Transatlantik məkanda yenidən tənzimlənmə

post-img

“Qoca qitə”də sağ populizmin parçalanması Trampla münasibətlərə baxışı dəyişir

Qədim Roma mütəfəkkiri Siseron yazırdı ki, siyasətdə əbədi dostluq yoxdur, əbədi olan yalnız maraqlardır. Bəli, eyni aforizm bu gün özünü Donald Trampla Avropanın populist sağ hərəkatları arasında formalaşmış münasibətlərdə doğrultmağa başlayıb. Bir zamanlar ABŞ prezidentinin dəstəyi Avropanın millətçi və mühafizəkar qüvvələri üçün siyasi nüfuzun, beynəlxalq legitimliyin və ideoloji yüksəlişin simvolu sayılırdı.

Tramp Qərbdə yeni siyasi dövrün başlanğıcı kimi təqdim olunur, onun uğurları isə Avropanın sağçı liderləri tərəfindən öz gələcəklərinin təminatçısı kimi qarşılanırdı. Lakin dünənin üstünlüyü bəzən sabahın yükünə çevrilə bildiyindən, bu gün vəziyyət nəzərəçarpacaq dərəcədə dəyişib. Avropanın sağçı liderləri Trampın siyasi himayəsinin onlara əlavə üstünlük verməkdən çox, seçici dəstəyini zəiflədə biləcəyini düşünməyə başlayıblar.

Qlobal səhnədə dəyişmə

Sözügedən dəyişimin səbəbləri həm geosiyasi, həm də daxili siyasi amillərlə bağlıdır. Trampın son illər həyata keçirdiyi sərt ticarət siyasəti, Avropa ilə bağlı aqressiv bəyanatları, Qrenlandiya ətrafında yaratdığı gərginlik və Yaxın Şərqdə artan hərbi aktivlik Avropa ictimai rəyində onun imicinə ciddi zərbə vurub. Xüsusilə enerji qiymətlərinin yüksəlməsi və qlobal qeyri-müəyyənliyin dərinləşməsi fonunda bir çox avropalı seçici Trampı daha çox risk mənbəyi kimi görməyə başlayıb.

Məhz buna görə Avropanın sağçı siyasi düşərgəsində yeni dilemma yaranıb. Bir tərəfdən, onların ideoloji gündəliyinin əksər elementi trampçılıqla müəyyən oxşarlıqlar daşıyır. Digər tərəfdən Trampın özü artıq seçkilərdə əlavə səs gətirən fiqur hesab olunmur. Əksinə, onun adı mərkəzçi və tərəddüd edən seçiciləri uzaqlaşdırmaq potensialına malikdir. Bu səbəbdən bir sıra sağçı liderlər Vaşinqtonla yaxın münasibətləri qorumağa çalışsalar da, bunu əvvəlki kimi nümayişkaranə şəkildə etmirlər.

Yeni tendensiyanın diqqətçəkən nümunələrindən biri İtaliyadır. Corcia Meloni uzun müddət Trampın Avropadakı ən yaxın siyasi tərəfdaşlarından biri kimi təqdim olunurdu. O, Trampın yenidən hakimiyyətə qayıdışını ilk alqışlayan Avropa liderlərindəndir. Lakin son aylar tərəflər arasında yaranan gərginlik göstərdi ki, siyasi yaxınlıq hər zaman qarşılıqlı fayda gətirmir. Trampın Meloninin populyarlığı barədə səsləndirdiyi tənqidi fikirlər və İtaliya hökumətinin ABŞ-ın hərbi təşəbbüslərinə tam dəstək verməkdən yayınması münasibətlərdəki məsafəni ortaya qoydu.

Oxşar proses Fransada da müşahidə olunur. Ölkənin ifrat sağ düşərgəsinin əsas simalarından biri hesab edilən Cordan Bardella artıq Trampın siyasi himayəsini risk kimi qiymətləndirir. Fransa cəmiyyətində ABŞ prezidentinə münasibətin kifayət qədər mənfi olması Milli Birliyin qarşısında yeni vəzifə qoyub. Yəni partiya artıq radikal elektoratla yanaşı, həm də mərkəz-sağ seçiciləri qazanmağa çalışır. Bu şəraitdə Trampla həddindən artıq yaxınlıq siyasi yükə çevrilə bilər.

Almaniyada da oxşar mənzərə formalaşıb. AfD partiyası uzun müddət Trampın siyasi xəttinə simpatiya ilə yanaşsa da, son beynəlxalq hadisələr və Yaxın Şərqdəki gərginlik bu münasibətə yenidən baxılmasına səbəb olub. Partiya daxilində ABŞ-la nümayişkaranə yaxınlığın seçki kampaniyalarına mənfi təsir göstərə biləcəyi barədə fikirlər güclənməkdədir.

