşəbbüslərin dəstəklənməsi vətəndaş cəmiyyətinin inkişafına müsbət təsir göstərir.
Müasir dövrdə mədəniyyət yalnız humanitar sahə deyil, həm də iqtisadi inkişafın mühüm amillərindən biri hesab olunur. Konsepsiyada mədəniyyətin iqtisadi potensialından səmərəli istifadə olunması məsələsinə geniş yer verilmişdir. Mədəni turizm iqtisadi inkişafın perspektivli istiqamətlərindəndir. Azərbaycanın zəngin tarixi və mədəni irsi ölkənin turizm potensialını artırır. Tarixi abidələr, muzeylər, festivallar və milli mədəniyyət nümunələri xarici turistlərin cəlb edilməsində mühüm rol oynayır.
Kreativ iqtisadiyyatın inkişafı yeni iş yerlərinin yaradılmasına, gənclərin məşğulluğunun artırılmasına və innovativ biznes modellərinin formalaşmasına şərait yaradır. Dünyanın bir çox ölkələrində yaradıcı sənayelər ümumi daxili məhsulun əhəmiyyətli hissəsini təşkil edir.
Mədəniyyətin sosial funksiyasının xüsusi əhəmiyyət daşıdığını vurğulamaq lazımdır. Mədəni fəaliyyət insanların sosial inteqrasiyasını gücləndirir, vətəndaş həmrəyliyini artırır və mənəvi mühitin sağlamlaşdırılmasına xidmət edir. Bu baxımdan, mədəniyyət sosial sabitliyin mühüm amillərindən biridir . Konsepsiyada regionlarda mədəni infrastrukturun inkişaf etdirilməsi də vacib istiqamətlərdən biri kimi göstərilmişdir. Rayon və kəndlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin gücləndirilməsi regional bərabərliyin təmin olunmasına xidmət edir.
Sənədin idarəetmə və institusional mexanizmlərinə gəlincə, onun uğurla həyata keçirilməsi səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılmasını tələb edir. Bu baxımdan dövlət qurumlarının fəaliyyəti, ictimai iştirakçılıq və institusional koordinasiya mühüm əhəmiyyət kəsb edir.
Mədəniyyət Nazirliyinin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, elektron idarəetmə sistemlərinin tətbiqi və strateji planlaşdırma mexanizmlərinin inkişaf etdirilməsi Konsepsiyanın əsas istiqamətlərindən biridir.
Sənəddə qeyri-hökumət təşkilatlarının, yaradıcı birliklərin və vətəndaş cəmiyyətinin mədəniyyət siyasətində iştirakının artırılması da nəzərdə tutulur. Müasir demokratik cəmiyyətdə mədəniyyət siyasətinin yalnız dövlət tərəfindən deyil, ictimai institutlarla əməkdaşlıq şəraitində həyata keçirilməsi daha effektiv nəticələr verir.
Monitorinq və qiymətləndirmə sistemlərinin yaradılması da mühüm əhəmiyyət kəsb edir. Hər bir strateji sənəd kimi Konsepsiyanın da icra vəziyyətinin davamlı təhlil olunması və nəticələrin qiymətləndirilməsi zəruridir.
Maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi də vacib məsələlərdəndir. Dövlət büdcəsi ilə yanaşı, özəl sektorun, sponsorluğun və beynəlxalq qrant proqramlarının mədəniyyət sahəsinə cəlb olunması əlavə imkanlar yarada bilər.
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının əsas üstünlüklərindən biri onun sistemli və kompleks xarakter daşımasıdır. Sənəd mədəni siyasəti yalnız ənənəvi çərçivədə deyil, müasir sosial-iqtisadi və texnoloji proseslərlə əlaqəli şəkildə təqdim edir.
Sənədin uğurlu icrası üçün maliyyə təminatı, peşəkar kadr hazırlığı, regional inkişaf və institusional koordinasiya məsələlərinin effektiv həlli xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə, maliyyə resursları yetərli olmalıdır, çünki mədəniyyət sahəsində genişmiqyaslı layihələrin icrası böyük maliyyə vəsaiti tələb edir. Müasir mədəni idarəetmə sahəsində peşəkar mütəxəssislərin hazırlanması da vacibdir. Rəqəmsal texnologiyalar və kreativ sənayelər üzrə müasir biliklərə malik mütəxəssislərin sayı artırılmalıdır.
(ardı var)
İradə HÜSEYNOVA,
Bakı Dövlət Universiteti Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor

