ABŞ ermənipərəstliyinin Şerman sifət(sizliy)i

post-img

Birləşmiş Ştatlar Konqresində anti-Azərbaycan təmayül

İyunun 23-də Vaşinqton vaxtı ilə saat 17.00-da, Bakı vaxtı ilə isə iyunun 24-də saat 01.00-da ABŞ Konqresində Birləşmiş Ştatlardakı Amerika Erməni Milli Komitəsinin (ANCA) təşəbbüsü ilə mətbuat konfransı keçiriləcək. Tədbir “Azərbaycandakı erməni əsirlərin” məhbus həyatının 1000-ci gününə həsr olunacaq.

İstər-istəməz, yada bir atalar sözümüz düşür: utanmasan, oynamağa nə var? Hərçənd, həm ANCA-nın, həm də ABŞ-dakı hay təəssübkeşlərinin işi utanmaqdan keçib. Söhbət Konqresin Erməni məsələləri üzrə qrupunun həmsədri Bred Şermandan, konqresmenlər Tom Makklintok, Judi Çu və Laura Fredman kimilərindən gedir. Bilavasitə Şermana gəldikdə, onun hay təəssübü həm  utanmazlıqdır, həm də bütün həyasızlıq normalarını aşıb. Əlbəttə, stajlı ermənipərəstin mənəvi deqredasiyasında başlıca rolu ANCA-nın pulları oynayır.

Əlqərəz, diqqətçəkən məqam mətbuat konfransının ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin ermənipərəst qanunvericilik təşəbbüsünü müzakirəyə hazırladığı bir vaxtda keçirilməsidir. Xatırladaq ki, B.Şerman sözügedən komitənin bu ayın əvvəlindəki iclasında “Azərbaycandan bütün erməni əsirlərin dərhal azad edilməsini” tələb etmək məsələsini ortaya atıb. O, çıxışı zamanı ölkəmizdəki siyasi məhbusların sərbəst buraxılmalarından da dəm vurub.

Xatırladaq ki, iyunun ilk ongünlüyündə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “Diplomatik Xidmət haqqında” Qanunun müzakirəsi aparılmışdı. Təsəvvür edin, bir ölkənin qanununa başqa ölkədən tələb irəli sürməklə bağlı düzəliş istənilir. Əlbəttə, belə bir absurd yalnız Şermanın ağlına gələ bilər. Amma duruma təəccüblənmirik. Çünki Birləşmiş Ştatlarda anormallıqlar adiləşib. Üstəlik, erməni təəssübünə əsaslanmış anormallıqların, əndazəsiz davranışların sayı-hesabı itib...

Deməli, B.Şerman Azərbaycanın hərbi əməliyyatları nəticəsində “ermənilərin iki min il yaşadıqlarını iddia etdikləri Qarabağda 100 min nəfərlik əhalinin etnik təmizləmə ilə üzləşməsi reallığından” danışmışdı. Bir bölgədə 2 min il yaşayasan, sayın cəmi 100 min olsun. Heç bir məntiqə sığmır. Amma nə etmək olar ki, məntiq və abır-həya şermanlara tamamilə yaddır.

Onu da bildirək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı Brayn Mast B.Şermanın “Diplomatik xidmət haqqında” Qanuna təklif etdiyi bədnam düzəlişi dəstəkləyib. Əgər qurumun qarşıdakı səsverməsi zamanı düzəliş qəbul olunsa, qanun layihəsi Nümayəndələr Palatasının müzakirəsinə çıxarılacaq. Mətbuat konfransı isə bu “ssenari” üçün dəstək məqsədi daşıyır. Daha böyük məqsəd barədə isə sonda söz açacağıq.

Hələlik onu bildirək ki, ABŞ Konqresində keçiriləcək mətbuat konfransında, həmçinin 2027-ci maliyyə ili üçün ABŞ-ın “Milli Müdafiə Səlahiyyətləri Aktı”, eləcə də “Milli Təhlükəsizlik və Xarici Əməliyyatların Maliyyələşdirilməsi Aktı” çərçivəsində irəli sürülmüş digər qanunvericilik təşəbbüsləri də gündəmə gətiriləcək. Yəni şermanların ermənipərəstliyi yalnız “Diplomatik xidmət haqqında” Qanunla məhdudlaşmır. Deməli, mətbuat konfransı həm də ABŞ-ın qanunvericilik sistemində Azərbaycana təzyiq ritorikasının rəsmiləşdirilməsi naminə lobbiçilik fəaliyyətidir.