Əslində, yaranmış vəziyyət Vaşinqton üçün də müəyyən paradoks yaradır. ABŞ administrasiyası son illərdə Avropadakı millətçi və mühafizəkar qüvvələrlə əlaqələri genişləndirməyə çalışıb. Məqsəd qitədə özünə daha yaxın ideoloji tərəfdaşlar formalaşdırmaq idi. Lakin bu gün həmin qüvvələrin bir hissəsi hesab edir ki, Trampa həddindən artıq yaxın görünmək onlara əlavə səs qazandırmaq əvəzinə seçki şanslarını zəiflədə bilər. Bu halda Vaşinqtonun dəstəkləməyə çalışdığı siyasi qüvvələr getdikcə daha ehtiyatlı davranmağa başlayırlar.

Təhlükəsizlik asılılığı

Hər halda bütün Avropa sağının eyni mövqe tutduğunu söyləmək doğru olmaz. Polşa fərqli nümunə kimi diqqət çəkir. Rəsmi Varşava ABŞ-ı hələ də təhlükəsizlik zəmanətinin əsas dayaqlarından biri sayır. Rusiya ilə bağlı təhlükəsizlik narahatlıqları və Amerika hərbi mövcudluğuna müsbət münasibət Polşanın sağçı siyasi qüvvələrinə Trampla əlaqələri qorumaq üçün əlavə imkan verir. Sağçı populist Hüquq və Ədalət Partiyası Trampla əlaqələrini inkişaf etdirir. Gələn il parlament seçkilərinə hazırlaşan Polşa ABŞ-ın yaxın siyasi və hərbi müttəfiqi olmaqla yanaşı, sürətlə böyüyən ordusu üçün Amerika silahının Avropadakı ən böyük alıcılarından biridir.

Maraqlıdır ki, Hüquq və Ədalət Partiyasının dəstəklədiyi prezident Karol Navrotski ölkənin ən güclü siyasi vəzifəsini tutan baş nazir Donald Tuska qarşı mübarizədə Tramp ilə əlaqələrindən faydalanmağa çalışır. Hüquq və Ədalət Partiyası üçün Donald Trampla yaxşı münasibətlər saxlamaq riskdən daha çox fayda gətirir. Bu əlaqələr daxili siyasətdə partiyaya üstünlük qazandırır, çünki hazırda Ağ Evə birbaşa çıxışı olan yeganə polyak siyasətçi məhz ölkə prezidentidir. Hətta ötən həftə Varşavada keçirilən mətbuat konfransında partiya lideri Yaroslav Kaçinski Navrotskinin Amerika prezidenti ilə münasibətlərini tərifləyib və Polşada daimi ABŞ hərbi bazasının yaradılması təşəbbüsünün uğur qazandığını bildirib. Polyakların əksəriyyəti hələ də hesab edir ki, onların təhlükəsizliyinin əsas təminatı Polşadakı Amerika əsgərlərinin mövcudluğudur.

Lakin ümumi mənzərə dəyişməz olaraq qalır. Donald Tramp Avropanın sağçı hərəkatları üçün əvvəlki qədər faydalı siyasi brend deyil. 2027-ci ildə Avropanın əsas ölkələrində keçiriləcək seçkilər yaxınlaşdıqca sağçı liderlər üçün əsas sual siyasi məsafənin nə qədər sərfəli olacağıdır. Görünən odur ki, Avropanın yeni sağçı nəsli Trampın kölgəsində gizlənmək əvəzinə, ondan müəyyən qədər uzaq dayanaraq hakimiyyət uğrunda mübarizə aparmağa üstünlük verir.

Xüsusi rəy

“Cluster17” sorğu mərkəzinin rəhbəri Jan-İv Dormajen “Politico”ya açıqlamasında qeyd edib ki, Tramp Aİ liderləri üçün ciddi problemə çevrilib. Onun sözlərin görə, sağçı seçicilər arasında Trampa münasibət birmənalı deyil: “Bunu son sorğular da təsdiqləyir. “Cluster17”nin Avropa İttifaqının yeddi ölkəsində apardığı araşdırma göstərir ki, sağçı seçicilər Trampa ümumi əhali ilə müqayisədə daha müsbət yanaşsalar da, onların yalnız kiçik bir hissəsi onu “Avropanın dostu” kimi görür. Məsələn, Fransada Cordan Bardellanın “Milli Birlik” Partiyasının seçicilərinin cəmi 18 faizi, İtaliyada Corcia Meloninin “İtaliya Qardaşları” partiyasının tərəfdarlarının 23 faizi, Almaniyada isə AfD seçicilərinin 25 faizi bu fikirlə razıdır”.

Dormajen, həmçinin əlavə edib: “Bu ay keçirilən başqa bir sorğu isə daha maraqlı mənzərəni ortaya qoyub. Almaniyanın AfD seçicilərinin yalnız 31 faizi, Fransadakı Milli Birlik tərəfdarlarının isə 36 faizi ABŞ-ı etibarlı müttəfiq hesab edir. Bu da onu göstərir ki, Trampın Avropadakı sağçı elektorat arasında nüfuzu əvvəlki illərlə müqayisədə xeyli zəifləyib”.

Nəzrin ELDARQIZI
XQ



Siyasət