Ağciyər xərçənginin diaqnostikasında inqilab

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Böyük Britaniyanın Vuster şəhərindəki Müqəddəs Xaç Kollecinin alimləri göyərçinlərin görmə sisteminin qeyri-adi xüsusiyyətlərindən yararlanaraq ağciyər xərçənginin daha dəqiq aşkarlanması üsulunu təklif ediblər. Bu o demək deyil ki, tibbi rentgen şəkillərinizi quşlar analiz edəcək, lakin quşların təlimindən əldə olunan nəticələr diaqnostika zamanı insan xətalarından qaçmağa kömək edən tibbi süni intellekt alətlərinin yaradılmasında istifadə olunacaq.

Göz bəbəyinin hərəkətini izləyən xüsusi texnologiya sayəsində alimlər müəyyən ediblər ki, rentgenoloqlar ağciyərdəki şübhəli şişə baxanda onların baxışları həmin nöqtədə donub qalır və göz bəbəkləri böyüyür. Lakin bu vizual informasiya beyində tam şüurlu şəkildə emal olunmur və reaksiyasız qalır.

Tədqiqatçılar məhz bu məqamda kömək üçün insanın şüuraltı görmə mexanizmi ilə eyni prinsiplə işləyən göyərçinlərə müraciət ediblər. Onlar altı quşa ağciyər şəkillərindəki xərçəng düyünlərini tapmağı və sağlam nahiyələri ayırd etməyi öyrədiblər. Yemək mükafatı ilə həvəsləndirilən quşlar tapşırığın öhdəsindən mükəmməl gəliblər, hətta daha irəli gedərək ağciyərlərdə xərçəngin ilkin mərhələsindən xəbər verən amfizem və xüsusi dumanlı düyünləri də dərhal müəyyən ediblər. Bioloqlar güman edirlər ki, insan da şüuraltı olaraq bu sahələri qeydə alır, lakin beyin onlara lazımi əhəmiyyəti vermir. Alimlər həkimlərin göz hərəkəti şablonlarından süni intellekt modellərini təlimatlandırmaq üçün istifadə etmək qərarına gəliblər. Belə bir innovativ alət insan beynindəki şüurlu və şüuraltı fəaliyyət arasındakı boşluğu dolduraraq diaqnostikadakı səhvləri aradan qaldırmağa imkan verəcək.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Dünya