Böyük Britaniyada rekord istilər: minlərlə məktəb fəaliyyətini dayandırdı

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Böyük Britaniyada qeydə alınan kəskin istilər nəticəsində İngiltərə və Uelsdə 1000-dən çox məktəb ya bağlanıb, ya da dərsləri erkən yekunlaşdırıb.

BBC-nin məlumatına görə, sinoptiklərin proqnozuna əsasən, ölkənin cənub bölgələrində temperaturun 37 dərəcəyə qədər yüksəlməsi gözlənilir. Mütəxəssislər isə yüksək rütubət səbəbindən hiss olunan temperaturun daha da yüksək ola biləcəyini bildirirlər.

Böyük Britaniyanın Meteoroloji Xidməti İngiltərə və Uelsin bir sıra ərazilərində mövcud olan qırmızı səviyyəli ekstremal istilik xəbərdarlığının əhatəsini genişləndirib. Qərar cümə axşamı gecə saatlarınadək qüvvədə olacaq və ölkənin cənub hissəsinin daha geniş bölgələrini əhatə edəcək.

Qeyd olunur ki, qırmızı səviyyə ən yüksək təhlükə dərəcəsidir və insan həyatı üçün risk yarada bilər. Bundan əlavə, nəqliyyat sistemində ciddi gecikmələr və fasilələr də istisna edilmir. Dəmir yolu operatorları sərnişinlərə zəruri olmayan səfərlərdən çəkinməyi tövsiyə ediblər. Şənbə günü isə İngiltərənin cənub və şərq bölgələri üçün narıncı səviyyəli istilik xəbərdarlığının qüvvədə olacağı bildirilir.

Dünya