Qrup mərhələsinin həlledici görüşləri başlayır

post-img

İordaniya millisi də mundialla vidalaşdı

Futbol üzrə Dünya çempionatında dünən keçirilən son 4 qarşılaşma I və J qruplarında dramatik mübarizə və tarixi rekordlarla yadda qalıb. Həmin matçlarda Argentina, Fransa, Norveç və Əlcəzair qələbə qazanaraq turnirdəki mövqelərini möhkəmləndirdilər.

J qrupunda Argentina Avstriya oyunu 2:0 hesabı ilə cənubi amerikalıların xeyrinə başa çatdı. Qolları 38 və 90+5-ci dəqiqələrdə Lionel Messi vuraraq dubl etdi. İlk turda Əlcəzairə qarşı matçda het-trik edən Messi, bu oyundakı qolları ilə Dünya çempionatlarındakı ümumi qollarının sayını 18-ə çatdırdı və Miroslav Klozeni geridə qoyaraq turnir tarixinin ən çox qol vuran futbolçusu oldu. Argentina bu qələbə ilə 6 xal toplayaraq pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirdi. Avstriyanın isə 3 xalı var.

I qrupunnda Fransa çətinlik çəkmədən İraq millisinə qalib gəldi – 3:0. Görüşdə fransızların hücumçusu Kylian Mbappe 14 və 54-cü dəqiqələrdə vurduğu qollarla dubla imza ataraq komandasını önə çıxarıb – 2:0. Yekun nəticəni müəyyənləşdirən qolu isə 66-cı dəqiqədə Usman Dembele vurub – 3:0. Fransa millisi ardıcıl ikinci qələbəsini qazanaraq xalını 6-ya yüksəltdi və qrupdan çıxmağı təmin etdi. İraq isə ikinci məğlubiyyətə baxmayaraq pley-off şanslarını saxlayır.

Həmin qrupda Norveç Seneqal üzərində çətin qələbə qazandı – 3:2. Gərgin keçən görüşdə Norveç millisində Erling Haaland dubla imza atdı. İlk turda İraqa 4:1 hesabı ilə qalib gələn skandinaviyalılar bu qələbə ilə xalını 6-ya çatdırdı və Fransa ilə pley-offa vəsiqəni bölüşdürdü. Seneqal isə hələ də xal qazana bilməyib.

J qrupunda isə İordaniya Əlcəzairə məğlub oldu – 1:2.

İlk oyunda Argentinaya uduzan afrikalılar bu qələbə ilə xallarını 3-ə çatdıraraq qrupdan çıxmaq ümidlərini son tura saxladı. İordaniya isə xalsız qalaraq mübarizəni dayandırdı.

Dünən axşam K qrupunda ABŞ-ın Hyuston şəhərindəki Houston Stadiumda Portuqaliya millisi Özbəkistan yığması ilə qarşılaşıb. Gözlənildiyi kimi dünya futbolunun ulduzu Ronaldonun lider olduğu komanda özbəklər üzərində çətinlik çəkmədən qələbə qazanıblar–5:0. Qolları 6-cı və 39-cu dəqiqələrdə Kriştiano Ronaldo, 17-ci dəqiqədə Nunu Mendeş, 60-cı dəqiqədə Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanov öz qapısına (avtoqol), 87-ci dəqiqədə isə Rafael Leao vurub.

Bu qrupda keçirilən Kolumbiya – Konqo DR, L qrupunda İngiltərə – Qana və Xorvatiya – Panama görüşləri ilə qrup mərhələsində 2-ci turun oyunları başa çatıb.

Dünya çempionatında qrup mərhələsinin 3-cü turunun oyunları bu gün başlayır. Sonuncu turun ilk günündə A, B və C qruplarında yer alan 6 qarşılaşma eyni gündə paralel olaraq fərqli şəhərlərdə keçiriləcək.

B qrupunda Bakı vaxtı ilə saat 23:00-da İsveçrə – Kanada görüşü Vankuverin BC Place stadionunda, Bosniya və Herseqovina – Qətər matçı ABŞ-ın Sietl şəhərindəki Seattle Stadium / Lumen Field stadionunda, C qrupunda gecə saat 02:00-da Şotlandiya – Braziliya oyunu ABŞ-ın Mayami şəhərində Miami Stadiumda, Mərakeş – Haiti qarşılaşması ABŞ-ın Atlanta şəhərinin Atlanta Stadiumda, A qrupunda gecə saat 05:00-da Çexiya – Meksika mübarizəsi Mexikonun Estadio Azteca stadionunda, Cənubi Afrika (CAR) – Cənubi Koreya dueli isə Monterrey şəhərinin Estadio Monterrey / Estadio BBVA stadionunda keçiriləcək.

A, B və C qruplarında 3-cü tur öncəsi Meksika artıq pley-offa vəsiqəni təmin edib, digər 11 komanda isə növbəti mərhələ üçün ölüm-dirim mübarizəsinə çıxır. Yeni formata əsasən, qruplarda ilk 2 yeri tutanlarla yanaşı, 12 qrup arasında 8 ən yaxşı üçüncü yerin də sahibi mərhələ adlayacaq.

İlk oyun günündəki qrupların mövcud xal vəziyyəti və pley-off şansları aşağıdakı kimidir:

A qrupunda Meksika – 6 xal, Cənubi Koreya – 3 xal, Çexiya – 1 xal, CAR – 1 xal.

Çexiya – Meksika görüşündə Meksika artıq qrup liderliyini və pley-offu təmin edib. Çexiyaya qrupdan çıxmaq ümidini qorumaq üçün mütləq qələbə lazımdır.

CAR – Cənubi Koreya görüşün koreyalılara ikinciliyi qorumaq üçün heç-heçə kifayət edir. Amma CAR qalib gəlsə və Çexiya xal itirsə, CAR sensasiyalı şəkildə pley-offa yüksələ bilər.

B qrupunda hər şey aydındır. Kanada – 4 xal, İsveçrə – 4 xal, Bosniya və Herseqovina – 1 xal, Qətər – 1 xal.

İsveçrə – Kanada qarşılaşmasında heç-heçə hər iki komandaya sərf edir. Bu nəticə ilə hər ikisi 5 xalla növbəti mərhələyə rəsmən vəsiqə qazanacaq. Qələbə isə qalib komandanı qrup liderliyinə yüksəldəcək.

Bosniya və Herseqovina – Qətər matçında isə heç-heçə hər iki komandanı turnirdən kənarlaşdırır. Qalib gələn tərəf xalını 4-ə yüksəldərək ən yaxşı üçüncülərdən biri kimi mərhələ adlamaq şansı qazanacaq.

C qrupunda Haiti pley-off şanslarını itirib. Braziliya – 4 xal, Mərakeş – 4 xal, Şotlandiya – 3 xal, Haiti – 0 xal.

Şotlandiya – Braziliya mübarizəsində britaniyalıların 3 xalı var və pley-off üçün Braziliyadan xal qoparmalıdır. Braziliyaya isə qrupdan birbaşa çıxmaq üçün heç-heçə də kifayətdir.

Mərakeş – Haiti matçında isə Mərakeşə növbəti mərhələyə keçmək üçün 1 xal lazımdır.

Əlbəttə, butün bunlar qarşıdakı oyunlardan gözləntilərlə bağlı proqnozlar idi. Nəticələrə daha yaxın olmaq, futbol həyəcanını canlı şəkildə hiss etmək üçün mundialı izləməyə davam edək.

Q.YUSİFOĞLU
XQ









İdman