Əqli Mülkiyyət Agentliyində Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Əqli Mülkiyyət Agentliyində 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

XQ xəbər verir ki, tədbirdə çıxış edən Agentliyin Aparat rəhbəri Xudayət Həsənli dövlət qulluğunun cəmiyyətin inkişafında, dövlət idarəçiliyinin səmərəli təşkilində və həyata keçirilməsində əhəmiyyətli rol oynadığını bildirib. Qeyd edib ki, Əqli Mülkiyyət Agentliyi yeganə publik hüquqi şəxsdir ki, onun aparatının əməkdaşları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətlər göstərdiyinə görə “Publik hüquqi şəxslər haqqında” Qanunun 6.4-cü maddəsinə əsasən dövlət qulluqçularına bərabər tutulurlar.

Aparat rəhbəri X.Həsənli hazırda ölkədə fəaliyyət göstərən 27,3 min dövlət qulluqçuları sırasında Əqli Mülkiyyət Agentliyinin əməkdaşlarının da yer aldığını xüsusi vurğulayıb. O, dövlət qulluqçusu statusu daşımağın şərəfli, eyni zamanda məsuliyyətli olduğunu diqqətə çatdıraraq İdarə Heyətinin sədri Kamran İmanovun adından bir daha Agentliyin aparatında çalışan əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.

Sosial həyat