Zaur Mikayılov: 112 min hektardan artıq mövcud əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq

post-img

2025-ci ildə respublikamızın 23 rayonunda 107 min 492 hektar sahədə pambıq əkini aparılmış və ümumilikdə 3,6 dəfə suvarma suyu ilə təmin edilmişdir. Cari ildə respublikamızın 21 rayonunda pambıq bitkisinin ümumilikdə 90 min 579 hektar sahədə səpini baş tutmuş, və müvafiq qaydada arat və səpsuvar suyu ilə təmin edilmişdir. 

XQ xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Sabirabad rayonunda keçirilən Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı regional müşavirə zamanı bildirib.

Sədr qeyd edib ki, hazırda sözügedən əkinlərin qrafikə uyğun olaraq vegetasiya suyu ilə təmin edilməsi davam etdirilir. Hamımıza məlumdur ki, pambıq vegetasiya dövründə yüksək rütubət və su tələbatı olan bitkidir. Lakin son illər iqlim dəyişikliklərinin mənfi təsirləri, quraq dövrlərinin uzanması, yağıntıların həcminin dinamik surətdə dəyişməsi və özəlliklə vegetasiya dövrlərində su ehtiyatlarına artan təzyiq bir sıra yeni zərurətlər formalaşdırmışdır. Bu baxımdan, pambıqçılıq ənənəsi olan xüsusilə Aran, Qarabağ, Şərqi Zəngəzur və Mil-Muğan zonalarında yerləşən rayonlarımızda suvarma infrastrukturunun inkişaf etdirilməsi və su itkilərinin minimuma endirilməsi istiqamətində mühüm layihələr icra olunur.

Bu baxımdan hazırda icra olunan ən böyük layihələrdən biri Şirvan suvarma kanalının yenidənqurulmasıdır. Uzunluğu 204 kilometrdən artıq olan, saniyədə 180 kubmetr su ötürmə qabiliyyətinə malik bu kanalın tikintisi nəticəsində ümumilikdə 228 min hektardan artıq ərazinin su təminatına mühüm töhfələr verəcəkdir. Layihə çərçivəsində 112 min hektardan artıq mövcud əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq, əlavə olaraq 105 min hektardan artıq yeni torpaq sahəsi kənd təsərrüfatı dövriyyəsinə cəlb olunacaqdır. Bu layihənin həyata keçirilməsi xüsusilə Kürdəmir, Hacıqabul, Zərdab və Yevlax rayonlarında pambıqçılığın inkişafı üçün yeni imkanlar yaradacaq, məhsuldarlığın yüksəldilməsinə və su təminatının daha dayanıqlı təşkilinə xidmət edəcəkdir.

N.ABDALOV
XQ

İqtisadiyyat