Yeri gəlmişkən, adlarını çəkdiyimiz iki akt çərçivəsində irəli sürülmüş təşəbbüslərin məqsədi Azərbaycan üzərində siyasi təzyiqi və Ermənistanın təhlükəsizliyinə Vaşinqtonun dəstəyini artırmaqdan ibarətdir. Mövcud xüsusda söhbət, konkret olaraq, erməni məhbusların azad edilmələri ilə yanaşı, ölkəmizə hərbi yardımın məhdudlaşdırılmasından, rəsmi Bakının davranışına dair Pentaqon üzərinə hesabatlar təqdim etmək öhdəliyinin qoyulmasından, Ermənistan üçün əlavə təhlükəsizlik yardımının göstərilməsindən, İrəvanın hərbi məqsədlər naminə maliyyələşdirilməsindən, Qarabağ ermənilərinin geri qayıdışı və onların mədəni irsinin qorunması kimi tələblərdən gedir. Bundan başqa, Birləşmiş Ştatlar qanunvericiliyinə düzəlişlərdə Qarabağdan köçmüş ermənilərin geri qayıtmaq hüququnun tanınması, “erməni dini və mədəni abidələrinin qorunması” ilə bağlı hesabat və monitorinq mexanizmlərinin yaradılması təklif edilir.

Sonda ümumiləşdirmə apararaq deyək ki, ABŞ-dakı ermənipərəstlər Azərbaycana qarşı məkrli planlar hazırlayırlar və keçirilməsi nəzərdə tutulan mətbuat konfransı, eyni zamanda, bu planların gerçəkləşməsinə mənəvi dəstək mahiyyəti daşımaqdadır. Əvvəldə anonsunu etdiyimiz başlıca məqsədə gəldikdə, onu da bildirək ki, dünyanın bir çox bölgələrində Cənubi Qafqazda sülhün qərarlaşmasını istəməyən qüvvələr var. Onlar hər vəchlə azərbaycanlılarla ermənilər arasında barış mühitinin mümkünsüzlüyünü əsaslandırmağa çalışır və düşüncələrini sübuta yetirmək üçün ən müxtəlif üsullara baş vururlar. Şerman və dostları da belələrinin sırasında yer alır, Azərbaycanın qəddar simasını canlandırmağa çalışırlar.

Əlbəttə, şermanların nəyi necə bildirmələrindən, eləcə də ABŞ Konqresinin Nümayəndələr Palatasının bir komitəsində çıxarılan siyasi oyunbazlıqdan asılı olmayaraq, Bakıda məhbus həyatı yaşayan müharibə cinayətkarı ermənilərin sərbəst buraxılmaları qeyri-mümkündür. Digər tərəfdən, ölkəmizi təzyiqlərlə nəyəsə məcbur etməyin səmərəsizliyi dəfələrlə sübuta yetirilib. Bütün bunlar öz yerində.

Başlıca məqam odur ki, hazırda Azərbaycan-Ermənistan sülhü, kifayət qədər, həssas mərhələdən keçir. O mərhələdən ki, ani ehtiyatsızlıq həm də ABŞ-ın böyük regional barış təşəbbüsünün iflası ilə nəticələnə bilər. Güman edirik, bu məqamı Birləşmiş Ştatlarda nəzərə alacaq, ANCA-nın, habelə hay millətçiliyi üzərində formalaşmış digər erməni lobbi və diaspor təşkilatlarının B.Şerman kimi pul düşkünü həyasızlardan yararlanmaları tendensiyasına son qoyulacaq. Nəzərə alaq ki, şermanların mövcudluğu ABŞ-ın nəinki qanunvericilik sistemi, ümumən, ölkənin ictimai-siyasi mühiti üçün böyük rüsvayçılıqdır.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət