Azərbaycanda UFC turniri böyük maraq doğuracaq – Fərman Həsənov

post-img

Azərbaycanda UFC turnirinin keçirilməsi böyük hadisədir.

Bu sözləri Azərbaycan döyüşçüsü Fərman Həsənov Bakıda keçiriləcək UFC Fight Night turniri ərəfəsində təşkil olunan mətbuat konfransında deyib.

İdmançı bildirib ki, belə mötəbər yarışın ölkədə təşkili yerli döyüşçülər üçün əlavə motivasiya yaradır: “Azərbaycanda UFC-nin keçirilməsi döyüşçülər üçün böyük hadisədir. Bu, bizə əlavə motivasiya verir. Döyüş gününü səbirsizliklə gözləyirəm”.

F.Həsənov qarşıdakı görüşə tam hazır olduğunu vurğulayıb: “Özümü çox yaxşı hiss edirəm. Vətəndə çıxış etmək mənim üçün təzyiq yox, əksinə motivasiyadır. Çəki prosesi də yaxşı gedir, döyüşə hazır olacağıq”.

Rəqibi Erik Nolan barədə danışan Azərbaycan təmsilçisi onun təcrübəli və güclü döyüşçü olduğunu qeyd edib: “Rəqibim ayaqüstə döyüşə üstünlük verən idmançıdır. Onu yaxşı tanıyırıq, döyüşlərini analiz etmişik. Mən isə daha çox özümə fokuslanmışam”.

O, Nolanın künc komandası ilə bağlı məsələlərə əhəmiyyət vermədiyini də bildirib:  “Açığı, buna fikir vermirəm. Ümid edirəm ki, o da döyüşə tam hazır olacaq. Mən 6-cı gün axşama hazıram”.

F.Həsənov UFC-də əsas hədəfinin çempionluq olduğunu da gizlətməyib:  “İlk məqsəd UFC-də möhkəmlənməkdir. Əsas hədəf isə çempion olmaqdır. Divizionumuz çox çətin və rəqabətlidir. Addım-addım irəliləmək lazımdır”.

Döyüşçü həmçinin UFC turnirinin Azərbaycanda böyük maraq doğuracağına inandığını bildirib: “Futbolu çox izləyən biri deyiləm, amma düşünürəm ki, UFC turniri azarkeşlər üçün daha maraqlı olacaq”.

Qeyd edək ki, UFC Fight Night Baku turniri iyunun 27-də Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas döyüşündə Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək. Fərman Həsənov isə amerikalı Erik Nolanla qarşılaşacaq.

Tacir SADIQOV 
XQ

İdman