Özbəkistanın Namanqan şəhərində keçirilən üçüncü beynəlxalq Muğam Sənəti Festivalı çərçivəsində “Şərq muğamında yeni trendlər: ənənə və innovasiya arasındakı əlaqə” adlı üçüncü beynəlxalq elmi-praktik konfrans baş tutub .
Konfransa Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, mədəniyyət və incəsənət xadimiləri, beynəlxalq təşkilatların rəhbərləri, mədəniyyət nazirləri və diplomatlar qatılıb.
Konfransda ölkəmizi Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Mədəniyyət Nazirliyinin nümayəndəsi Nəsibə Əsgərova, sənətşünaslıq üzrə fəlsəfə doktoru. Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, xanəndə Kamilə Nəbiyeva və müsiqiçilər daxildir. Azərbaycanın Əməkdar artisti, Özbəkistanın mədəniyyət səfiri, Bakıdakı Muğam Mərkəzinin direktoru tarzən Sahib Paşazadə festivala qonaq kimi qatılıb.
Tədbiri Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov açaraq bu münasibətlə iştirakçıları təbrik edib, artıq üçüncü dəfə keçirilən festivalın əhəmiyyətindən danışıb.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli öz çıxışında bildirib ki, muğam sənətinin son onilliklərdə yaşadığı yüksəliş ölkə rəhbərliyinin birbaşa diqqəti və himayəsi sayəsində mümkün olub. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mədəniyyətin bütün sahələrinə, o cümlədən muğam sənətinin inkişafına və təbliğinə davamlı qayğı göstərilir. Müasir infrastrukturun yaradılması, genişmiqyaslı beynəlxalq layihələrin reallaşdırılması və sahə üzrə davamlı inkişaf bu qayğının bariz nümunəsidir.
Muğamın 2000-ci illərdən etibarən qazandığı geniş şöhrət və yeni inkişaf mərhələsi xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyevanın adı ilə sıx bağlıdır. Onun təşəbbüsü, himayəsi və şəxsi səyləri sayəsində muğam həm ölkə daxilində yeni nəfəs alıb, həm də dünyanın ən nüfuzlu səhnələrində layiqincə təmsil olunub. Mehriban xanım Əliyevanın bu sənətə göstərdiyi davamlı dəstək milli irsimizin gənc nəsillərə ötürülməsində və beynəlxalq aləmdə tanıdılmasında müstəsna rol oynayıb.
Bu qayğının ən bariz təcəssümü muğam sənətinə həsr olunmuş müasir mədəniyyət ocaqlarının yaradılmasıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə Bakıda, Dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzi inşa edilib. Azərbaycan muğamı ilk dəfə 2003-cü ildə UNESCO-nun Bəşəriyyətin Şah Əsərləri Siyahısına daxil edilib, 2008-ci ildə isə Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya rəsmən daxil olunub.
Azərbaycanda müvafiq istiqamətdə siyasətin məntiqi davamı olaraq, 2025-ci il mayın 10-da işğaldan azad edilmiş torpaqlarımızda, Qarabağda Ağdam Muğam Mərkəzi açılıb. Muğamın beşiyi sayılan bu müqəddəs diyarda belə bir mərkəzin yaradılması təkcə muğam sənətinin deyil, həm də xalqımızın doğma torpaqlarına mənəvi və mədəni qayıdışının parlaq rəmzidir.
Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2025-ci ildə ənənəvi olaraq ölkəmizdə “Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalı keçirilir.
Konfransda Sahib Paşazadə “Şərq muğamının müasir inkişaf tendensiyaları” və Kamilə Dadaşzadə “Milli Konservatoriyanın indiki mərhələdəki fəaliyyəti: ənənə və innovasiyanın sinerjisi” mövzularında çıxış ediblər.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Namanqan

