Azərbaycanda torpaq konsolidasiyası üzrə pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
XQ xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı keçirilən regional müşavirədən sonra jurnalistlərə açıqlaması zamanı deyib.
Nazir qeyd edib ki, konsolidasiyanın pilot olaraq həyata keçirilməsi nəzərdə tutulur.
“Layihə Qəbələ və Salyan rayonlarında yerləşən 32 kəndi əhatə etməklə ümumilikdə 20 min hektar sahədə tətbiq olunacaq. Konsolidasiya mülkiyyətin itirilməsi demək deyil. Əksinə, fermerlər öz mülkiyyət hüquqlarını tam şəkildə qoruyub saxlayacaqlar. Layihənin məqsədi fermerlərin müxtəlif ərazilərdə yerləşən və parçalanmış torpaq sahələrini daha səmərəli şəkildə bir çətir altında birləşdirməkdir. Konsolidasiyanın əsasını həmin ərazilərdə qapalı suvarma şəbəkəsinin qurulması təşkil edir. Eyni zamanda, hər bir torpaq sahəsinin yol infrastrukturu ilə təmin olunması nəzərdə tutulur. Konsolidasiya həyata keçirilən kəndlərdə fermerlərin parçalanmış torpaqları birləşdiriləcək, yol infrastrukturu yaradılacaq, zəruri yerlərdə drenaj sistemləri qurulacaq. Bu isə fermerlərin istehsal xərclərinin azalmasına və təsərrüfat fəaliyyətinin daha səmərəli təşkilinə imkan yaradacaq”, - deyə nazir əlavə edib.
Məcnun Məmmədov qeyd edib ki, konsolidasiya nəticəsində fermerlər daha iri sahələrdə vahid əkin aparmaq imkanı qazanacaq, mövcud problemləri həll olunacaq və torpaqlarının bazar dəyəri də artacaq: “Subsidiya Şurası tərəfindən konsolidasiya tətbiq edilən ərazilər üçün xüsusi subsidiyalaşdırma mexanizmlərinin təşviqi də nəzərdən keçirilir. Məqsəd fermerlərin bu prosesə daha könüllü və rahat şəkildə qoşulmasını təmin etməkdir”.

